MÖHTƏŞƏM QƏLƏBƏLƏR MÜƏLLİFİ
Siyasət

MÖHTƏŞƏM QƏLƏBƏLƏR MÜƏLLİFİ

Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Hər bir xalqın, ölkənin inkişafında, dünya dövlətləri arasında tanınmasında siyasi liderlərin rolu əvəzsizdir. Vaxt, zaman ötdükcə şəxsiyyətlərin, liderlərin öz xalqı və Vətəni üçün etdikləri, dövlətçiliyinin inkişafında misilsiz xidmətləri yaddaşlarda silinməz izlər qoyur.

Çox uzaq tarix deyil. Son 19 ildə ölkəmizin hərtərəfli inkişafı, mühüm nailiyyətləri və davamlı yüksəlişi Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Qısa zaman kəsiyində ölkəmizin Cənubi Qafqazda güclü dövlətə, söz sahibinə çevrilməsi, dünyada böyük hörmət, nüfuz qazanması möhtərəm Prezidentimizin uzaqgörən, prinsipial və müdrik siyasətinin bariz nümunəsidir.

Biz xoşbəxt xalqıq. Çünki cənab İlham Əliyev kimi qətiyyətli liderimiz, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən, beynəlxalq aləmdə böyük nüfuza malik Prezidentimiz var. Yaşadığımız gərgin siyasi kataklizmlər dövründə, ikili standartların tüğyan etdiyi dönəmdə güclü və qüdrətli dövlət yaratmaq və inkişaf etdirmək cənab İlham Əliyev dühasının, yorulmaz fəaliyyətinin nəticəsidir.

Dövlətimizin başçısı hər zaman doğma xalqın maraqlarını, Vətənin mənafeyini üstün tutaraq "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinə daim sadiq qaldığını konkret əməli fəaliyyəti ilə təsdiqləyir. Xalq sevimli liderinə həmişə arxalanır və ona güclü dayaq olur.

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə nail olub. Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, iqtisadiyyatı artıb, beynəlxalq arenada mövqeyi əhəmiyyətli dərəcədə yüksəlib.

Möhtərəm Prezidentimiz bütün fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqdir və müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir. Həyata keçirdiyi siyasətin əsas prioritetləri - insan amili, xalqın rifahı və milli maraqlarıdır. Amalı müstəqil Azərbaycana, milli dövlətçiliyimizə və xalqa sədaqətlə xidmət etməkdir.

Dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad vardır. O, hər zaman vədinə əməl edən liderdir. Bütün bunların nəticəsidir ki, ölkəmizdə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi hökm sürür.

"Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər" fikrini səsləndirən Prezident iqtisadiyyat sahəsində aparılan islahatların təşəbbüskarı və müəllifidir. Azərbaycanda iqtisadiyyat yüksələn xətlə inkişaf edir. Ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır.

2003-2022-ci illər ərzində qazanılan mühüm nailiyyətlər göz qabağındadır. Bu dövr çağdaş tariximizə yüksəliş, tərəqqi dövrü kimi daxil olub. Ümumi daxili məhsul, büdcə gəlirləri, ölkənin valyuta ehtiyatları, xarici ticarət dövriyyəsi, ixracın həcmi dəfələrlə artıb. Maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Əhalinin nominal gəlirləri, minimum əməkhaqqı, əhalinin banklardakı əmanəti yüksəlib. İşsizliyin, yoxsulluğun səviyyəsi aşağı düşüb.

Bu dövrdə insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində texnoparklar, aqroparklar, təhsil, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif təyinatlı müəssisələr tikilərək istifadəyə verilib.

Möhtərəm Prezidentimizə xalqın inamı, sevgisi tükənməzdir. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoydu. Əzəli ata-baba torpaqlarımız yağı düşməndən təmizləndi, Qarabağa həyat yenidən qayıtdı. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarda böyük quruculuq, tikinti işləri gedir. Soydaşlarımızın ata-baba ocaqlarına qayıdışı başlanıb.

Bəli, bu gün hər birimiz müdrik Prezidentimizlə fəxr edir, onunla qürur duyuruq. Aydın bir həqiqətdir ki, qazandığımız bütün qələbələrin, Zəfərlərimizin müəllifi Prezidentimizdir. Müdrik, qətiyyətli, təcrübəli dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanın sabahı daha uğurlu, gözəl, firavan və yüksəlişli olacaqdır.

Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecinin müəllimi,

qabaqcıl təhsil işçisi.