Humanizm – ölkəmizi fərqləndirən mənəvi dəyər
Siyasət

Humanizm – ölkəmizi fərqləndirən mənəvi dəyər

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti onların çirkin niyyətinin təzahürüdür. Ermənistanın işğalçılıq siyasəti vaxtilə Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurdu. Belə ki, düşmən ölkənin həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə daha da genişləndi və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxardı. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədib. Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər.

1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə siyasətinin daha bir dəhşətli nümunəsidir. Birinci Qarabağ müharibəsində ermənilər azərbaycanlılara Kəlbəcərdən çıxmaq üçün cəmi 10 saat vaxt vermişdilər, ilk 5 saat ərzində insanlara dinc şəkildə oranı tərk etməyə imkan yaradıldı. Daha sonra isə erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi.

3 il əvvəl sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi tariximizə yazıldı. İşğal altında olan torpaqlarımız düşməndən azad olundu.

Azərbaycan Vətən müharibəsində Ermənistanın kapitulyasiyası zamanı heç bir beynəlxalq normaya zidd davranışlar göstərmədi. Hətta rayonların təhvil verilməsi zamanı onlara vaxt verildi. Kəlbəcərin boşaldılması, noyabr ayının 15-dən 25-ə kimi uzadıldı. Ermənilər isə bütün bunlara baxmayaraq, Kəlbəcəri və digər ərazilərimizi tərk edən zaman evləri yandırdı, ağacları kəsdi və əraziləri minaladılar. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın bir çox yerindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin də gözü qarşısında baş verdi. Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmədi. Dövlət başçımızın humanizm prinsiplərinə sadiqliyi Azərbaycanın həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl etməsində də bir daha təsdiqini tapdı. Bu gün ölkəmiz böyük humanizm nümayiş etdirir. Amma Qarabağdan çıxan ermənilərə yardım üçün Qərb təsisatları sıraya düzülüblər. Bəs azərbaycanlı qaçqınlar niyə yada düşmür? Bu, ayrı-seçkiliyin, ikili standartların bariz nümunəsidir.

Röya RÜSTƏMLİ,

"Respublika".