Mixael Hess: “Spiegel
MÜSAHİBƏLƏR

Mixael Hess: “Spiegel" Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə neytrallığı pozur

Almaniyalı alim Mixael Raynhard Hess dekabrın 15-də "Spiegel" jurnalında dərc edilmiş "Cənubi Qafqazda gərginlik. Azərbaycan Dağlıq Qarabağı təcrid edir" sərlövhəli məqaləsi ilə jurnalın redaksiyasına oxucu etiraz məktubu göndərib və bunu özünün feysbuk səhifəsində yayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə "Azərbaycan hökuməti Dağlıq Qarabağ eksklavındakı ermənilərınə aparan yeganə təchizat yolunu blokadaya almaqda" təqsirli bilinir və azərbaycanlı vətəndaş cəmiyyəti fəalları "qəribə ətraf mühit fəalları" kimi dırnaqarası verilməklə təhqir edilir". Məqalə çox qərəzli olmaqla reallıqları inkar etdiyindən və müəllifin fantaziyalarının əksi olduğu üçün Azərbaycan, eləcə də regionun tarixi və ədəbiyyatı üzrə mütəxəssis Mixael Raynhard Hess məqalənin müəllifini və ümumilikdə "Spiegel" jurnalının redaksiyasını faktları təhrif etməklə neytrallığı təhlükə altında qoyduğunu bildirib.

O yazıb ki, Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi tamamilə Azərbaycan ərazisinə qarşı ərazi iddiaları ətrafında cərəyan edir. Söhbət kimin müəyyən ərazilərə haqlı iddialarının olmasından, kimin isə təcavüzkar və işğalçı kimi çıxış etməsindən gedir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrində və digər beynəlxalq təşkilatların sənədlərində Qarabağın Azərbaycana məxsus olduğu dəfələrlə və birmənalı şəkildə bəyan edilib.

Alman alim qeyd edib ki, məqalənin müəllifi Ann-Dorit Boy Dağlıq Qarabağdan danışarkən heç bir əsas olmadan "ərazisi kiçildilmiş dövlət" və "eksklav"dan söhbət açır. Ən azı ilk iki termin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini inkar edir və müəllifin "heç vaxt mövcud olmayan dövlət qurumunun mövcudluğu haqqında fantaziyasının" məhsuludur. Ann-Dorit Boyun başqa yerlərdə "de-fakto hökumət" kimi vurğuladığı separatçı qurumu hətta Ermənistan tanımayıb. Heç bir başqa dövlət də bunu etməyib və bu da öz növbəsində "eksklav" termininin istifadə edilməməsi üçün zəruri şərtdir.

Məqaləni açıq-aşkar anti-Azərbaycan və ermənipərəst formada yazan müəllif Xankəndi kimi rəsmi Azərbaycan adlarından istifadə etmir, Azərbaycan ərazisində "eksklav" uydurur, eyni cümlədə açıq-aşkar bir-birinə zidd formada (lakin ən azı bu dəfə həqiqəti əks etdirən) "beynəlxalq səviyyədə tanınmamış struktur"dan danışır.

Hessin fikrincə, məqalədə aşkar etdiyi terminoloji və arqumentativ çatışmazlıqlar və çaşqınlıq yaradan qeyri-müəyyənliklər münaqişənin, ümumiyyətlə, beynəlxalq aləmdə birtərəfli və qeyri-adekvat qavranılmasının səbəblərindən biridir.

"İllərdir ki, eyni səhvlər "Şpigel"də sistemli şəkildə təkrarlandığından jurnalın neytrallığının və faktlara əsaslanmalı olan mövqeyinin indiki məqalədə də təhlükə altında qalması kimi görürəm", - deyə Mixail Hess qeyd edib.

Alimin 2016-cı ildə Aprel döyüşlərindən sonra "Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi" adlı kitabı Berlində alman dilində, 2020-ci ilin avqustunda isə "Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin araşdırılması" kitabı ingilis dilində nəşr edilib. Bu ilin fevralında isə bu kitabın 44 günlük Vətən müharibəsinin nəticələri əsasında aktuallaşdırılmış yeni - üçüncü nəşri işıq üzü görüb. 2022-ci ilin martında Münxendə alman dilində nəşr edilmiş "Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" kitabı isə işğalçıların "bu irsi silmək, təhrif və inkar etmək, bununla Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı" elmi əsaslandırılmış dəlillər ortaya qoymuşdur: "Şuşa yalnız beynəlxalq hüquq və siyasi baxımdan deyil, həm də ədəbi, mədəni və etnoqrafik irsə görə Azərbaycan xalqına məxsusdur".