Elm və təhsil

"Müstəqil Azərbaycanın memarı" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb

Aprelin 26-da "Gülüstan" Sarayında Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Bakı Dövlət Universitetinin və Türkiyənin Ankara Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarın önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, məzarın önünə gül dəstələri düzülüb.

Konfransın açılış mərasimində Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, "Heydər Əliyev İli" çərçivəsində respublikamızda və ölkə xaricində müxtəlif tədbirlər keçirilir, yeni, müasir və müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsinə hərtərəfli nəzər salınır və Ulu Öndərin əbədiyaşar ideyaları geniş ictimaiyyətin diqqətinə çatdırılır: "30 ildə zəngin və şərəfli inkişaf yolu keçərək Azərbaycanın tərəqqisində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyası tərəfindən də "Heydər Əliyev İli" çərçivəsində müxtəlif tədbirlərin - müsabiqələrin, aksiyaların, görüşlərin, elmi-praktik konfransların keçirilməsi nəzərdə tutulmuşdur. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Heydər Əliyev şəxsiyyətinin müasir dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması, dahi şəxsiyyətin ideyalarının yeni nəslə aşılanması məqsədilə respublikamızın bütün bölgələrində tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər artıq həyata keçirilməkdədir".

Tahir Budaqov söyləyib ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Bakı Dövlət Universiteti və Ankara Universitetinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" mövzusunda keçirilən bugünkü beynəlxalq elmi konfrans da Heydər Əliyevin xalqımız qarşısında müstəsna xidmətlərinin, Ulu Öndərin bizə bəxş etdiyi müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

YAP Sədrinin müavini qeyd edib ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır: "Ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini yenicə bərpa etmiş, amma "ya olum, ya ölüm" dilemması qarşısında olan Azərbaycan xalqı düzgün seçim etməklə ölkənin xilasına, rifah və tərəqqi yoluna çıxmasına, respublikamızın əsl müstəqillik qazanmasına nail oldu. Söhbət o zamana qədər Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahını təmin edən və gələcək müstəqilliyinin əsaslarını formalaşdıran, Sovet İttifaqı dövründə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olan, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqımızın rifahı və firavanlığı naminə vacib işlər görən, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada vəziyyətində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən və tənəzzüldən xilas edərək dirçəlişini təmin edən və Türkiyə başda olmaqla bir sıra xarici dövlətlərlə beynəlxalq əlaqələrini genişləndirən, ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızın qaldırılmasına müvəffəq olan və bütövlükdə ölkəmizə mühüm nailiyyətlər qazandıran Heydər Əliyevin xalqın təkidli tələbi ilə tarixi-siyasi məsuliyyəti öz üzərinə götürməsindən, respublikamızı siyasi təlatümlərdən, iqtisadi böhrandan, regional təcrid vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarmasından, güclü-qüdrətli və nüfuzlu dövlətə çevirməsindən gedir. Məlumdur ki, ölkədə iqtisadi böhran və siyasi hərc-mərcliyin hökm sürdüyü, Ermənistan tərəfindən respublikamızın ərazi bütövlüyünə qəsd edildiyi - torpaqlarımızın ard-arda işğal olunduğu ağır, acınacaqlı və mürəkkəb bir şəraitdə Azərbaycan xalqı çıxış yolunu qətiyyətli və vətənpərvər, zəngin idarəetmə təcrübəsinə malik lider - dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməkdə görmüşdü. Təbii ki, xalqın Heydər Əliyevə inamı təsadüfi deyildi, konkret reallıqlara əsaslanırdı, Ulu Öndərin ayrı-ayrı dövrlərdə və müxtəlif vəzifələrdə xalqımız qarşısındakı misilsiz xidmətlərindən qaynaqlanırdı. Bu inam və etimadın bariz təzahürü kimi Azərbaycan xalqının qabaqcıl nümayəndələrindən olan 91 nəfər ziyalının müraciəti əsasında 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması xalq-Lider birliyi və milli həmrəylik şəraitində qarşıda duran milli vəzifələrin yerinə yetirilməsində müstəsna rol oynadı".

