Şuşa teatrı da öz ünvanına qayıdacaq
Mədəniyyət

Şuşa teatrı da öz ünvanına qayıdacaq

Vətənimizdə, yurdumuzda xoş günlərin, şərəfli tarixin qürurunu, sevincini yaşayırıq. Dədə Qorqud demiş, eldə-obada qızıl çadırların qurulduğu, ərənlərin meydanlarda igidlik göstərdiyi zamandır. Xanın kəndində dalğalanan əzəmətli Azərbaycan bayrağı altında üzümüzü dağlara sarı tutub dərindən nəfəs alır, şükranlıq edirik. Artıq uca dağlar başında çatılan tonqallar yurdu xoş günə, şadlığa səsləyir. Şuşada alovlanan sevgi oduna Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və digər işğaldan azad olunmuş ərazilərimiz də qoşulur.

Şuşada qədim zamanlardan musiqi ilə yanaşı, teatr sənəti də inkişaf edib. Arxiv materiallarından, Cəfər Cabbarlı və İnqilab Kərimovun yazdıqlarından aydın olur ki, hələ 1848-ci ildə Şuşada teatr fəaliyyət göstərib. Hətta ovaxtkı "Kaspi" qəzetində də bu barədə yazılar dərc edilib. 1938-ci ilin fevral ayında isə Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə teatr Üzeyir Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram Teatrı adlandırılıb. 1948-ci ildə böyük bəstəkarın vəfatından sonra Şuşa teatrı xəyanətin qurbanı olub və 1949-cu ildə fəaliyyətini dayandırıb. Lakin Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 11 may 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Sevincli, fərəhli və azad Şuşalı günlərimizdə teatrın harada və necə fəaliyyət göstərməsi, gələcək planları ilə bağlı fikirlərini öyrənmək üçün teatrın direktoru Yadigar Muradovla görüşüb həmsöhbət olduq:

Yadigar müəllim, gözümüz aydın. Artıq Şuşa həsrətinə son qoyulub. Azad şuşalı olmaq necə hissdir?

Əvvəla onu deyim ki, azad şuşalı olmaq, bu, çox gözəl bir ifadədir. Bu hissi yaşayan daha gözəl bilir. Uzun illər çox əziyyətlərlə rastlaşmışıq, həsrət çəkmişik. Doğma el-obanı itirmək ağrısı yaşam tərzimizlə yanaşı, işimizə, fəaliyyətimizə də təsir edib. Mənim azad şuşalı olmaqla bağlı bir arzum var idi. Əhd etmişdim ki, Şuşaya qayıdaq, müqəddəs torpağını öpüb, üzümü qala divarlarına sürtərək Üzeyir Hacıbəyovun "Sənsiz" romansını oxuyacağam. Allah o günü mənə qismət elədi, əhdimi yerinə yetirdim. Şükürlər olsun ki, biz Şuşamıza qovuşduq.

Oradakı fəaliyyətinizi necə xatırlayırsınız?

İncəsənət Universitetini bitirdikdən sonra təyinatla doğulduğum Ağdam rayonuna getmişəm. Orada işləyə-işləyə Şuşada Mədəni Maarif Texnikumunda da çalışır, tamaşalar hazırlayırdım. Burada tamaşa hazırlamaq üçün çox gözəl baza var idi. Mənimlə bərabər, texnikumun digər müəllimləri də tamaşa hazırlayırdılar. Məsələn, Həsən bəy Zərdabinin nəticəsi Rəbiyyə Zərdabi, Nazim Mərdanov, Kəmaləddin Məmmədli, Qurban Primovun nəvəsi Naqil Primov hərəsi bir tamaşa hazırlamışdı. Amma ən çox tamaşa hazırlayan mən idim. Beləcə, bu istiqamətdə fəaliyyətimi daha da genişləndirdim, həvəslə, maraqla işləməyə başladım. Günlərin bir günü teatrımıza Xalq Teatrı adı verdilər. Teatra iki ştat verilmişdi, rejissor mən oldum, rəssam Valeh Məmmədov. Qarlı, şaxtalı, səfalı Şuşada işləmək bizə zövq verirdi. Onu da qeyd edim ki, tamaşaları, dekorasiyaları, geyimləri şəxsi vəsaitimlə hazırlayırdım. Bəzən isə teatrsevər iş adamları yardım edirdilər. Kimin gücü nəyə çatırdı, paltarların tikilməsi üçün parçalar, dekorasiyaların hazırlanması üçün lazım olan taxtalar və digər materiallar hədiyyə edirdilər. Hazırladığımız tamaşalar böyük maraqla izlənilirdi.

