Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üçün illik hesabatı təqdim edilib
İqtisadiyyat

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üçün illik hesabatı təqdim edilib

Aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili gündəliyə bir məsələnin - Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatının daxil edildiyini söyləyib.

Tahir Mirkişili Hesablama Palatasının öz fəaliyyətini 4 istiqamət - nəzarət tədbirlərinin həyata keçirilməsi, büdcə layihəsinə və icrasına rəy verilməsi, dövlət maliyyəsi üzrə tövsiyələr və beynəlxalq əməkdaşlıq üzrə qurduğunu deyib və bu məlumatların Palatanın hesabatında əks olunduğunu, həmçinin ilk dəfə olaraq hesabata qısa məcmuələrin əlavə edildiyini bildirib.

Diqqətə çatdırılıb ki, Hesablama Palatası 2023-cü il üzrə əməliyyat planını 91,7 faiz icra edib. Ötən dövr ərzində Palata tərəfindən 45 nəzarət tədbiri həyata keçirilib, onlardan 2-si Milli Məclis deputatlarının çıxışları əsasında, digər tədbirlər isə Palatanın özünün müəyyən etdiyi sahələr üzrə olub. Ümumilikdə, aparılan nəzarət tədbirlərinin əhatə dairəsi 18,2 milyard manat təşkil edib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2023-cü ildə fəaliyyəti haqqında Hesabatını slaydlar və diaqramlar vasitəsilə təqdim edib. O qeyd edib ki, 2023-cü il üzrə hesabat "Hesablama Palatası haqqında" Qanuna, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə əsasən, beynəlxalq standartların tələbinə uyğun olaraq hazırlanıb.

V.Gülməmmədov Palatanın fəaliyyətindəki yeniliklər, həmçinin qurumun 2021-2025-ci illər üzrə Strateji Planının icrası ilə bağlı məlumat verib. Bildirilib ki, Strateji Planın hesabat ilində icrası məqsədilə bütün aralıq nəticələri əhatə edən 2023-cü ilin Əməliyyat Planı tərtib olunub. Planda nəzərdə tutulmuş fəaliyyətin icrası 90 göstərici əsasında qiymətləndirilib. 2023-cü ildə ümumilikdə 327 tədbir nəzərdə tutulub və ilin sonunda 91,7 faiz icra olunub. Nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə 9,6 milyon manat vəsait proqnozlaşdırılıb, onun 83,3 faizi istifadə edilib.

Hesablama Palatasının hesabatı ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Aydın Hüseynov, Rüfət Quliyev, Elnur Allahverdiyev çıxış ediblər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.

Müzakirələrin sonunda Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.