MASALLIDA “LAÇIN ŞƏHƏRİ GÜNÜ
Region

MASALLIDA “LAÇIN ŞƏHƏRİ GÜNÜ" QEYD OLUNUB

Masallı şəhərinin Heydər Əliyev Mərkəzində "Laçın şəhəri günü"nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkə Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamının tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Qarabağın tacı Şuşa şəhəri azad edildikdən sonra  Ermənistan kapitulyasiya aktını imzalayıb. Zəfərlə başa çatan müharibənin hər bir günü çağdaş tariximizə qızıl hərflərlə yazılıb.

Şanlı ordumuzun döyüş meydanında qazandığı böyük qələbə nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qalıb və bununla da tarixi ədalət bərpa olunub. Cənab Prezidentin müvafiq Sərəncamı ilə 26 avqust ilk dəfə "Laçın şəhəri günü" kimi qeyd olunur. Sevindirici haldır ki, artıq Laçın rayonuna böyük qayıdış başlanıb. Laçınlılar bu əlamətdar tarixi günü öz doğma ata-baba yurdlarında qeyd edirlər.

Milli Məclisin üzvlərindən Məşhur Məmmədov və Anar İsgəndərov qeyd ediblər ki, yüksək dövlət qayğısı sayəsində işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda irimiqyaslı tikinti, bərpa-quruculuq işləri görülür, sakinlər doğma yurdlarında, ata-baba ocaqlarında məskunlaşırlar.

Əslən Laçından olan, Vətən müharibəsinin iştirakçısı Hidayət Mahmudov döyüş xatirələrini, Laçın günü ilə bağlı sevincini tədbir iştirakçıları ilə bölüşüb. Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazisi Ağarəşid Talıbov 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimizin, qəsəbə və kəndlərimizin viran edildiyini, mədəni irsimizə böyük zərbə vurulduğunu, tarixi-mədəni və dini abidələrimizin, məscidlərimizin dağıdılaraq vandalizmə məruz qaldığını bildiriblər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulduğu, tarixi abidələrin, məscidlərin bərpa və yenidən inşa olunduğu qeyd edilib. Tezliklə Qarabağın hər bir guşəsində, o cümlədən dağlar diyarı Laçında tikinti, quruculuq işləri başa çatacaq, həyat yenidən canlanacaq.

Əlisəfa HƏSƏNOV,

"Respublika".