Liderliyin uca zirvəsi
Siyasət

Liderliyin uca zirvəsi

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, milyonlarla dünya azərbaycanlılarının qürur yeri, sağlığında əfsanəyə çevrilən, həyatının hər bir məqamı örnək olan Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək mümkünsüzdür. Ümummilli Liderin fəaliyyətinin hər bir sahəsi bir tədqiqat mövzusudur. İllər keçdikcə Onun canından artıq sevdiyi dövləti, xalqı üçün gördüyü işlərin miqyasının genişliyi, mahiyyəti daha dərindən dərk olunur, öyrənilir, indiki və gələcək nəsillərə çatdırılır.

Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanı hər zaman zirvələrə aparır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin Azərbaycanın müstəqillik tarixinə yazdığı parlaq səhifələrin hər birinin vərəqlənməsində, bu günümüz üçün Ulu Öndərə borclu olduğumuzu daha dərindən dərk etməyimizdə əhəmiyyətli rol oynayır.

Dahi şəxsiyyətin respublikamıza rəhbərliyinin hər iki dövrünə nəzər salaraq Ümummilli Liderin böyük azərbaycanlı olduğunu qürur hissi ilə qeyd edirik. O, azərbaycançılıq ideologiyasının inkişafına, təbliğinə xüsusi önəm verməklə hər zaman belə bir arzu ilə yaşamış, bu istiqamətdə addımlar atmışdır ki, Azərbaycan ancaq və ancaq zirvələrdə olmalıdır.

1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi tənəzzül dövrünü yaşayırdı. Həmin vaxtdan Azərbaycanda həyatın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı dövrü başlanmışdı. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra isə özünün zəngin dövlətçilik təcrübəsinə, xalqın dəstəyinə arxalanaraq Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, canından artıq sevdiyi xalqını yenidən vahid bir məfkurə - azərbaycançılıq ətrafında birləşdirdi, hər bir azərbaycanlının qəlbində sabaha inam hissini yaratmağı bacardı. Bütün bunların sayəsində Ulu Öndər Azərbaycanın bu günü və gələcəyi naminə gördüyü misilsiz işlərlə Liderliyin ən uca zirvəsinə yüksəldi.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol əslində Ulu Öndərin respublikamızda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən başlanmışdır. O illərdə dahi rəhbərin böyük uzaqgörənliklə atdığı addımlardan biri gənclərin gələcəyin müstəqil ölkəsi üçün lazımi ixtisaslara yiyələnmələri məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilməsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Xalqımızın milli varlığının təsdiqi olan Azərbaycan dilinin qorunması və inkişafına diqqət Ümummilli Liderin birinci hakimiyyəti dövründə də xüsusi olaraq gündəmdə saxlanılmışdır. Məhz dahi şəxsiyyətin yenilməz siyasi iradəsi və qətiyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilini respublika ərazisində dövlət dili kimi təsbit edən maddə yer aldı.

Bu məqamda dahi şəxsiyyətin Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını da qeyd etməliyik. Həmin dövrün qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.

Azərbaycanın 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etməsinə baxmayaraq müstəqilliyimizin ilk illəri çağdaş tariximizə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın işğalı dövrü kimi yazılıb. Bu reallıq inkaredilməzdir ki, əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq belə mümkün deyildi. Xalq ən çətin məqamda üzünü Naxçıvana - xilaskarı Ümummilli Liderə tutdu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan bütün çətinlikləri arxada qoyaraq inkişaf, tərəqqi dövrünü yaşadı. Ölkəmizdə yaradılan sabitlik, normal iqtisadi mühit iqtisadi əlaqələrin qurulmasında əhəmiyyətli rol oynadı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə əmin deyildilər. Lakin 1993-cü ildə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlar ikitərəfli əlaqələrin daha da dərinləşməsində öz sözünü dedi. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında əhəmiyyətli rol oynadı. Bu mühüm addım elə həmin ilin 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin imzalanmasını şərtləndirdi. Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bu reallığı qeyd edirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, beynəlxalq arenada etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələrindən olan, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi istiqamətində addımlar atıldı. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Onun böyük uzaqgörənliklə 1999-cu ildə yaratdığı Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilk gündən etibarən neft gəlirlərinin xərclənməsində şəffaflığı yüksək səviyyədə təmin edir.

Ümummilli Lider bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Məhz müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunun olmamasının nəticəsi idi ki, torpaqlarımız işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Orduda fərarilik baş alıb gedirdi. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi.

Əvvəldə də qeyd etdiyimiz kimi, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası olduqca genişdir. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciəti bu xidmətlərin davamlılığını təmin etdi. Bugünkü uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. 2003-cü ildən başlanan böyük yolun davamı Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Son 20 ilə qədər dövrün reallıqları Ümummilli Liderin 2003-cü ildə xalqa müraciətində əksini tapan inamın və etimadın təsdiqidir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. 2003-cü ildən bu günədək atdığı hər bir addımı ilə bu siyasətə sadiqliyini təsdiqləyən dövlət başçısı İlham Əliyevin Prezidentliyi dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilir. Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atdı. Tarixi Zəfərimiz görülən işlərin, Azərbaycanın gücünün, qüdrətinin təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan Ordumuz nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Bu möhtəşəm Qələbəmiz ermənilərin uzun illər ərzində yaratdıqları mifləri dağıtdı. Dünya bir daha gördü ki, güclü, qüdrətli ordu Azərbaycan Ordusudur. Yenilməz, məğrur, qurucu xalq Azərbaycan xalqıdır. Prezident İlham Əliyev adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla ümummilli liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Bundan keçirdiyi xoşbəxtlik hissini Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi gün xalqımıza müraciətində belə ifadə etmişdir: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Artıq üç ilə yaxındır ki, azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara səfərləri tarixi hadisə kimi dəyərləndirilir. Möhtərəm Prezidentimiz bu məkanlardan Ermənistana və işğalçının havadarlarına daim bu mesajı ünvanlayır: "Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu".

Tezliklə Böyük Qayıdış proqramının icrası uğurla başa çatacaq. 30 illik həsrətdən sonra doğma yurd-yuvalarına qayıdan soydaşlarımız bu torpaqlara yeni nəfəs verəcək. Azərbaycanın hər bir bölgəsi özünəməxsus potensiala malikdir. Bunlardan səmərəli istifadə ölkəmizin qarşısında yeni imkanlar yaradacaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, biz istədiyimizə hər zaman nail oluruq.

Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Azərbaycanın hər bir uğurunda öz payı olan, ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirərək yeni hədəflərini açıqladı. Partiyanın "Biz birlikdə güclüyük!" devizini özündə ehtiva edən yeni Proqramında qarşıdakı dövrün prioritetləri öz əksini tapıb. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın gələcəyinə inamını belə ifadə edir ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Etibar HACIYEV,

YAP Ağstafa rayon təşkilatının

sədri.