“Milli mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi təqdim edilib
Mədəniyyət

“Milli mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi təqdim edilib

Noyabrın 15-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan “Milli mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsinin təqdimatı keçirilib.

"Respublika" xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan xalqına məxsus milli mənəvi dəyərlərin dünya kitabxanalarında və muzeylərində qorunub saxlanıldığını bildirib. Natiq çıxışında layihənin təqdimatının 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə 21 ölkənin nümayəndələrinin iştirakı ilə Milli Kitabxanada keçirildiyini qeyd edib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxışında dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünya kitabxanalarında olan əlyazmalarının faksimilesinin əksəriyyətinin Milli Kitabxananın fondunda olduğunu bildirib və kitabxanaya gələcək fəaliyyəti üçün uğurlar arzulayıb.

Həmçinin “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” elektron məlumat bazası qonaqlara təqdim edilib. Təqdimat zamanı Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin və digər ədiblərin dünya və Azərbaycan kitabxanalarında mühafizə olunan əlyazmaları haqqında məlumat verilib.