Məktəblimiz ABŞ-da olimpiadada qızıl medal qazanıb
Elm və təhsil

Məktəblimiz ABŞ-da olimpiadada qızıl medal qazanıb

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin VI sinif şagirdi Sulduz Hacıyev ABŞ-ın Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında riyaziyyat üzrə qızıl medala layiq görülüb.

BDU-dan "Respublika"ya bildirilib ki, “Global Olympic Center”in təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kopernik Olimpiadasının qlobal mərhələsində ölkəmizi müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda təmsil edib.

Olimpiadanın açılış mərasimində komandamızın üzvləri Azərbaycanın Dövlət Himninin sədaları altında səhnəyə çıxıblar. Azərbaycanlı məktəblilər beynəlxalq turnirdə 22 ölkə ilə yarışıb və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.

“Gənc istedadlar” liseyinin VI sinif şagirdi Sulduz Hacıyev 12 yaş qrupunda olimpiadanın qalibi olub, qızıl medala layiq görülüb.

Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırılma mərasimində Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib.