Müttəfiqliyin yol xəritəsi: “Bir millət, iki dövlət, bir yumruq”
Türk dünyası

Müttəfiqliyin yol xəritəsi: “Bir millət, iki dövlət, bir yumruq”

Aprelin 29-da İstanbulda keçirilən TEKNOFEST aerokosmik və texnologiya festivalında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki qardaş ölkənin birliyindən bəhs edərək vurğulayıb ki, “Atalarımızın, əcdadlarımızın ruhu şaddır, çünki Türkiyə və Azərbaycan bir yerdədirlər”. Daha sonra dövlət başçısı ümummilli lider Heydər Əliyevin məşhur ifadəsi olan “Bir millət, iki dövlət”, kəlamına “bir yumruq” sözünü də əlavə edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə dövlət başçısının “Bir millət, iki dövlət, bir yumruq” ifadəsinin nəyə xidmət etdiyini və hansı mənalara gəldiyini açıqlayıb.

“Bir millət, iki dövlət” şüarı bu gün türkçülüyün, türk dünyası birliyinin tezisinə çevrilib. Azərbaycan təkcə Türkiyəni deyil, bütün türkdilli dövlətləri bir məqsəd uğrunda birləşməyə  xidmət edir. Ona görə də nəinki siyasətçilər, hətta sadə vətəndaşlar da bu ifadəni qəbul edir və dəstəkləyir. Artıq Prezident cənab İlham Əliyev ulu öndərin sözlərinə yeni məzmun verdi. “Bir millət, iki dövlət” sözlərinə “bir yumruq” ifadəsini də əlavə etdi. Xatırladım ki, bir zamanlar dövlət başçısı “güc birlikdədir” sözünü işlətmişdir. Və bu onu göstərir ki, ancaq bir olduqda məqsədlərə nail olmaq, özünün müstəqilliyini, bayrağını, dilini, milli maraqlarını qorumaq mümkün olur. Azərbaycan və Türkiyənin birliyi isə artıq dünya üçün bir nümunədir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət yoxdur. Azərbaycanın çətin günündə Türkiyə həmişə dövlətimizin yanında olub. Həmçinin Türkiyənin olmadığı masalarda Azərbaycan Prezidenti qardaş ölkəyə atılan iftiralara cavab olaraq: “Türkiyə burda yoxdur, amma burda mən varam”- deyərək tarixi ifadə işlətmişdir.

Millət vəkili hər iki xalqın bir kökdən, dildən, dindən, həmçinin eyni tarix və  mədəniyyətdən qaynaqlandığını, bir olmaqla daha da güclü ola biləcəyimizi vurğulayıb. “Bunun üçün isə bir yumruq kimi birləşmək, bir-birinin yanında olmaq, bir olmaq lazımdır. Hər hansısa türk dövlətinin probleminin həlli üçün digər türk dövlətləri onun yanında olmalıdırlar. Türk dünyasının birliyi dünyanın problemlərinin azalması deməkdir. Buna Azərbaycan və Türkiyənin bir yumruq kimi birləşib qarşılarındakı problemləri həll etmələri ən gözəl nümunədir. Digər türkdilli dövlətlər də bu birlikdə iştirak edərək dünyaya özlərinin yekdilliklərini göstərdilər. Hesab edirəm ki, cənab Prezidentin “Bir millət, iki dövlət bir yumruq” ifadəsi günün tələblərinə cavab verir. Biz bir olduqca, qələbələr bizimlə olacaq”.

Musa BAĞIRLI,

“Respublika”.