Müdrik siyasətin parlaq təntənəsi
Region

Müdrik siyasətin parlaq təntənəsi

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya elmləri namizədi, Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist Səyyad Aran, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Tofiq Cahangirov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, partiya veteranları, ərazi partiya təşkilat sədrləri, sədr müavinləri və partiya fəalları iştirak edirdilər.

YAP Sabiradad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək vurğuladı ki, Yeni Azərbaycan Partiyası Naxçıvanda təsis olunduqdan sonra partiyanın yerlərdə təşkilatlanma çağırışına Sabirabad rayonu ilk səs verənlərdən oldu. Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı respublikada ikinci rayon oldu ki, 16 yanvar 1993-cü il tarixdə 256 nəfər YAP üzvü ilə öz təsis konfransını keçirdi. Təsis konfransından sonra qısa müddət ərzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının nəzdində YAP üzvlərinin sayı 256 nəfərdən 2280 nəfərə qədər artdı. Bu, Sabirabad əhalisinin ulu öndər Heydər Əliyevə olan böyük inam və sevgisindən irəli gəlirdi.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək YAP rayon təşkilatının keçdiyi yola nəzər saldı. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov qeyd etdi ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı var. Dövlətə, xalqa xidmət etmək partiyanın fəaliyyətinin ana xəttini təşkil edir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs və qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya veteranı və fəallar Fəxri Fərmanla təltif olundular.

Tofiq HÜSEYN,

"Respublika".