Haqlı və qüdrətli Azərbaycan
Siyasət

Haqlı və qüdrətli Azərbaycan

Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi istiqamətində Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Çünki dövlət başçısı, eyni zamanda qlobal səviyyədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əməli işlər görür. Bu, beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Mövcud problemlərin həlli üçün aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir.

Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir. Ölkə qarşısında duran bütün vəzifələrin həlli üçün həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var. Şanlı Qələbəmiz Azərbaycanın qarşısında postmüharibə dövründə yeni vəzifələr qoyur. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ölkəmizin gücünü göstərməklə inkişaf və tərəqqidə yeni mərhələnin başlanğıcı oldu. Hazırda işğaldan azad edilmiş regionlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Bu, eyni zamanda Böyük Qayıdışın sürətlənməsinə xidmət edir.

Böyük ölkələrin beynəlxalq hüquq normalarını pozduğunu qeyd edən dövlət başçısı deyib: "Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır". Prezident vurğulayıb ki, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, o qədər də ayrılır.

Dövlətimizin başçısı bu reallığı da diqqətə çatdırır ki, beynəlxalq hüquq normalarının arxa plana keçdiyi dünyada güc əsas amilə çevrilib. Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Son danışıqlar və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, sülh anlaşmasına daha da yaxınlaşaq. Qarşı tərəf də buna hazır olmalı, sözdə ifadə etdiyi razılaşmanı rəsmi sənədlərdə təsdiq etməlidir.

Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra hər birimizin arzusunun ifadəsi idi. Çünki yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Ən böyük reallıq Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və cənab Prezidentin təbirincə desək, tarixin zibilliyinə atılmasıdır. Bugünkü Azərbaycan isə sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. 2023-cü ilin 19-20 sentyabr lokal xarakterli anti-terror tədbirlərinə qədər gedilən yol məqsədyönlüdür. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərin son nidası idi. Cənab Prezidentin sözləri ilə desək, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Ölkə başçısı bu ədaləti, eyni zamanda beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etdi. Məhz buna görə də Zəfərimizin əhəmiyyəti daha önəmlidir.

Azərbaycan ərazi bütövlüyü və suverenliyini, eləcə də beynəlxalq hüququ məhz öz gücü hesabına, mülki əhaliyə ziyan vermədən, yüksək dəqiqlik və peşəkarlıqla bərpa etdi. Prezident İlham Əliyev oktyabrın 15-də - ilk dəfə Prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə xalqı qarşısında verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirmiş qətiyyətli lider kimi Xankəndi şəhərinin mərkəzində üçrəngli Azərbaycan bayrağını qaldırdı. Xankəndidə bayrağın dalğalanması ədalətin tam bərpası və Zəfərimizin son nöqtəsi oldu. Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın ucalması xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı. Hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün davamlı işlər görməliyik və görürük. Hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa-quruculuq işləri geniş vüsət alıb. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.

Hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə ölkədə milli həmrəyliyin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Bütün bunlar haqlı olaraq xalqımızı bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin, eyni zamanda birliyimizin rəmzidir. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik strateji kursu sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir. Həm regionda, həm də dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfələr verir, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr məharətlə neytrallaşdırılır. Eyni zamanda respublikamızın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Xüsusilə də yeni reallıqların dünyada qəbul edilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür. Hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar, çağırışlar meydana çıxır. Bu, bölgədə bütün dövlətlər üçün faydalı və perspektivlidir.

Mustafa KAMAL,

"Respublika".