Laçın: yeni istehsal müəssisələri açılır
Region

Laçın: yeni istehsal müəssisələri açılır

Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları daha da genişlənir, beynəlxalq arenadakı mövqeləri möhkəmlənir, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıdışı təmin edilir, onların məşğulluğu üçün önəmli tədbirlər həyata keçirilir. Dostlara güvən, düşmənlərə göz dağı olan tarixi nailiyyəti və işğalçı üzərində şanlı qələbəmizi həzm edə bilməyən, gücü yalnız böhtan atmağa çatan Qərbin bəzi yala hürən siyasiləri ilahi ədalətin bərpa edilməsinə dözə bilmir, şərti sərhəddə nisbi sakitliyi pozmaq, aranı qarışdırmaq istəyirlər. Əbəs yerə özlərini yormasınlar, ermənidən çox ermənilik etməsinlər.

Bu gün regionda reallaşdırılan bütün beynəlxalq və irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyada etibarlı tərəfdaş kimi tanınırıq. Eyni zamanda dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər üç ildən artıqdır ki, ardıcıllıqla, tükənməz həvəslə, yüksək əzmlə yerinə yetirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri həm revanşist ermənilərə, həm də ermənipərəst qüvvələrə, yeni münaqişə ocağı körükləmək istəyənlərə açıq və birmənalı mesajdır ki, bu torpaqların əsl sahibi azərbaycanlılardır, onların iradəsindən kənar heç bir yanaşma və müdaxilə mümkün olmayacaq.

İşğalın ağır illərindən sonra dağların qoynunda yerləşən Laçın şəhərində sürətli və çevik quruculuq işlərinə başlanıldı və heç bir il keçməmiş şəhər yenidən quruldu, burada modern şəhər təsərrüfatı yaradıldı. Müasir, milli memarlıq üslubunda tikilən evlər bu qədim diyarın gələcəyinin aydın üfüqlərini əks etdirir. Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın Ermənistanın işğalı altında 30 il davam edən vandalizmdən sonra sözün həqiqi mənasında yeni intibah və inkişaf mərhələsinə qədəm qoyur. Şəhərsalmanın inkişaf konsepsiyalarının bütün yeni elementləri Laçında tətbiq edilir desək, heç də yanılmarıq. Gözlərimiz qarşısında möhtəşəm bir mənzərə açılır, qolboyun dağların ətəkləri gecələr nura boyanır, sıldırım qayaların yaxasından asılan şəlalələr, Həkəri çayının ruh oxşayan zümzüməsi, tariximizin alt qatlarını yaşadan abidələr Laçında sehrli bir harmoniya yaradır, müsafirlərinə qucaq açır. Mühüm dövlət sənədinə uyğun olaraq Laçın həm də aqrar-sənaye mərkəzinə çevrilir. Belə ki, 2021-ci il iyulun 7-də imzalanmış tarixi sənəd - "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü" haqqında Prezidentin Fərmanı Vətən müharibəsinin əsas iqtisadi və siyasi nəticələrindən birinə çevrildi. Bu fərmanla Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan yaylanın şərq hissəsində, Ermənistanla sərhəddə yerləşən və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmuş və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlara malik Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirildi. Tarixi haqsızlıq aradan qaldırıldı, ilahi ədalət bərqərar oldu. Laçına, Zabux və Sus kəndlərinə Böyük Qayıdış uğurla davam etdirilir. İndiyədək Laçın şəhərində 433 ailə (1635 nəfər) daimi məskunlaşıb və "Böyük Qayıdış" proqramı çərçivəsində 439 nəfərin məşğulluğu təmin olunub.

Yuxarıda qeyd etdiyimiz kimi, Laçında yeni müəssisələrin yaradılmasında innovativ texnologiyaların və avtomatlaşdırılmış istehsal sahələrinin tətbiq olunması diqqətdə saxlanılır. Müasir texnoloji avadanlıqlarla təchiz olunan müəssisələrdən biri də kəsimxana istehsal sahəsidir. Ötən ilin oktyabr ayından fəaliyyət göstərən kəsimxanada bu günə qədər 2 tondan çox ət satışı aparılıb. Zerti Aqro-Sənaye kompleksində yaradılan fəaliyyət növlərindən biri də əhalinin ətlə təminatına xidmət edir. Müəssisədə Türkiyənin qabaqcıl "Cantek" şirkətində istehsal olunan avadanlıqlar quraşdırılıb və il ərzində burada 12 min baş xırdabuynuzlu heyvanın əti istehsal ediləcək. Ümumilikdə, 5 konteynerdən ibarət olan müəssisənin sahəsi 200 kvadratmetrdən çoxdur. Konteynerlərdən 3-də kəsim işləri yerinə yetirilir, digər 2 konteyner isə saxlama kamerasından ibarətdir. Burada kəsilən heyvanlar bazarlardan və Laçında olan fermalardan alınır. Müəssisənin heyvan təminatını həyata keçirmək üçün ferma qurulması da nəzərdə tutulur. Kəsimxanada sanitariya və gigiyena qaydalarına ciddi riayət olunur. Hazırda müəssisədə 22 nəfər çalışır ki, onların 20 nəfəri Laçın sakinləridir. Azad ediləndən sonra Laçına bir neçə dəfə səfər edən Prezident İlham Əliyev ötən ilin ortalarında Qorçu və Şəlvə kəndlərinin təməl daşını qoyub və aidiyyəti dövlət qurumlarına Laçına qayıdacaq sakinlərin sosial durumunun yaxşılaşdırılmasına dair Dövlət Proqramına əsasən iş yerlərinin açılması ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, Laçına qayıdan sakinlərin iş yerləri ilə bağlı heç bir problemi yoxdur. Laçında yaradılan aqroparkda sənaye və istehsalat müəssisələri fəaliyyət göstərir və sakinlərin işlə təmin olunması üçün iri və xırda müəssisələr açılır.

Salman ALIOĞLU,

"Respublika".