“YAŞIL İQTİSADİYYAT
İqtisadiyyat

“YAŞIL İQTİSADİYYAT"A KEÇİD ZAMANIN TƏLƏBİDİR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29-un) MDB ölkələri içərisində ilk dəfə noyabr ayında Azərbaycanda keçirilməsi qərara alınıb. Dünya ölkələrinin yekdil dəstəyi ilə Azərbaycan COP29-a sədrlik edəcək. Əlbəttə, növbəti mühüm beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi sevindirici nailiyyətdir. Azərbaycan Prezidenti İlham Əliyevin milli və beynəlxalq səviyyədə apardığı uğurlu siyasətə, iqlim dəyişmələri probleminin həllinə töhfə vermək səylərinə göstərilən yüksək etimadın təzahürüdür.

Bu gün iqlim dəyişmələri bütün dünyanı narahat edir. Planetimizdə su mənbələrinin, digər təbii ehtiyatların getdikcə tükənməsi, 1 milyarda yaxın insanın qida çatışmazlığı ilə üzləşməsi, yerin səthinin ildən-ilə bir dərəcə genişlənməsi, hava şəraitinin dəyişməsi bəşəriyyəti gözləyən qlobal təhlükələrdən soraq verir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər və onun rəhbərliyi ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr dünyanın təhlükəsizliyinə və xilasına misilsiz töhfələr verir.

Artıq ölkəmiz bir sıra mühüm beynəlxalq layihələrin fəal iştirakçısına, paytaxt Bakı qlobal çağırışların müzakirə ünvanına çevrilib. Ölkə Prezidenti çıxışlarının birində deyib: "Niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq "yaşıl keçid"lə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var. Ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını etdik. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. Biz 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırırıq. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb. Hazırda biz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq "yaşıl enerji" elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır".

 Mötəbər beynəlxalq tədbirə hazırlıq mərhəsində dövlət və vətəndaş cəmiyyətlərinin fəal iştirakı xüsusi önəm daşıyır. Qabaqcıl təhsil və elm mərkəzlərindən biri olan Lənkəran Dövlət Universitetində beynəlxalq tədbirə xüsusi hazırlıq görülür. Bu istiqamətdə təhsil ocağında elmi-praktik konfranslar, silsilə tədbirlər keçirilir, fəal müzakirələr, elmi diskussiyalar aparılır.

Universitetdə çalışan alimlər, gənc tədqiqatçılar ətraf mühitin çirklənməsi, iqlim dəyişmələri, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyat"ın genişləndirilməsinin vacibliyini və əhəmiyyətli olduğunu qeyd edirlər.

Mikayıl Məhərrəmov, Lənkəran Dövlət Universitetinin rektorunun müşaviri, universitetin Texnologiya və texniki fənlər kafedrasının professoru:

- Qlobal iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, yaranmış iqtisadi, ekoloji, sosial və digər problemlər təkcə ölkəmizi deyil, demək olar ki, dünyanın əksər ölkələrini, beynəlxalq ictimaiyyəti, elm adamlarını dərindən düşündürür. Azsaylı istisnaları nəzərə almasaq, ölkələrin əraziləri, torpaq və su fondu, digər təbii ehtiyatlar artmır, əksinə azalır, əhalinin sayı və tələbatları isə durmadan artır. Son dövrlərdə planetimizdə ekoloji və texnogen hadisələrin çoxalması, su ehtiyatlarının çirklənməsi və tükənməsi, torpaqların eroziyaya məruz qalması, sel, daşqın və uçqunlar, buzlaqların sürətlə əriməsi, flora və faunada baş verən mənfi tendensiyalar narahatlıq doğurur.

Beynəlxalq təşkilatların məlumatlarına görə hər il yetişdirilən və ya istehsal edilən bitki və heyvan mənşəli xammalın 10-30 faizi itkiyə gedir və istehlakçıya çatmır. Dünyada təxminən 1 milyard insanın ərzaq və qida çatışmazlığından əziyyət çəkdiyini nəzərə alsaq, bu itkilərin miqyasını təsəvvür etmək çətin deyildir.

Bu və digər problemlər ölkəmizdən də yan keçmir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl texnologiyalar"ın tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret vəzifələr qoyulmuşdur.

Mövcud problemlərin həlli istiqamətində genişmiqyaslı tədbirlər görülür. Balaxanı Sənaye Parkı, "Təmiz Şəhər" ASC, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu, Balaxanıda şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu, regionlarda 10-a yaxın su elektrik stansiyası, Xızı və Abşeronda 5 külək elektrik stansiyası, Qobustanda hibrid elektrik stansiyası yaradılıb, bir çox rayonlarda istilik nasosları, günəş panelləri quraşdırılıb.

