Lokal antiterror tədbirləri cinayətkarları təşvişə saldı
Digər xəbərlər

Lokal antiterror tədbirləri cinayətkarları təşvişə saldı

Sentyabrın 21-də Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin dəvəti ilə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş baş tutdu. Mərkəzi hakimiyyəti təmsil edən nümayəndələrin bu cür dialoqları keçirməsi gələcəklə bağlı gözləntilərimizi artırır. Dövlət başçısının görüşdən bir gün öncə xalqa müraciətində də Qarabağdakı erməni sakinlərlə bağlı bir sıra məsələlər diqqətə çatdırıldı. Prezident İlham Əliyev qeyd etdi ki, vəziyyətin yaxşılığa doğru dəyişəcəyindən əmindir. Ölkəmizin başçısı, həmçinin Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşı olduğunu vurğulayaraq onlar üçün yeni tarixi şansın yaradıldığını diqqətə çatdırdı: "Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir".

Prezident İlham Əliyev çıxışı zamanı düşmən tapdağından azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə toxunaraq sosial proqramların Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda və digər kəndlərdə də həyata keçiriləcəyini vurğulayıb. Bu isə Prezidentimiz tərəfindən Qarabağın erməni sakinlərinə Azərbaycana inteqrasiya üçün göstərdiyi yol kimi qiymətləndirilə bilər. Bir məqamı da qeyd etmək lazımdır ki, prosesə kölgə salmaq istəyən qüvvələr sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün Ermənistana təzyiq göstərirdilər ki, bu da münasibətlərin normallaşmasına xələl gətirirdi. Ermənistanın tarix boyu türkləri, azərbaycanlıları düşmən bilməsi də onların başına bəla olub. Qərbi azərbaycanlıların öz doğma yurdlarından qovulması, eləcə də Qarabağ və ətraf rayonların 30 ildən çox işğal altında saxlanılması, törədilən cinayətlər, soyqırımları məhz qondarma rejimin yanlış düşüncəsindən qaynaqlanır.

Şübhəsiz, Azərbaycan insanlığa sığmayan ağır cinayətlərdə iştirak etməyən erməni sakinlərinə sahib çıxacaq. Bu isə birbaşa ölkəmizin dünyaya örnək humanizm prinsipinə sadiqliyinin göstəricisidir. Reinteqrasiya baş tutduqdan sonra Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan qanunlar Qarabağın erməni əhalisinə də şamil ediləcək.

Qanlı müharibələrdə, silahlı toqquşmalarda xeyli sayda dinc əhali, günahsız mülki şəxslər, qadınlar, qocalar, uşaqlar həyatını itirir. Bu baxımdan, belə qətliamların törədilməsində əli olanların cəzalandırılması vacibdir. Belə ki, cinayətlərdə əli olan şəxslər məhkəmə qarşısına çıxarılaraq mühakimə olunur, onların cinayətinə müvafiq cəza kəsilir. Məsələn, 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək Almaniyanın Münhen şəhərində məhkəmə qurulub. Cinayətkarlar Almaniya vətəndaşları olduqlarına görə Beynəlxalq Hərbi Tribunal da burada təşkil olunub. Belə prosesin keçirilməsi bir növ faşizmə dərs kimi qiymətləndirilir. Müharibədə iştirak edərək insanlığa qarşı törədilən cinayətlərdə 12 nəfərin barəsində ölüm hökmü çıxarılıb, 7 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilib, 3 nəfər bəraət alıb, 1 məhkum intihar edərək ölüb, daha 1 nəfər isə ölümcül xəstə olaraq tanınıb. Burada əsas məqsəd isə müharibə edənlərin cəzasız qalmadığını beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Məhz buna görə də, Ermənistanda hakimiyyətdə olmuş prezidentlər, müharibəni dəstəkləyənlər və Azərbaycanın Qarabağ bölgəsindəki separatçılar da törətdikləri cinayətlərə görə cəzalandırılacaqlar.

Xocalı, Ağdaban, Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli, Qaradağlı, Həsənqaya və başqa kəndlərdə, rayonlarda erməni silahlıları, hərbçilər ağlasığmaz cinayətlər törətmişlər. Şübhəsiz, çoxsaylı insan itkisi ilə sonlanan bu cinayətlər də cəzasız qalmayacaq. Məsələn, təkcə 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək işğaldan azad edilmiş ərazilərimizdə baş vermiş mina hadisələri nəticəsində ümumilikdə 314 nəfər minadan zərər çəkib. Ermənilərin basdırdığı minalar nəticəsində 48 nəfər mülki, 13 nəfər hərbçi olmaqla 61 nəfər həlak olub, ümumilikdə 101 nəfər mülki, 152 nəfər isə hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bir məqamı da xüsusi vurğulayaq ki, Qarabağdakı cinayətkarlar təkcə azərbaycanlılara deyil, buradakı ermənilərə də zülm ediblər. Onlar Qarabağ ermənilərini girov kimi saxlayıb, onların beyinlərini zəhərləyiblər. Bu baxımdan, kriminal rejimin nümayəndələri cəzalandırılır və cəzalandırılacaqlar.

Bütün bunların fonunda bir daha deyə bilərik ki, lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı 30 illik separatizmə son qoyuldu. Xunta rejimi təslim olmağa məcbur edildi. Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı birləşmələrin tərk-silah olunması və bölgədən çıxarılması isə qeyd etdiyimiz cinayətlərin Cənubi Qafqazda bir daha baş verməsinin qarşısını alacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".