Makronun Cənubi Qafqazdakı gizlin maraqları
Siyasət

Makronun Cənubi Qafqazdakı gizlin maraqları

Əgər iki ölkə arasında hər hansı münaqişə və müharibə baş verirsə, məsələyə müdaxilə edən üçüncü tərəf əslində barışdırıcı mövqe tutmalıdır. Yox, əksinə, tərəflərdən birinin maraqlarını müdafiə edib, onu "həvəsləndirirsə" deməli, üçüncü tərəfin özünün də hansısa pərdəarxası maraqları var. Biz İkinci Qarabağ müharibəsi zamanı bunun daha aydın şəkildə şahidi olduq.

Bəzi ölkələr Azərbaycan və Ermənistan arasında sülhə, barışığa doğru addım atmaqdansa, öz aldadıcı vədləri ilə qarşı tərəfi daha da şirnikləndirdi. Belə ölkələrdən biri də Fransadır ki, Azərbaycanın əleyhinə xeyli vaxtdır qərəzli siyasət həyata keçirir. Onun bu mövqeyini bir tərəfdən Qafqaza nəzarət prinsipi təşkil edirsə, digər əsas səbəblərdən biri də Fransadakı erməni lobbisinin uzun illərdir Azərbaycan əleyhinə davam edən təbliğatdır. Makron hakimiyyəti çox yaxşı anlayır ki, Cənubi Qafqaza olan maraqlarını Azərbaycanın icazəsi və razılığı olmadan həyata keçirə bilməz. Elə bu səbəbdən də ölkəmizə qarşı apardığı anti-Azərbaycan təbliğatına əsas faktor kimi erməni lobbisindən istifadə etməklə nail olmaq istəyir. Bununla da Fransa Ermənistanı dəstəkləməklə və öz maraqlarını regionda reallaşdırmaq məqsədilə, hətta keçmiş Minsk formatının bərpasına da çalışır. Lakin unudur ki, vaxtilə ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olmuş bu ölkə həmin müddətdə münaqişənin həlli yolunda heç bir cəhd göstərməmiş, vasitəçi missiyasını yalnız Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini kənardan izləməklə kifayətlənmişdir. 28 illik fəaliyyəti zamanı münaqişənin həllindən başqa hər işlə məşğul olub işğalçı tərəfi dəstəkləmişdi.

 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etdikdən sonra biz bu dövlətin gerçək simasını gördük. Qeyd etdiyimiz kimi, Ermənistanın 30 illik işğalçılıq siyasəti davam etdiyi zaman Fransa dövləti guya tərəflərin sülhə gəlməsi üçün özünü vasitəçi kimi təqdim etməyə çalışsa da, əməldə heç bir iş görmədi. Vətən müharibəsi nəticəsində Azərbaycan münaqişəni öz gücünə həll etdi, işğalçı Ermənistan silahlı qüvvələrini torpaqlarımızdan çıxardı. Lakin bundan sonra da Fransa açıq-aşkar Ermənistana və Qarabağdakı erməni separatçılarına dəstək verməkdən əl çəkmədi. Fransanın qərəzli əməlləri bu gün də davam edir.

Hazırda bu ölkə Ermənistan vasitəsilə Cənubi Qafqazda özünün təsir imkanlarını yaratmağa çalışır. Makron hakimiyyəti öz maraqları naminə yalançı ermənipərəst siyasətindən əl çəkmir. Bir vaxtlar mərhum millət vəkili Şamil Qurbanov Fransanın Azərbaycana qarşı münasibəti və Fransanın sabiq prezidenti Jak Şirakın Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqedən bəhs edərkən "Şirak qudurub" ifadəsi çoxlarının xoşuna gəlməmişdi və professoru qınamışdılar. Lakin uzun illər baş verən proseslər onu göstərdi ki, nə Fransanın, nə də dövlət başçılarının mövqeyi dəyişməyib. Deməli, mərhum professorun deyimi hazırkı zaman üçün də aktualdır. Çünki zaman keçdikcə bir-birini əvəz edən dövlət başçıları digərindən daha ermənipərəst mövqe sərgiləyir. Bu isə onu göstərir ki, ölkədə fəaliyyət göstərən erməni lobbisinin kölgəsi Fransa rəsmilərinin başı üzərindədir. Anlaşılan odur ki, Makron artıq Fransa prezidentindən çox erməni lobbisinin oyuncağıdır. Fransadakı 300 erməni təşkilatı siyasi təsir baxımından ciddi imkanlara malikdir. 261 min nəfərdən artıq erməni seçici seçkilərdə Makrona ciddi təkan ola bilər.

Son zamanlar Fransanın erməni sevgisi bir az da güclənib. Ermənistanı yenidən silahlandırmağa çalışan bu ölkə Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyir. Oktyabrın 23-də Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirlərinin imzaladığı müqavilələr də bunu təsdiqləyir. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü və onun erməni həmkarı Suren Papikyanın imzaladığı sənədlərə əsasən, Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü nəzərdə tutulur. Doğrudur, Fransa Ermənistana verəcəyi silahların sayını az göstərməyə çalışsa da, reallıqda İrəvana daha çox silah tədarük etmək niyyətindədir. Bütün bunlar isə heç də əbəs deyil. Çünki beynəlxalq aləmdə və bir sıra Afrika ölkələrində öz nüfuzunu və etibarını itirən Makron hakimiyyəti növbəti seçkilərdə qələbə qazanmaq məqsədilə ölkəsindəki ermənilərin dəstəyindən istifadə etmək niyyətindədir. Son baş verən toqquşma və böhranlar səbəbi ilə Makronun ölkəsində nüfuz səviyyəsi xeyli aşağı düşüb. Yəni artıq fransızlar hazırkı dövlət başçısına etibar etmirlər.

Ramidə YAQUBQIZI,

"Respublika".