Bu gün ölkəmiz üçün vacib prioritetlərdən biri azad edilmiş ərazilərin "yaşıl iqtisadiyyat" potensialından səmərəli istifadə etməkdir. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqrasiya tədbirləri görülür, "yaşıl enerji zona"ları yaradılır.

Regionun qabaqcıl ali təhsil müəssisəsi olan Lənkəran Dövlət Universiteti enerji mənbələrinin və sağlam ətraf mühitin yaranmasında innovativ texnologiyaların işlənməsinə, bu sahədə kadr hazırlığına xüsusi önəm verir.

Gülbəniz Əliyeva, Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent:

- Yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf strategiyasının əsasını təşkil edir. Ölkəmiz hidravlik, günəş, külək, geotermal və biokütlə kimi bərpa oluna bilən enerji ehtiyatları baxımından olduqca böyük potensiala malikdir. Davamlı inkişafın vacib komponenti olaraq "yaşıl iqtisadiyyat"ın qurulması istiqamətində uğurlu işlər aparılır.

Möhtərəm Prezidentimizin dediyi kimi, ətraf mühitin qorunması çox vacib məsələdir. Xüsusilə neftin qalıqları ilə çirklənmiş torpaqların təmizlənməsi, meşə təsərrüfatlarının bərpası və digər məsələlər öz həllini tapmalıdır.

Bu vacib məsələlərlə bağlı dövlətimizin başçısı tərəfindən müvafiq sərəncamlar verilib, qərarlar qəbul edilib, milli parklar yaradılıb. Qlobal iqlim dəyişmələrinin miqyası nəzərə alınaraq ekoloji təmiz texnologiyaların tətbiqinə xüsusi önəm verilir, təmiz enerji mənbələrindən istifadə genişlənir.

Ətraf mühitə mənfi təsirlərin azaldılması və "yaşıl texnologiyalar"ın inkişafı üçün alternativ enerji mənbələri və müasir texnologiyalar həyata vəsiqə alır. Respublikamızda atmosferə buraxılan çirkli qazların emissiyasının 35 faiz azaldılacağı və 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən 30 faiz enerji alınacağı proqnozlaşdırılıb. Bu məqsədlə ictimai nəqliyyatın inkişafına da diqqət artır. Bakıda metro şəbəkəsinin genişləndirilməsi haqqında qərar qəbul olunub. 2040-cı ilə kimi paytaxtda metro stansiyalarının sayının 60-a çatdırılması nəzərdə tutulur.

"Yaşıl iqtisadiyyat" dedikdə insanların rifahını yüksəldən, sosial ədaləti təmin edən və eyni zamanda ətraf mühitin çirklənməsini və deqradasiyasını əhəmiyyətli dərəcədə azaldan iqtisadiyyat nəzərdə tutulur. Davamlı "yaşıl iqtisadiyyat"a keçid sosial inkişaf üçün böyük imkanlar açır. Nəticədə əlavə iş yerləri yaradılır, əhalinin məşğulluq səviyyəsi yüksəlir və rifah halı yaxşılaşır.

Aytəkin Əfəndiyeva, Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent:

- Qloballaşan dünyada insanların yaşayış səviyyəsinin artırılması və tələbatlarının ödənilməsində iqtisadi, sosial və ekoloji aspektlərin hər birinin nəzərə alınması vacibdir. İqtisadi inkişafa ekoloji dəyişikliklər də nəzərə alınmaqla vahid sistem kimi baxılır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmasıdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.

2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Ölkə Prezidentinin müdrik, uzaqgörən və səmərəli siyasətinin məntiqi nəticəsidir ki, qlobal iqlim dəyişikliklərinə həsr olunmuş COP29 adlı beynəlxalq konfransa Azərbaycan ev sahibliyi edəcəkdir.

İşğaldan azad edilən ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri ekologiyanın bərpasında mühüm rol oynayacaqdır. Bu yerlərdə "yaşıl texnologiyalar"ın, bərpa olunan alternativ enerji mənbələrinin məişət və istehsal sahələrində istifadəsi sayəsində "yaşıl enerji zona"ları yaradılacaqdır.

Yaxın zamanlarda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin ediləcək, "iqtisadiyyatın yaşıllaşdırılması" maddi nemətlərin artmasına, əhalinin məşğulluğunun yüksəldilməsinə və firavan həyat tərzinə zəmin yaradacaqdır.

Söhbəti yazdı:

Əlisəfa HƏSƏNOV,

"Respublika".