Müasir standartlara uyğun gömrük xidməti ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayır
MÜSAHİBƏLƏR

Müasir standartlara uyğun gömrük xidməti ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayır

Müsahibimiz Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovdur

–Şahin müəllim, gömrük orqanlarının yaradılmasından 31 il ötür. İlk olaraq, 2022-ci ildə Dövlət Gömrük Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

–Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni strukturlardan biri olan gömrük xidməti 1992-ci il yanvarın 30-da yaradılıb və ötən müddət ərzində ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatçısı kimi formalaşan mühüm dövlət təsisatına çevrilib. Ulu öndər Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz onun uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

Gömrük orqanları hər zaman olduğu kimi, ötən ildə də ulu öndərin milli dövlətçilik və azərbaycançılıq məfkurəsinə sədaqət prinsipi əsasında fəaliyyət göstəriblər. Dövlət Gömrük Komitəsi 2022-ci ildə qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək məqsədilə gömrük inzibatçılığının normativ-hüquqi bazasının təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, ticarətin asanlaşdırılması, xarici ticarətin və gömrük sərhədindən mal dövriyyəsinin, o cümlədən tranzit yük daşımalarının artırılması, çevik idarəetmə sisteminin tətbiqi, sahibkarlığın inkişafı və şəffaf biznes mühitinin formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçirib.

Gömrük xidməti qarşısında strateji hədəf olaraq ticarətin asanlaşdırılması konsepsiyası çərçivəsində elektron gömrük xidmətlərinin sayının və çeşidinin genişləndirilməsi, gömrük inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal gömrük xidmətinin formalaşdırılması, habelə vətəndaş və işçi məmnunluğunun təmin olunması prioritet istiqamətlər kimi müəyyən edilib.

2022-ci ildə büdcə öhdəliyinə nəzərdə tutulan proqnozdan artıq əməl olunub. İlk dəfə dövlət büdcəsinə faktiki olaraq 5 milyard 654 milyon manat vəsait köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 1 milyard 49 milyon manat artıq deməkdir.

2021-ci illə müqayisədə 2022-ci ildə xarici ticarət dövriyyəsi 52,6 milyard ABŞ dolları olmaqla 55%, o cümlədən ixrac 38,1 milyard ABŞ dolları olmaqla 71,5%, idxal 14,5 milyard olmaqla 24,2% artıb. Ötən il ölkəmizin qeyri-neft məhsullarının ixracı 2,9 milyard ABŞ dolları olmaqla, 2021-ci illə müqayisədə 10,3% artıb.

Ötən il idxalın əlavə dəyər vergisinə cəlb edilən bazası 80,77%, azadolmaların xüsusi çəkisi 19,23%, gömrük rüsumuna cəlb edilən baza 43,28%, gömrük rüsumu üzrə azadolmaların xüsusi çəkisi 56,72% təşkil edib.

Onu da qeyd edim ki, 2022-ci ilin ikinci yarısında xarici iqtisadi fəaliyyət iştirakçılarına bildirişlərin göndərilməsi, onların müvəkkil bank hesablarına Komitə tərəfindən sərəncamların qoyulması, həyata keçirilmiş bir sıra nəzarət tədbirləri nəticəsində 30 dekabr 2022-ci il tarixə gömrük borcları 88 milyon manat azalaraq 38 milyon 486 min manat olub.

Gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni-yeni uğurlar qazanmasında bundan sonra da mühüm rol oynayacaq. Azərbaycan gömrükçüləri dövlət başçısının müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda göstərdiyi fəaliyyətdə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.

–Ötən il gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində hansı tədbirlər görülüb?

–Ötən il ərzində gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 28475 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 694-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyaları və digər cinayət predmetlərinin dəyəri 4,7 milyon manatdan çoxdur. Bu əməllərin törədilməsində şübhəli bilinən 708 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək və gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2022-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 77 fakt aşkar olunub.

