Mina ilə mübarizə
Sosial həyat

Mina ilə mübarizə

Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların sayı 1 milyondan çoxdur. Bu gizli terror əsgər və mülki şəxslər də daxil olmaqla, ətraf mühit, ekologiya, o cümlədən digər canlılar üçün də risk yaradır. Son 30 ildə Azərbaycanda 3 400-dən çox insan mina qurbanı olub. Mənfur qonşumuz  Qarabağın mina işğalından azad olunmasına da mane olmağa çalışır. Bütün bunlar bu millətin murdar xislətini göstərir. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də dediyi kimi, onlar torpaqlarımıza ağac yerinə mina əkiblər. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 595 vətəndaşımız həyatını itirib.

Haqlı mübarizəmizdə qalib gəldikdən sonra da qarşı tərəf Laçın yolundan istifadə edərək torpaqlarımıza piyada əleyhinə mina basdırıb. Bu isə İrəvanın postmüharibə dövründə də təxribatçılıq siyasətini davam etdirməsini sübut edir. Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, uzun illər doğma torpaqlarına dönmək arzusu  ilə yaşayan yüz minlərlə məcburi köçkünün xəyallarının gerçəkləşməsinə də əngəl törədir. Beynəlxalq təşkilatlar və ölkələr bu məsələni qlobal səviyyədə həll etmək yerinə, bizi ittiham edərək, ermənilərə dəstək verirlər. İşin böyük bir qismini öz daxili resursları hesabına həll edən ölkəmiz humanitar minatəmizləməni prioritetlərindən birinə çevirib. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir.

Hələ 26 il bundan əvvəl Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi ilə bağlı gərgin danışıqların getdiyi bir dövrdə ümummilli lider Heydər Əliyev işğaldan azad olunacaq torpaqlarımıza geri qayıdacaq məcburi köçkünlərin təhlükəsizliyini düşünür və bu istiqamətdə tədbirlər görürdü. Belə ki, 1998-ci il iyulun 18-də ulu öndər Heydər Əliyevin Fərmanı əsasında yaradılan ANAMA bu gün minatəmizləmə prosesinə öz töhfəsini verir. 300 nəfər şəxsi heyətlə bu işə başlayan ANAMA-nın artıq 1400 işçisi var. Həmçinin minaaxtaranlar sırasında Azərbaycan qadınları da fəaliyyət göstərir.

Eyni zamanda Azərbaycanın üzləşdiyi mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün hələ ötən ilin may ayında Ağdamda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq humanitar konfrans keçirildi.

Bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti böyükdür və o, beynəlxalq aləmin diqqətini bu məsələyə çəkməyi, insanların maariflənməsinə nail olmağı özündə ehtiva edir.

Röya RÜSTƏMLİ,

“Respublika”.