Möhkəm təməl üzərində qurulan qonşuluq münasibətləri
İqtisadiyyat

Möhkəm təməl üzərində qurulan qonşuluq münasibətləri

Şimal-Qərb qonşumuz Gürcüstanla müstəqillik dövründəki əlaqələrimizin 30 ildən çox tarixi var. Belə ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulub. İlk dövrdə qeyri-stabil olan münasibətlər 1993-cü ildə Heydər Əliyev və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi ilə inkişaf mərhələsinə yüksəlib.

1995-ci ildə Bakıda Gürcüstan səfirliyi, 1996-cı ildə isə Tbilisidə Azərbaycan səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Batumi şəhərində Baş konsulluğu, 2013-cü ildə isə Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu açılıb. İkitərəfli münasibətlər bir çox sahələr üzrə əlaqələrin genişlənməsinə və inkişafına yol açıb. Eyni zamanda indiyədək ölkələr arasında 125-dən çox sənəd imzalanıb.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan-Gürcüstan əlaqələri yeni mərhələyə qədəm qoyub. Bu əlaqələr siyasi, iqtisadi, sosial, humanitar sahələri əhatə edir. Həmçinin Gürcüstan Azərbaycanın regionda ən yaxın müttəfiqlərindən biridir. Strateji tərəfdaşımız olan Gürcüstanla bölgədə yeni reallıqlar diqqət çəkir. Hazırda Avropa İttifaqı ölkələri ilə Azərbaycan, Gürcüstan arasında olan münasibətlər, eyni zamanda Rusiya-İran-Azərbaycan üçbucağında baş verən hadisələr kontekstində Gürcüstanın mühüm rolu önə çıxır. Çünki Azərbaycanın bütün energetika kommunikasiyaları, yol, nəqliyyat, infrastruktur layihələri Gürcüstan üzərindən Avropaya ötürülür. Yeni çağırışlar kontekstində bu kommunikasiyaların şaxələnməsi məsələsi də bu gün aktualdır. Qonşu Gürcüstanla əlaqələrimizin ana xəttini iqtisadi sahədə geniş əməkdaşlıq təşkil edir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat, kommunikasiya layihələrinin adlarını çəkmək olar ki, bu da iki ölkəni bir-birinə birləşdirir.

Həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq, GUAM və digər qurumlar da əməkdaşlıqda mühüm rol oynayır. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq bununla yekunlaşmır. Münasibətlərin yeni mərhələyə qədəm qoyması kontekstində əlbəttə ki, Rusiyanın da Yaxın Şərqə və Cənub-Şərqi Asiyaya, eyni zamanda Ön Asiyaya yolu yenə Cənubi Qafqazdan keçir. Bunu iki ölkə arasında prezidentlər səviyyəsində keçirilən görüşlər də sübut edir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin aprel ayında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə ötən ay keçirilən işgüzar görüşlərində verilən mesajların önəmi iki ölkənin uzunmüddətli strateji tərəfdaş əlaqələrini daha da gücləndirir.

Həmçinin iki ölkə arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var. Milli Məclisin sədri Sahibə Qafarovanın ötən il Gürcüstana rəsmi səfəri, Gürcüstan parlamentinin sədri Papuaşvilinin isə bu ilin mayında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasda iştirak məqsədilə ölkəmizə səfəri parlament səviyyəsində əlaqələrin möhkəmliyini göstərir.

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri hər ötən gün inkişaf edir. Gürcüstanda yaşayan soydaşlarımız, xüsusən də gənc nəsil bu əlaqələrin möhkəmlənməsinə daha böyük töhfələr verir. Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Hər il yüzlərlə soydaşımız SOCAR-ın maliyyə dəstəyi ilə Gürcüstan universitetlərində təhsil alır. Bundan başqa, Azərbaycan dövlətinin yardımı ilə məktəblər, idman kompleksləri, uşaq bağçaları tikilir, əsaslı təmir olunur. Azərbaycandilli məktəblər kitab və dərs ləvazimatları ilə təmin olunur.

Tacir SADIQOV,

"Respublika".