Bu faktlar üzrə ümumilikdə 934 kq 428 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Götürülmüş narkotiklərin 89,6%-ni daha təhlükəli ağır narkotiklər olan heroin və metamfetamin təşkil edib.

Xüsusi narahatlıq doğuran məsələlərdən biri də qanunsuz dövriyyədən çıxarılmış, "qara bazar"da "patı" adlandırılan metamfetaminin miqdarının əvvəlki illərlə müqayisədə rekord həddə çataraq, 2021-ci illə müqayisədə 95% artaraq 2022-ci il ərzində 379 kq 510 qram təşkil etməsidir.

2022-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 79 nəfər barəsində müvafiq tədbirlər görülüb, 4 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

Ötən il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş 27781 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 2128 hüquqi şəxs (o cümlədən 602 xarici hüquqi şəxs) və 25657 fiziki şəxs (o cümlədən 15028 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 4 milyon 393 min 266 manat cərimə tətbiq olunub, dəyəri 1 milyon 125 min 377 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib.

"Valyuta tənzimi haqqında" Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 535 484 ABŞ dolları (7300 saxta ABŞ dolları), 32 250 avro, 1 670 000 rus rublu, 11000 Azərbaycan manatı, 1 053 039 manat dəyərində 2604 ədəd qızıl zinət əşyaları, külçə və sikkələr, 18163 manat dəyərində 10,035 karat qiymətli daşlar, 7663 manat dəyərində 311 ədəd gümüş zinət əşyası aşkar olunub.

–"Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi işində hazırkı vəziyyət barədə nə deyə bilərsiniz?

–Ümumdünya Gömrük Təşkilatının tövsiyələrinə uyğun olaraq, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsi məqsədilə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2022-ci il ərzində 100 xarici ticarət iştirakçısı müraciət edib. Hesabat ilində 17 xarici ticarət iştirakçısına idxal əməliyyatları, 18 xarici ticarət iştirakçısına ixrac üzrə, ümumilikdə 35 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Hüquqpozma faktlarının araşdırılması nəticəsində 2022-ci il ərzində idxal əməliyyatları üzrə 6, ixrac əməliyyatlar üzrə 2 xarici ticarət iştirakçısının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ dayandırılıb.

Gömrük mütəxəssislərinin peşəkarlıq səviyyələrinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində "İxtisas Attestatının" verilməsi ilə əlaqədar imtahanlar keçirilib.

Sərhəd-keçid məntəqələrinin yüklülüyünün azaldılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə Ticarətin Asanlaşdırılması mərkəzlərinin işinin genişləndirilməsi istiqamətində 2022-ci ilin ikinci yarımilliyində müvafiq tədbirlər həyata keçirilib.

Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində tikinti və yenidənqurma işləri yekunlaşdırılıb, ərazidə Ticarətin Asanlaşdırılması Mərkəzinin inşası üzrə işlər başa çatdırılıb. Mərkəz gömrük rəsmiləşdirilməsi və nəzarəti prosesini sadələşdirməklə yanaşı, öz ərazisində 500-dən çox nəqliyyat vasitəsi üçün parklanma, bank, sığorta və sürücülərin asudə vaxtını keçirmək üçün zəruri hesab edilən digər xidmətləri cəmləşdirir.

Gürcüstandan daxil olan nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması və hərəkətinin səmərəli şəkildə idarəolunması məqsədilə "Mazımqara" dövlət sərhədindən buraxılış məntəqəsinin yaxınlığında tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi qismən istifadəyə verilib və sərhəd-keçid məntəqələrində tətbiq olunan əməliyyatların bir hissəsinin həmin Mərkəzdə icrası təmin edilib.

29 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş"ə əsasən iki ölkə sərhədində inşa ediləcək "İpək Yolu - Abreşumis Qza" birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı 12 dekabr 2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Ticarətin Asanlaşdırılması Mərkəzində hər iki tərəfin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qruplarının görüşü keçirilib.

–Ötən il elektron gömrük xidmətində hansı yeniliklərlə əlamətdar olub?

