LERİKİN İNVESTİSİYA İMKANLARI: MÖVCUD POTENSİAL VƏ PERSPEKTİVLƏR
Region

LERİKİN İNVESTİSİYA İMKANLARI: MÖVCUD POTENSİAL VƏ PERSPEKTİVLƏR

Lerik ucqar dağ rayonudur. Mürəkkəb relyefə, sərt iqlimə malikdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələr rayonda uğurla icra olunur. İqtisadiyyatın bütün sahələri üzrə mövcud vəziyyət, imkan və perspektivlər rayon rəhbərliyi tərəfindən müntəzəm öyrənilir, yeni vəzifələrin icrası istiqamətində uğurlu addımlar atılır.

 Bu günlərdə "Relax" istirahət mərkəzində Lerik Rayon İcra Hakimiyyətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Lerik rayonunun investisiya imkanları: mövcud potensial və perspektivlər" mövzusunda forum keçirildi. Tədbirdə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri və yerli sahibkarlar iştirak edirdi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov forum iştirakçılarını salamlayıb biznes fəaliyyəti üçün dövlət dəstəyi mexanizmləri, regionun investisiya imkanları, rayonda sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə söhbət açdı. Bildirdi ki, Lerikdə ilk dəfədir ki, belə bir tədbir keçirilir. Bu cür tədbirlərin sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, ucqar rayonun sosial-iqtisadi inkişafına stimul verəcəyini vurğuladı.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında regionların rolunun əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırdı. Sahibkarlığın inkişafı, yeni biznes subyektlərinin yaradılması və inkişafına, özünüməşğulluğun təmin edilməsinə Agentlik tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə danışdı. Qeyd olundu ki, sahibkarlıq fəaliyyətinə başlamaq və öz biznesini inkişaf etdirmək, KOBİA-nın xidmətlərindən yararlanmaq istəyənlər ölkəmizin 40-dan çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostu ofislərinə, KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər. 

Tədbirdə Milli Məclisin üzvü İqbal Məmmədov uğurla həyata keçirilən inkişaf strategiyası nəticəsində regionlarda inkişaf və tərəqqinin təmin olunduğunu söylədi, regionların investisiya potensialının reallaşdırılması tədbirləri barədə fikirlərini bölüşdü.

Forum çərçivəsində KOBİA-nın, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Vergi Xidmətinin, Baş Məşğulluq Xidmətinin, Sahibkarlığa Kömək Milli Fondunun, Turizm Agentliyinin nümayəndələri Lerik rayonunun investisiya imkanları, mövcud potensial və perspektivlərlə bağlı təqdimatlarla çıxış edərək sahibkarları məlumatlandırdılar.

"Mətanət A" şirkətinin müşahidə şurasının sədri, iş adamı Elxan Bəşirov diqqəti sahibkarların üzləşdiyi problemlərə yönəldərək bildirdi ki, rayonun Zuvand ərazisində su problemi mövcuddur. Kartofçuluq və meyvəçiliklə məşğul olan fermerlər su sarıdan əziyyət çəkirlər. Zuvandda su bəndi tikməklə problemi həll etmək olar. Bir vaxtlar Lerikdə istehsal olunan "Bülüdül", "Zərinqala", "Xansu" və digər mineral tərkibli sular təkcə regionda deyil, paytaxt Bakı və digər şəhərlərdə süfrələri bəzəyir, Lerikin brendinə çevrilmişdi. Dağlar diyarında şəfa mənbəyi olan bulaqlar çoxdur, həmin bulaq sularını qablaşdırıb ölkənin daxili bazarlarına çıxarsaq, xeyli vəsait əldə etmək mümkündür, -deyə Elxan Bəşirov bildirdi.

Sahibkar Babək Hüseynov dağlıq şəraitdə heyvandarlığın, xüsusən qoyunçuluğun inkişafından, rentabelliyindən danışdı. Qoyunçuluqla məşğul olan fermerlərin yaylaq və qışlaq problemlərinin illərlə öz həllini gözlədiyini diqqətə çatdırdı. İqtisadçı-alim Arzuman Muradlı Lerikin iqtisadi potensialının, yeraltı və yerüstü sərvətlərinin elmi əsaslarla öyrənilməsinin vacibliyini vurğuladı.

Sahibkarlardan Mahir Əhmədzadə, Cavid Məmmədov, Ehtiram Miriyev, Əsgər Qurbanov və başqaları keçirilən tədbirin əhəmiyyətindən, rayonun turizm potensialından, sahibkarlıq subyektlərinin yaradılmasında mövcud çətinliklərdən, problemlərdən danışdılar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".