O vaxt Həsən Həsənov Nazirlər Kabinetində işləyirdi. Polad Bülbüloğlu ilə Şuşaya gəlmişdi. Bizim fəaliyyətimizi çox bəyəndilər. Bakıya qayıdan kimi məsələ qaldırdılar ki, Şuşada Dövlət Teatrı açılmalıdır. Onların sayəsində teatrımız 1990-cı ildə Dövlət Teatrı statusu aldı. İnanın, sevincimizin həddi-hüdudu yox idi. Rayon rəhbərliyindən dedilər ki, təsdiq üçün Bakıya, nazirliyə getməlisən. Açığını deyim ki, mən teatrın direktoru olmaq istəmirdim, rejissor kimi fəaliyyətimi davam etdirmək fikrindəydim. Qayıtdım Şuşaya, Üzeyir Hacıbəyovun "Arşın mal alan", Süleyman Ələsgərovla Şıxəli Qurbanovun birgə yazdığı "Özümüz bilərik" operettalarını və Eldar Baxışın "Uzun Həsən" tarixi dramını hazırladıq. Amma Şuşada teatrın rəsmi açılışını etmək bizə qismət olmadı. Ermənilər Şuşanı da işğal etdilər, doğma şəhərimizi tərk etmək məcburiyyətində qaldıq. İlk tamaşamız isə 1993-cü il fevral ayının 13-də Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyuldu. Bu gün arzu edirik ki, Şuşaya qayıdanda ilk açılış tamaşası kimi "Arşın mal alan"ı oynayaq. Mən Şuşadan çıxarkən qeyri-ixtiyari dönüb bir evimə, bir də teatrın binasına sarı baxdım. Fikirləşdim ki, görəsən bir də qayıda biləcəyikmi?

Şuşa teatrı məcburi köçkün həyatı yaşadı, bu, 30 illik işğal dövründəki fəaliyyətinizdə özünü necə büruzə verdi?

1992-ci il mayın 8-də Şuşa işğal ediləndə teatrın kollektivi məcburi köçkün kimi ölkənin bir çox bölgələrində məskunlaşdı. Mən də Bakıya gəldim.

Bir müddət sonra kollektivin üzvlərini bir yerə yığdım, bölgələrdə olan işçilərimizin hamısı gəldi, hətta kirayədə qalmağa imkanı olmayanlar teatra verilən bir otaqda qalırdılar. Onu da deyim ki, teatr üçün çox yer axtardıq. Nəhayət, Gənc Tamaşaçılar Teatrında bizə geniş bir otaq verildi. Bakıdakı fəaliyyətimiz belə başladı. Teatrımız dağılmadı yaşadı, bir gün də boş dayanmadıq. Bütün cəbhə bölgələrində, hərbi hissələrdə, hospitallarda olduq. Repertuarımızı daha da genişləndirdik, bir-birindən gözəl tamaşalar hazırladıq.

Teatrınızın Bakıda öz binası var. Ancaq Şuşa artıq azaddır, yəni doğma ocağa köçmək ehtimalı reallaşmaq üzrədir. Nə fikirləşirsiniz?

Bəli, Bakıda teatrımızın öz binası var. 2018-ci ildən öz binamızda yerləşmişik. Hər həftə 5-6 tamaşa oynayırıq. O ki, qaldı Şuşaya köçməyə, artıq bu arzum da reallaşır. Çünki bu ilin axırlarından Şuşaya da köç başlayacaq. Sözsüz ki, bütün infrastruktur idarələri köçüb fəaliyyətə başlayandan sonra, biz də köçəcəyik. Ancaq onu da deyim ki, düşmən işğal dövründə Şuşada teatrın binasını da yerlə-yeksan edib, yerində isə park salıblar. Bizim teatrın binası hazırda güllələnmiş heykəllərin qoyulduğu ərazinin arxasında yerləşirdi. Yəqin ki, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada bizim teatra bina tikilər. Şuşa işğaldan azad ediləndə dedim ki, oradakı evimi teatra bağışlayıram.

Şuşasız Şuşa teatrı necə təəssürat bağışlayırdı?