Tahir Budaqov vurğulayıb ki, müdrik dövlət xadimi Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası dövlətimizin maraqlarına uyğun prinsipial mövqe ortaya qoyaraq qısa zamanda xalqın böyük dəstəyini qazandı: "Heydər Əliyev şəxsiyyətinə sarsılmaz inam Yeni Azərbaycan Partiyasının da yüksək nüfuz qazanmasını şərtləndirdi. 1993-cü ilin 3 oktyabr tarixində keçirilən seçkilərdə xalqın müdrik seçimi - böyük etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli maraqlardan irəli gələn strateji hədəfləri uğurla reallaşdırmaqla Azərbaycanı müstəqil ölkəyə çevirdi, başqa sözlə, müstəqillik de-fakto təmin olundu. Həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində sabitlik və təhlükəsizlik mühitinin yaradılması, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər mühüm addımlar müstəqilliyin möhkəmləndirilməsini, Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi, ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildi. İnkaredilməz həqiqətdir ki, Ümummilli Liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri naminə müstəsna xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndərin siyasi varisi olan cənab İlham Əliyev 2003-cü ildə xalqın iradəsi ilə Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Azərbaycan dövləti öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın mübarizə ruhu, əzmkar mövqeyi sayəsində yeni zirvələrə doğru inamla irəliləməyə başladı, bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik uğurlar əldə olundu. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması - 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir. Bir sözlə, Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan, milli maraqlara və müasir çağırışlara cavab verən ardıcıl siyasəti Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin isə gerçəkləşməsini mümkün edən başlıca amildir".

"Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə, Onun parlaq ideyalarına sədaqət nümayiş etdirmişdir. Cəmiyyətin bütün təbəqələrini təmsil edən vətənpərvər insanlar kimi, Bakı Dövlət Universitetində çalışan qabaqcıl elm xadimləri, ziyalılar da Ulu Öndərin ideyalarının reallaşmasında mühüm rol oynamış, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə qətiyyətli dəstək ifadə etmişlər. Bu, Ümummilli Liderimizin məzunu olduğu və fəaliyyətinə hər zaman böyük önəm verdiyi, yüksək diqqət və qayğı göstərdiyi Bakı Dövlət Universitetinin milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən ziyalılar ordusuna malik olduğunu təsdiqləyən təkzibedilməz faktdır. Xüsusi vurğulamaq istəyirəm ki, bu gün tarixi ənənələrə və zəngin elmi təcrübəyə malik olan Bakı Dövlət Universitetinin elm və təhsil sahəsi ilə yanaşı, siyasi proseslərdə də fəal rol oynayan, prinsipial mövqeyi və sağlam əqidəsi ilə fərqlənən nüfuzlu alimləri partiyamızın sıralarında təmsil olunurlar. Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik prinsipləri əsasında çalışmaları, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri Heydər Əliyev irsinə və ideyalarına sədaqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran milli hədəflərin reallaşmasına önəmli töhfədir", - deyən YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, bu gün dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ruhu şaddır. Çünki Onun vəsiyyəti siyasi varisi, dövlətimizin başçısı, partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yerinə yetirilmişdir: Azərbaycan Ulu Öndərin arzuladığı - görmək istədiyi kimi qüdrətli, əzəmətli və qalib dövlətdir.

"Azərbaycan xalqı müstəqil dövlətimizin banisi, dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla və minnətdarlıqla yad edəcək, Ulu Öndərin əziz xatirəsini qəlbində əbədi yaşadacaqdır. Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək və Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daha güclü Azərbaycan naminə davam etdirdiyiniz şərəfli və məsuliyyətli fəaliyyətinizdə hər birinizə yeni-yeni uğurlar arzulayıram", - deyə YAP Sədrinin müavini vurğulayıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bu konfrans iki gün ərzində 3 bölmədə işini davam etdirəcək, 110-dan çox məruzə dinləniləcək. Konfransın işində ölkəmizin müxtəlif qurumlarından olan alimlərlə yanaşı, qardaş Türkiyə və İsraildən də qonaqlar iştirak edir. Onun sözlərinə görə, konfransın plenar iclasının Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən bu möhtəşəm sarayda keçirilməsinin də böyük rəmzi mənası var: "2023-cü ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edilməsini xalqımız xoş ovqat və böyük sevinc hissi ilə qarşılayır. Bu gün qədirbilən xalqımız onu ağır sınaqlardan müdrikliklə, ağlın, idrakın yenilməz gücü ilə çıxarmış, işığa, nura qovuşdurmuş ulu öndər Heydər Əliyevi minnətdarlıqla yad edir. Əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan Ümummilli Liderimizin mənəvi ömrünün 100-cü zirvəsindən ötən illərə baxdıqca bir daha şahid oluruq ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev siyasəti dayanır - bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır".

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük coşğu və ehtiramla yad edir: "Bu, xalqımızın Heydər Əliyevə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahürüdür, digər tərəfdən isə, xalqın milli dövlətçiliyə ehtiramının ifadəsidir. Zaman keçdikcə Heydər Əliyevin tarixi xidmətlərinə və şəxsiyyətinə verdiyimiz qiymət daha kamil olacaqdır. Zaman bu deyilənlərin həqiqət olduğunu isbat etdi. Çünki ötən illər ərzində Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan daha qüdrətli dövlət oldu, daha güclü ölkə kimi dünya birliyində özünü təsdiq etdi".