–Ümumiyyətlə, Dövlət Gömrük Komitəsi qarşısında duran bir sıra vacib məsələlərin həlli məqsədilə 25 avqust 2022-ci il tarixdə Komitənin sərəncamı ilə "Gömrük xidmətinin Fəaliyyət Proqramı" təsdiq edilib, Fəaliyyət Proqramının icrasının təmin olunması üçün İşçi qrup yaradılıb. Ötən dövrdə İşçi qrupun fəaliyyəti üzrə gömrük ekspertizasının nəticələrinə dair ekspert rəylərinin elektron bazası yaradılıb, Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının beynəlxalq izahnaməsi, gömrük dəyərinə düzəliş edilməsi üçün bildiriş forması, gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarların qəbul edilməsinə dair metodika təsdiq edilib, "Çat pot" xidməti istifadəyə verilib, "AVRO-4" ekoloji normalarına uyğunluğa dair sertifikatın idxaldan əvvəl elektron qaydada verilməsi imkanı yaradılıb, sahibkarların "şəxsi hesab vərəqəsi" sisteminin tətbiqinə başlanılıb, poçt göndərişlərinin qeydiyyatı təkmilləşdirilib və bu yeniliklərlə bağlı şəxsi heyətin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif təlim və seminarlar təşkil olunub, eləcə də vətəndaşlar və xarici ticarət iştirakçıları arasında məmnunluq sorğuları keçirilib.

2022-ci ilin ikinci yarısında Komitə tərəfindən göstərilən elektron gömrük xidmətləri sahəsində bir sıra yeniliklər həyata keçirilib.

Belə ki, gov.az elektron hökumət portalına "xRoad" üzərindən giriş "AsanBridge" üzərindən girişlə əvəzlənib; e.customs.gov.az portalında "Elektron gömrük ödənişləri" xidməti əlavə edilib; "Sadələşdirilmiş bəyannamə (sərnişin)" elektron xidmətinin veb, mobil, köşk variantlarının yeni versiyaları hazırlanaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində test variantında istifadəyə verilib; "Səlahiyyətlərin verilməsi" xidmətində bankın rəhbərinə öz əməkdaşlarına müqavilə üzrə ödənişlərin qeydiyyatı əməliyyatlarının aparılması üçün səlahiyyətlər vermə imkanı yaradılıb; "Nəqliyyatın idxalı üçün gömrük rüsumlarının hesablanması" elektron xidmətinin yeni veb, mobil, köşk versiyaları hazırlanıb və istifadəyə verilib.

Gömrük orqanları hər zaman olduğu kimi, ötən ildə də ulu öndərin milli dövlətçilik və azərbaycançılıq məfkurəsinə sədaqət prinsipi əsasında fəaliyyət göstəriblər. Dövlət Gömrük Komitəsi 2022-ci ildə qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək məqsədilə gömrük inzibatçılığının normativ-hüquqi bazasının təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, ticarətin asanlaşdırılması, xarici ticarətin və gömrük sərhədindən mal dövriyyəsinin, o cümlədən tranzit yük daşımalarının artırılması, çevik idarəetmə sisteminin tətbiqi, sahibkarlığın inkişafı və şəffaf biznes mühitinin formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçirib.

Bundan başqa, "Sadələşdirilmiş bəyannamə - elektron ticarət" elektron xidmətində "həvalə et" funksiyası, "Sadələşdirilmiş bəyannamə - elektron ticarət" elektron xidmətində bəyannaməçinin borclanmadığı hallarda bəyannaməyə düzəliş etmək və ya onu silmək funksiyaları əlavə edilib. "e-müraciətlər" elektron gömrük xidməti də təkmilləşdirilib və xidmətə Rüsumsuz ticarət mağazasının təsis edilməsi üçün müraciət, Məcburi qərarlar, Gömrük prosedurlarının müddətinin uzadılmasına dair müraciət, "AVRO-4" ekoloji normalarına uyğunluq barədə sertifikatın alınmasına dair elektron müraciət, e.customs.gov.az portalında "Xidmətlərin statistikası" bölmələri əlavə olunub.

