LƏNKƏRAN: “ZƏFƏR CARÇILARI
Region

LƏNKƏRAN: “ZƏFƏR CARÇILARI" ADLI SƏNƏDLİ FİLMİN TƏQDİMATI

"Zəfər carçıları" filmi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Lənkəranın igid, mərd, qəhrəman övladlarına həsr edilib.

"Şəhidlərimiz and yerimizdir" layihəsi çərçivəsində ərsəyə gələn film üç istiqamət üzrə səhnələşdirilib. Filmdə Lənkəranın tarixinə, lənkəranlı gənclərin Vətən müharibəsində qəhrəmanlıqlarına, multikultural dəyərlərin qorunub saxlanılmasına, müxtəlif xalqların nümayəndələrinin "Dəmir Yumruq" ətrafında sıx birləşərək əsl vətənpərvərlər kimi əzəli ata-baba torpaqlarımızın azad edilməsində roluna xüsusi diqqət çəkilib. Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran şəhərinin Böyük Bazar Cümə Məscidi dini icmasının təşkilatçılığı ilə film tamaşaçılara təqdim edilib.

Vətənimizin azadlığı, suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban verən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 44 dəqiqəlik film böyük maraqla izlənilib. Qarabağ müharibəsində şəhid olan lənkəranlı igidlərin hər birimiz üçün qürur və iftixar mənbəyi olduğu, xatirələrinin ürəklərdə əbədi yaşayacağı vurğulanıb.

Təqdimat mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".