YAP Sədrinin müavini söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çünki bu ideyalar Azərbaycanın tərəqqisinin və yüksəlişinin əsasını təşkil edir: "Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər faktlar söyləmək mümkündür.

Əli Əhmədov diqqətə çatdırıb ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, hazırda Azərbaycan güclü, qüdrətli, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrilib: "Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, daha da güclənirik, beynəlxalq müstəvidə ölkəmizin nüfuzu daha da artır. Bu gün ölkəmizlə hesablaşırlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətimizin gücünü daha da artırıb. Heydər Əliyev siyasəti bundan sonra da uğurla davam etdiriləcək".

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında müstəsna rolu var: "Təhsil haqqında danışarkən böyük hədəflərdən bəhs edirik. Xüsusi qeyd etmək lazımdır ki, 1920-ci illərdə ali təhsillilərimizin sayı olduqca az olub. Ölkəmizin ötən 100 il ərzində təhsil sahəsində əldə etdiyi nailiyyətlər unikal nəticədir".

Emin Əmrullayevin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin təhsil şəbəkəsinin artırılmasında, Azərbaycan vətəndaşlarının keçmiş Sovet İttifaqının ali məktəblərində təhsil almasında rolu təqdirəlayiqdir. Nazir qeyd edib ki, azərbaycandilli təhsil şəbəkələrinin genişləndirilməsi, ali təhsil kontingentinin artırılması təhsilimizin sonrakı dövrlərinə, bu gününə əsaslı şəkildə təsir edib: "Ulu Öndərin ölkəmizə rəhbərliyi dövrü təhsilin qızıl dövrüdür. O dövrdə məktəb şəbəkəsi böyüdü, ucqar kəndlərdə məktəblər fəaliyyətə başladı. Ötən əsrin əvvəlində bir neçə min ali təhsilli insan var idisə, 70-ci illərdə bu rəqəm yüz minə çatdı. Yəni Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə ali təhsillilərin sayının artırılmasında böyük rolu var. Məhz bu dövrdə Azərbaycanda elm və təhsil sahəsində müsbət dinamikanın təməli qoyulub. Azərbaycan dilində tədris verən ümumi təhsil müəssisələrinin sayının artırılması və bu kimi irəliləyişlər məhz Ulu Öndərin adı ilə bağlıdır. 15 minə yaxın gəncin respublikadan kənarda - keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə olub".

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bu konfrans həmçinin Azərbaycanın müstəqilliyinin bərpası tarixinin bir daha düzgün qiymətləndirilməsi imkanıdır. Siyasi tarix elmi nöqteyi-nəzərindən Heydər Əliyevin, o cümlədən YAP-ın müstəqil Azərbaycan uğrunda mübarizədə yeri əvəzolunmazdır və düzgün dəyərləndirilməlidir.

O bildirib ki, 1990-cı ilin 17 noyabrında Naxçıvanda Heydər Əliyevin qaldırdığı müstəqil üçrəngli Azərbaycan bayrağı məhz Onun davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyev tərəfindən 2020-ci ilin 8 noyabrında Şuşada ucaldıldı: "Şübhə yoxdur ki, YAP-ın bayrağı da hər zaman Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı dalğalanacaqdır. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində müstəqillik uğrunda mübarizənin həqiqi carçısı kimi əbədi qalacaq".

Konfransda çıxış edən Türkiyənin Ankara Universitetinin prorektoru Hasan Serdar Öztürk əvvəlcə universitetin rektoru, professor Necdet Ünüvarın salamlarını konfrans iştirakçılarına çatdırıb.

Türkiyə ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu deyən qonaq münasibətlərimizin Ulu Öndər Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlət" fəlsəfəsinə əsaslandığını vurğulayıb. O bildirib ki, Azərbaycan xalqının Qarabağ Zəfəri bütün Türk dünyasının qələbəsidir.

Beynəlxalq konfransın açılış mərasiminin sonunda xatirə fotosu çəkdirilib.

Daha sonra konfrans Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Ümumi Dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərovun moderatorluğu ilə plenar iclasla davam edib.

Konfrans öz işini aprelin 27-də bölmə iclasları ilə davam etdirəcək və ümumilikdə 98 mövzu ətrafında çıxışların dinlənilməsi nəzərdə tutulmuşdur.

Xaqani KOSAYEV,

“Respublika”.