–Gömrük sistemində idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı işlər görülüb?

–2022-ci ilin ikinci yarısından başlayaraq Dövlət Gömrük Komitəsinin insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, potensiallı kadrların seçilməsi, onların bilik və bacarıqlarından təyinatı üzrə və məqsədyönlü şəkildə istifadə edilməsi istiqamətində bir sıra tədbirlər görülüb.

Komitənin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində bəzi vakant ştat vahidlərinin yaranması ilə əlaqədar, həmin vakant vəzifələrə gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında xidmətə qəbul edilməsi üçün Komitə tərəfindən 8 oktyabr 2022-ci il tarixdə müsabiqə elan edilib. Müsabiqədə iştirak üçün 2420 vətəndaş müraciət edib, tələblərə cavab verən 1909 namizəd test imtahanında iştirak etmək hüququ qazanıb. 18 dekabr 2022-ci il tarixdə keçirilmiş test imtahanında 1469 nəfər iştirak edib. Namizədlərdən 211 nəfəri müsabiqənin növbəti mərhələsi olan müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirilir. Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Ötən il Akademiyadan bakalavriat səviyyəsi üzrə 36, magistratura səviyyəsi üzrə 9 tələbə məzun olub.

2022/2023-cü tədris ilinin payız semestrində Akademiyada bakalavriat səviyyəsində 553, magistratura səviyyəsində 19 və əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə isə 95 tələbə olmaqla, cəmi 667 tələbə təhsil alır. 2022/2023-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarının və müsabiqənin nəticələrinə görə Dövlət Gömrük Komitəsinin Akademiyasının qəbul planı 100 faiz dolub və Akademiya ölkə üzrə qəbul planı tam dolan 6 təhsil müəssisəsindən biri olub.

Gömrük əməkdaşlarının ixtisas və peşəkarlıq səviyyəsinin artırılması da hər zaman diqqət mərkəzindədir. Akademiyanın əsas fəaliyyət istiqamətlərindən biri də xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimlərinin təşkilidir. Təlimlər Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanları əməkdaşlarının peşə və ixtisas səviyyəsini artırmaq, gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşlara peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunur.

Onu da bildirim ki, ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı gömrük xidmətindən də yan keçməyib. Könüllülük hərəkatı çərçivəsində bu günədək Dövlət Gömrük Komitəsində yüzlərlə gənc bilik və bacarıqlarını artırmaq, gömrük işini dərindən mənimsəmək imkanı əldə edib. Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərir və Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirirlər.

–Sonda daha hansı fikirlərinizi bizimlə bölüşmək istərdiniz?

–Çoxsaylı gömrük əməkdaşları adından əmin etmək istəyirəm ki, 2023-cü ildə gömrükçü adının şərəfini uca tutan bütün gömrük əməkdaşları ölkə rəhbəri tərəfindən Komitə qarşısında qoyulan vəzifələrin, tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə var gücü ilə çalışacaqlar.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı proqramda qeyd edildiyi kimi, Vətən müharibəsində əldə olunan Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni-yeni uğurlar qazanmasında bundan sonra da mühüm rol oynayacaq. Azərbaycan gömrükçüləri dövlət başçısının müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda göstərdiyi fəaliyyətdə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.

Görülən işlərlə bağlı əsaslı təhlillər aparılaraq qarşıya qoyulan vəzifələrin icrası istiqamətində düşünülmüş, elmi əsaslara söykənən addımlar atılacaq, gömrük prosedurlarının və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması, smart həllərin tətbiqinin genişləndirilməsi, müasir tələblərə cavab verən risk sistemlərinin qurulması, adekvat hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi istiqamətində tədbirlər görüləcək.

–Şahin müəllim, ətraflı məlumata görə təşəkkür edirik.

Müsahibəni apardı:

Ülvi QARAYEV,

“Respublika”.