MART SOYQIRIMININ LƏNKƏRAN SƏHİFƏSİ
Region

MART SOYQIRIMININ LƏNKƏRAN SƏHİFƏSİ

1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və yurdumuzun ayrı-ayrı bölgələrində ermənilərin bolşevik bayrağı altında törətdikləri qanlı faciələr, misli görünməmiş cinayətlər xalqımızın yaddaşına əbədi həkk olunub. Həmin illərdə minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər dinc, əliyalın əhalinin evlərinə od vuraraq yandırıb, günahsız insanları xüsusi amansızlıqla qətlə yetiriblər. Tarixi və milli mədəniyyət abidələrimizi, məscidləri dağıdıb, şəhər və kəndlərimizi viran qoyublar.

Ermənilər tərəfindən azərbaycanlıların soyqırımı Lənkəran və ətraf kəndlərdə də vəhşicəsinə, xüsusi qəddarlıqla həyata keçirilib. Neçə-neçə günahsız insan faciə qurbanı olub. Ermənipərəst çar Rusiyasının zabiti Şıvkunovun rəhbərlik etdiyi quldur dəstəsi 1918-ci ilin fevral ayından başlayaraq Lənkəran qəzasında əhaliyə divan tutub. Lənkəran şəhərinin mərkəzində Mir Əhməd xanın evini özünə qərargah edən qaniçən Şıvkunov Çepayev, Samsonov kimi ermənipərəst quldurları öz ətrafına yığıb. Əhalini qorxu altında saxlamaq üçün hər gün dənizdən şəhəri top atəşinə tutur, əliyalın, günahsız insanları qanına qəltan edirdi. Şıvkunov şəhərə bitişik Sütəmurdov kəndini daim nəzarətdə saxlayır, qaçaqları bəhanə edib hər gün kəndə atəş açır, sakinləri qorxu, həyəcan içində saxlayırdı.

Kəndə hücumun qarşısını almaq məqsədilə 13 hörmətli ağsaqqal Şıvkunovun yanına gedir. Ona qaçaqların getdiyini deyərək atəşin dayandırılmasını xahiş edirlər. Şıvkunov ağsaqqalları girov saxlayıb öz əsgərlərini kəndə göndərir. Camaatla kobud, qaba rəftar edən əsgərlər təzədən geri qayıdan qaçaqlarla rastlaşırlar. Atışma zamanı əsgərlərdən biri ölür, o birisi yaralanır. Sağ qalan əsgər Şıvkunovun yanına qaçıb vəziyyəti ona xəbər verir.

Qana susamış quldurbaşı 13 ağsaqqalın qollarını bağlatdırıb başlarını qılıncla kəsdirir, bədənlərini hissə-hissə doğratdırır. Cəsədlərini taxta yeşiklərə yığıb Lənkərançayın Dəhnə deyilən ərazisində torpağa basdırırlar. Bir neçə gündən sonra meyitlərin yeri məlum olur. Cəsədləri çıxarıb kənd məscidinin həyətində dəfn edirlər. Xüsusi amansızlıqla qətlə yetirilmiş ağsaqqallar üçün 7 gün matəm saxlanılır.

Qanlı faciədən uzun illər ötsə də heç vaxt yaddaşlardan silinmir. Azərbaycanlıların soyqırımı qurbanlarının 90 illiyi ərəfəsində Sütəmurdovun şəhid ağsaqqallarının uyuduğu qəbiristanlıqda adları həkk olunmuş xatirə abidəsi ucaldılıb. Hər il soyqrımı günündə ağsaqqalların abidəsi ziyarət olunur, unudulmaz xatirəsi böyük ehtiramla yad edilir.

1918-ci il Mart hadisələrinin tədqiqatçısı, tarixçi alim Firudin Cümşüdlü yazır: "Bu hadisələrin törədilməsi zamanı ermənilər şantaj və təxribat metoduna da əl atdılar. Mart qırğınını başlamaq üçün ermənilər şayiə yaydılar ki, Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edərkən təsadüfi güllə yarası nəticəsində həlak olan oğlunun dəfnində iştirak edən müsəlman əsgərləri guya Lənkəran ruslarına (malakanlara) hücum edib onları qıracaqlar".

Erməni daşnak qüvvələri bolşeviklərlə birləşib Lənkəranda yüzlərlə insanı qətlə yetirib. Təkcə şəhərin Mayak ərazisində xeyli adam vəhşicəsinə öldürülüb. Yerli sakinlər hücumlardan qorunmaq üçün Osaküçə kəndindəki meşələrdə gizlənir, ara sakitləşəndən sonra evlərinə qayıdırdılar. Boşalmış evlər hərbçilər tərəfindən qarət olunub yandırılırdı.

Gərmətük kəndində 70 nəfər, Mamustada 30, Xolmili və Şıxakəran kəndlərində xeyli günahsız insan qanlı hadisələrin qurbanı olub. Şıvkunovun quldur dəstəsi 1918-ci ilin mart-aprel aylarında Girdəni, Veravul və Vilvan kəndlərində də çoxlu faciələr törədib. Girdəni kəndində 10 evə od vurub yandırıblar. Kəndin yaxınlığından keçən Ləkər çayında 20 nəfəri qanına qəltan ediblər. Kərgəlan kəndində 70 kişini çayın qırağına gətirib güllələyiblər.

Görkəmli şair, ədəbiyyatşünas alim, mərhum Mirhaşım Talışlı xatirələrində yazır ki, xalqımızın qanına susamış quldurlar Mamusta kəndində Bəhram Cəfəroğlunun gözlərini çıxartmış, qulağını kəsmiş və diri-diri yandırmışlar. Kənddə axtarış apararkən gənc qız Cavahir Abdullayevanın köməyinə gələn cavanları qətlə yetirmişlər. Şıvkunovçular itaətsizlik göstərdiyinə görə Əbülhəsən Əkbər oğlunu qılıncla doğramış, Paşa Mikayıl oğlunu çəltik tayasına salıb od vuraraq yandırmışlar.

Veravul kəndinin ağsaqqallarından olan Mirməhəmmədrza Talışxanovu evində "Quran" oxuduğu yerdən sürüyə-sürüyə həyətin ortasına gətirib qılıncla başını kəsmiş, vəhşicəsinə öldürmüşlər. Kəndin Yuxarıbaş və Qarağac məhəllələrində 17 nəfər faciənin qurbanı olmuşdur.

Silahlı quldur dəstələrinə qarşı qadınlar kişilərlə bərabər döyüşmüş, cəsarət, hünər göstərmişlər. Tükəvilə kəndində Vəsmicahan Məmmədova, Veravul kəndində Səkinə xanım silaha sarılaraq doğma kəndini, el-obasını qaçaq-quldurlardan qorumuşlar.

Qırğınların qarşısını almaq məqsədilə Lənkəran camaatı dövrünün tanınmış ziyalısı Teymur bəy Bayraməlibəyovu türk qoşunlarının komandanı Nuru paşanın yanına göndərir və ondan köməklik göstərməsini xahiş edirlər. Xilaskar türk ordusu Camal Paşanın rəhbərliyi ilə Astaranın dağlıq meşə ərazisi ilə gələrək Lənkəranın Gərmətük kəndində yerləşir. Yerli əhali onları böyük sevgi ilə, məhəbbətlə qarşılayır, əsgər və zabitləri evlərində yerləşdirirlər. Şıvkunovun quldur dəstəsi türk qardaşlarımızın hərbi gücü, qüdrəti qarşısında tab gətirməyib Lənkəranı tərk edir. Qədirbilən lənkəranlılar qardaş köməyini bu gün də unutmurlar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".