Möhtəşəm Qayıdış
Siyasət

Möhtəşəm Qayıdış

1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi

 

Hər bir millət üçün onun azadlığı, müstəqilliyi ən ümdə vəzifələrdən biridir. Xalqımızın da dövlətçilik tarixi qədimdir. Məskunlaşdığımız bölgədə müəyyən mərhələdə baş verən hadisələr xarici təcavüz və müharibələr nəticəsində Azərbaycan dövlət müstəqilliyi müvəqqəti olaraq itirilmişdir. Lakin xalqımız müstəqilliyin, istiqlalın bərpası ideyası və onun reallaşması uğrunda mübarizəni davam etdirmişdir. Rusiya imperiyasının tərkibinə daxil olduğu dövrdə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi də xalqımızın müstəqillik, demokratiya uğrunda apardığı mübarizənin məntiqi nəticəsi idi. Cəmi 23 ay fəaliyyət göstərsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqın yaddaşında böyük iz qoydu. Demokratik Azərbaycan dövlətinin süqutundan sonra ölkəmiz 70 il sovet kommunist rejiminin tərkibində oldu. 1991-ci ildə bu rejimin süqutundan sonra ittifaqa daxil olan digər müttəfiq respublikalar kimi, Azərbaycan da öz müstəqilliyini bərpa etdi. Onu qoruyub saxlamaq isə o qədər də asan olmadı. Bu taleyüklü məsələnin həlli xalqımızın ümummilli lideri Heydər Əliyevin üzərinə düşdü. O, bu missiyanı layiqincə yerinə yetirdi. Çünki ulu öndər hələ respublikaya rəhbərliyinin sovet dönəmində ölkəmizin gələcək müstəqilliyini öncədən görür və həyata keçirdiyi tədbirlərin çoxunu məhz buna hədəfləyirdi.

1991-ci ildə müstəqillik əldə olunsa da, bu, formal xarakter daşıyırdı, çünki hakimiyyətdə olan dairələr əslində, suverenliyin əleyhinə fəaliyyət göstərirdilər. 1992-ci ildə hakimiyyətə gələn Xalq Cəhbəsi isə ölkənin problemlərini həll etmək iqtidarında deyildi. 1992-1993-cü illərdə ölkədə siyasi böhran daha da dərinləşmişdi.

1993-cü ilin iyun ayında Gəncədə Surət Hüseynovun rəhbərlik etdiyi hərbçilərin Xalq Cəbhəsi hakimiyyətinə qarşı qiyamı Azərbaycan dövlətini mənəvi, siyasi, hərbi böhran vəziyyətinə saldı. Müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı.

Belə bir çətin zamanda xalqın nəzəri Naxçıvana yönəlmişdi, çünki nicatını Heydər Əliyevdə görürdü. Beləliklə, ulu öndər Heydər Əliyev xalqın və respublikanın ovaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi, çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Ümummilli lider Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Ulu öndər Gəncəyə getdikdən, hər şeyi yerli-yataqlı öyrəndikdən sonra Milli Məclisin növbəti iclasında hadisələr barədə öz qəti sözünü dedi: "Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır".

Bu gün Gəncə hadisələrindən 30 il ötür. İllər ötsə də, tariximizin bu qara ləkəsi unudulmur. 4 iyun Gəncə qiyamı o dövrdə Azərbaycanın müstəqilliyini, bütövlüyünü istəməyən qüvvələr tərəfindən məqsədli şəkildə istiqamətləndirilən proseslərin məntiqi nəticəsi idi.

Hələ ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli keçmiş ittifaqın dağılması dövrü idi və təəssüf ki, bu proses müəyyən konfliktlər, gərginliklər, xalqların öz müqəddəratını həll etmələrinə ciddi maneələr törədilməsi fonunda gedirdi. Bu baxımdan, ən ağrılı hadisələr məhz Azərbaycanda baş verdi. Belə ki, qonşu Ermənistan Moskvadakı havadarlarının, ilk növbədə, keçmiş SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovun dəstəyilə Azərbaycanın Qarabağ bölgəsinə iddialar səsləndirməyə başladı. Sonradan bölgədə silahlı dəstələr yerləşdirildi və həmin torpaqların zorla Azərbaycandan qoparılması üçün hərbi əməliyyatlara başlandı.

1991-ci ildə Mütəllibovun, 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsilə respublikada vəziyyət daha da idarəolunmaz hal aldı. AXC-Müsavat hakimiyyətinin daxilində bir-birilə mübarizə aparan qruplar yaranmışdı və onların məqsədləri də fərqli idi. Xarici kəşfiyyat orqanları da istədikləri kimi hərəkət edir, daxili siyasətə ciddi təsir göstərirdi. Qarşıdurmalar getdikcə artır, hakimiyyətin parçalanması daha da intensivləşirdi. Azərbaycan özünün müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Ən qorxulu hal isə siyasi qarşıdurmanın artıq hərbi qarşıdurmaya çevrilməsi idi. Ordu faktiki olaraq bir neçə səhra komandirinin nəzarəti altına keçmişdi. Hadisələrin belə gedişatı 1993-cü il iyunun 4-də hakimiyyətin ayrı-ayrı qolları arasında hərbi qarşıdurmaya gətirib çıxardı. Surət Hüseynovun başladığı 4 iyun qiyamı həm də Azərbaycanda AXC-Müsavat iqtidarının heç bir təsirə və rola malik olmadığının göstəricisi idi.

Beləliklə, iyunun 9-da Bakıya gələn ulu öndər iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu dahi şəxsiyyət Azərbaycan dövlətinin varlığını qorudu.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqının böyük xoşbəxtliyi həlledici anlarda düzgün seçim edərək ulu öndərə üz tutması və Onu hakimiyyətə dəvət etməsi idi. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi.

Ulu öndərin qurub yaratdığı müstəqil Azərbaycan bu gün torpaqlarını 30 illik işğaldan azad edən qalib ölkədir. Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmiz tarixinin ən gözəl məqamlarını yaşayır.

Zümrüd QURBANQIZI,

"Respublika".