Ombudsman Avropa Şurasının İnsan hüquqları üzrə komissarını qəbul edib
Digər xəbərlər

Ombudsman Avropa Şurasının İnsan hüquqları üzrə komissarını qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunja Mijatovici qəbul edib.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüşdə Ombudsman ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsindən, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, müharibə və postmüharibə dövründə həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib.

Ombudsman Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışıb, Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini qeyd edib. S.Əliyeva itkin düşmüş vətəndaşlarımızın ailə üzvlərinin istək və tələblərini Avropa Şurasının İnsan hüquqları üzrə komissarının diqqətinə çatdıraraq səlahiyyətləri çərçivəsində köməklik göstərilməsini xahiş edib.

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın törətdiyi mina terrorundan bəhs edən Müvəkkil dəfələrlə müraciət edilməsinə baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilmədiyini, basdırılmış minaların insanların həyatına təhlükə yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına maneə törətdiyini bildirib. Otuz illik işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda tarixi, dini abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdıldığını qeyd edib.

Ombudsman Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsinin diqqət mərkəzində olduğunu, Müvəkkilə müraciət etmək yolları ilə bağlı açıqlama verildiyini deyib.

Görüşdə, həmçinin təsisatlar arasında gələcək qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.

"Respublika".