Məntəqələr texniki vasitələrlə təchiz edilib
Sosial həyat

Məntəqələr texniki vasitələrlə təchiz edilib

Ölkə həyatı üçün çox mühüm hadisə olan prezident seçkisinə çox az vaxt qalır. Hazırda səsvermənin yüksək səviyyədə təşkili üçün seçki məntəqələrində son hazırlıqlar görülür.

İmişli rayon Aranlı kəndində yerləşən 82 saylı İmişli-Saatlı seçki dairəsinin 33 saylı seçki məntəqəsində də bu işə məsuliyyətlə yanaşılır. Məntəqə seçki komisiyyasının sədri Adil Məlikov bizimlə söhbətində bildirdi ki, tədbirlər planında nəzərdə tutulan bütün işləri vaxtında və uğurla yerinə yetiriblər. Seçkilərə start verilən ilk gündən seçki siyahısını bir daha dəqiqləşdirdik. Yenilənmiş siyahıya görə məntəqəmiz üzrə 1145 nəfər seçicimiz var. Bu seçkidə 18 nəfər gəncimiz ilk dəfə səs verəcək. 80 yaşdan yuxarı 9 nəfər seçicimiz var. Seçki prosesinin mütəşəkkil keçirilməsində maarifləndirmənin əhəmiyyətini qeyd edən A.Məlikov məntəqə seçki komisiyası üzvlərinin də maarifləndirmə ilə əlaqədar təşkil olunan seminarlarda fəal iştirak etdiyini diqqətə çatdırdı. Seçki məntəqəsinin üzvlərindən Arif Ələkbərov, Zakir Bayramov, Dilqəm Hüseynov, Elşən Əsədov və Elnur Kərimov seçici siyahısının dəqiqləşdirilməsində, qeydiyyatdançıxma vəsiqəsi barədə seçicilərə məlumat verilməsində, bildirişlərin paylanmasında, ümumxalq səsverməsinə çağırışla əlaqədar plakatların dəmir lövhələrə yerləşdirilməsində, ilk dəfə səs verəcək seçicilərlə aparılan söhbətlərdə və digər tədbirlərdə fəallıq göstərirlər. Seçki məntəqəsi zəruri əşya, avadanlıq və texniki vasitələrlə təchiz olunub. Məntəqə seçki komissiyasının sədri qeyd etdi ki, səsvermənin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur. Seçki məntəqəsindən çıxarkən rastlaşdığımız kənd sakinləri ilə ayaqüstü qısa sorğu da keçirdik. İnsanlar bu seçkiyə yüksək əhvali-ruhiyyə və hamılıqla qoşulacaqlarını bildirdilər.

Ərəstun ABDULOV,

"Respublika".