Şuşasız Şuşa teatrı. Sualınız mənə bir hadisəni xatırlatdı. İşğal dövründə hər hansı bir müəssisəyə tamaşa göstərməyə gedərkən bizi hörmətlə qarşılayırdılar, bəzi təşkilatlar isə hesabımıza pul köçürürdü. Biz də həmin pulla cəbhə bölgələrinə gedir, məcburi köçkünlər qarşısında çıxış edirdik. Bəzi insanlar isə işğal altında olan Şuşanın teatrını da qəbul etmirdilər. Amma biz inanırdıq ki, Şuşya mütləq qayıdacağıq. Şuşanı işğaldan azad edən Ali Baş Komandanımıza, qazilərimizə, əsgərlərimizə Allah cansağlığı versin. Şəhidlərimizin ruhu şad olsun. Artıq Şuşamız azaddır. Şuşasız Şuşa teatrı çox çətin idi. Bütün çətinliklərə baxmayaraq, teatrı dağılmağa qoymadıq. Şuşasız Şuşa teatrını yaşatdıq.

Doğma şəhərinizə qayıdıb, öz ünvanınızda fəaliyyət göstərmək həyatınızda nəyi dəyişəcək?

Öz ünvanımıza qayıdıb fəaliyyət göstərsək çox xoşbəxt olarıq. Fəaliyyətimizə indikindən də yaxşı davam edəcəyik. Yəqin ki, bu, qısa zamanda reallaşar. Öz məkanımızda, şəhərimizdə olmaq, həyatımızı dəyişəcək, ömrümüzü artıracaq. Yaradıcılığımız daha da genişlənəcək. Bu vaxta kimi teatrımızı dağılmağa qoymadığımıza görə qürrələnəcəyik. Desəm ki, işimizi yenidən quracağıq xeyr, işimiz hazırdı. Yeni tamaşalar hazırlayacağıq, böyük bir teatr kimi davam edəcəyik. İstəyərəm ki, gələcəkdə Şuşada Opera və Balet Teatrının filialı açılsın, opera tamaşaları da göstərilsin.

Səhv etmirəmsə, Qarabağ işğalda olanda dövlət xətti ilə Xankəndiyə səfəriniz olmuşdu. O səfəri, keçirdiyiniz hissləri necə xatırlayırsınız?

1995-ci ildə Türkiyədə dünyanın 47 dövlətindən 1250 nəfərin iştirak etdiyi Helsinki Vətəndaş Assambleyasının üçüncü qurultayında Qarabağ İcmasının nümayəndəsi Kərim Kərimli ilə iştirak edirdik. Yeddi gün davam edən qurultayda qərara alındı ki, başqa millətin vasitəçiliyi olmadan özünüz ermənilərlə görüşüb əsir və girovların dəyişdirilməsi ilə bağlı müzakirələr aparın. Həm də münasibətlərin bərpa olunması üçün addımlar atılsın. Bakıya qayıtdıqdan sonra Qazaxın Balacəfərli kəndinin minalanmış sahələrindən bizi İcevana keçirdilər. Oradan da vertolyotla Xocalı aeroportuna gəldik. Xocalıdan isə maşınlarla Xankəndiyə getdik. O məqamı heç vaxt unuda bilmirəm. Xocalı aeroportundan düşüb Xankəndiyə çatana qədər ermənilər bizi ərazi ilə tanış edirdilər. Öz şəhərimizi özümüzə tanıdıb, qədim "Arsax" torpağı kimi qələmə verirdilər. Xankəndini - Stepanakert, Şuşanı isə Şuşi adı ilə öz torpaqları kimi təqdim edirdilər. Öz şəhərini, torpağını sənə düşmən şəhəri kimi təqdim edələr, necə olarsan? Həmin vaxt əsəbdən, həyəcandan ürəyimin səsini eşidirdim elə bil. Mətbuat konfransından sonra ovaxtkı dırnaqarası "Arsax" respublikasının prezidenti Arkadi Qukasyan bizi meşənin içində yerləşən qonaq evinə ziyafətə dəvət etdi. Hamı çıxış edib, sülhdən, əsirlərin dəyişdirilməsindən danışırdı. Mən də baxdım ki, belə bir fürsət ələ düşməyəcək. Dedim ki, fürsətdən istifadə edib doğma torpağımda, öz elimdə, obamda Üzeyir Hacıbəyovun ruhunu şad etmək istəyirəm. "Arşın mal alan" operettasından "Sənsiz" romansını oxudum, amma özümü düşmən qarşısında möhkəm saxladım. Göz yaşlarımı ürəyimə axıtdım. Şükürlər olsun ki, bu gün artıq azad Şuşanın sakinləriyik və bu hiss çox şərəfli və qürurvericidir.

Yadigar müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik.

Ramidə YAQUBQIZI,

"Respublika".