“HEYDƏR  ƏLİYEV İLİ” NƏ HƏSR OLUNMUŞ KONFRANS
Region

“HEYDƏR  ƏLİYEV İLİ” NƏ HƏSR OLUNMUŞ KONFRANS

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Ağsaqqallar Şurasının birgə təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar Universitetinin dəstəyi ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Gəncə şəhərinin ali məktəblərində mütəxəssis kadrların müasir dövrün tələbləri səviyyəsində hazırlanması üçün qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Hacıyev, ADAU-nun rektor əvəzi Zəfər Qurbanov, ictimai təşkilat rəhbərləri, o cümlədən orta məktəb müəllimləri iştirak ediblər. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gəncə şəhər Ağsaqqallar Şurasının sədri əməkdar müəllim, professor Nurəddin Məmmədov konfransı açaraq, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən ətraflı söhbət açıb. Geniş məruzə ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və digərləri çıxışlarında bildirdilər ki,  bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır.

               Zabit XƏLİLOV,

“Respublika”.