İlk türk astronavtın kosmosa səyahəti başlayıb
Türk dünyası

İlk türk astronavtın kosmosa səyahəti başlayıb

Cümhuriyyət tarixində "ilk insanlı kosmos missiyası"nı yerinə yetirmək üçün seçilən astronavt namizədlər Alper Gezeravcı və Tuva Cihangir Ataseverin adı ilk dəfə ötən il aprel ayının 29-da, İstanbulda baş tutan  TEKNOFEST-də  Prezident Rəcəb Tayyib Ərdoğan  tərəfindən təqdim edilib.

Namizədlər ABŞ, Yaponiya, Almaniya və Türkiyədə təlim keçiblər. Bundan əlavə, Beynəlxalq Kosmik Stansiyada (BKS) aparılacaq 13 elmi təcrübə müəyyən edilib. Bu təcrübələr mikroqravitasiya və kosmik mühitlərdə aparılır və  insan genetikası, insan sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elm sahələrində keçiriləcək. Təcrübələrin inteqrasiya və uyğunlaşma işləri TÜBİTAK Kosmos, Axiom Kosmosu və NASA ilə koordinasiyada aparılacaq.

Artıq Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu gün ilk dəfə kosmosa buraxılacaq.  Mərasimi İstanbul və Ankaradakı meydanlardan da izləmək mümkün olacaq. Sənaye və Texnologiya Nazirliyi, İstanbul və Ankaradakı meydanlarda "qübbəli çadır" adlanan nəhəng günbəzli sahələrdən ibarət planetariumlar yaradıb. Ərazinin ətrafına Alper Gezeravcının fotoşəkilləri, Sənaye və Texnologiya Nazirliyi, Türkiyə Kosmik Agentliyi, Milli Texnologiya Hərəkatı və Türkiyənin "ilk insanlı kosmos missiyası"nın loqoları yerləşdirilib. Digər tərəfdən, kosmonavtın kosmos stansiyasına səyahəti, Ankara ODTÜ Kampusunda yerləşən TÜBİTAK Kosmik Texnologiyalar Araşdırma İnstitutu Yer Stansiyasında çalışan kosmos mühəndisləri və elm adamları tərəfindən anbaan izlənəcək.

Açılış mərasimini təkcə meydanlarda qurulmuş planetariumlarda deyil, elm mərkəzlərində də izləmək mümkün olacaq. Bu mərkəzlərdə seminarlardan tutmuş kosmik filmlərə qədər bir çox proqramlar keçiriləcək. Mərkəzlər əsasən Konya Elm Mərkəzi, Bursa GUHEM, Elm Üsküdar, Antalya Elm Mərkəzi, Gaziantep Müzeyyen Erkul Elm Mərkəzi, Aksaray Elm Mərkəzi, Trabzon Özdemir Bayraktar Elm Mərkəzi və Kayseri Elm Mərkəzləridir.

Axiom Space-in ISS-ə göndərəcəyi "Ax-3" missiyasının tərkibində 4 nəfər ekipaj var. Alper Gezeravcının "Ax-3" uçuşunda iştirak edəcək şəxslər ABŞ və İspaniyanı təmsil edən missiya rəhbəri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və  isveçli Markus Wandt təyin olunub. Dörd nəfərdən ibarət "Ax-3" ekipaj ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən "SpaceX Dragon" kosmik gəmisi ilə "SpaceX Falcon 9" raketi ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək.

Floridadan buraxılış bu gün (UTC) 00.49-da (Türkiyə vaxtı ilə) baş tutacaq. Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşmənin reallaşacağı  gözlənilir.

Bununla bağlı açıqlama verən Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır Türkiyənin ilk kosmos səyahətçisi Alper Gezeravcının "Ax-3" heyəti ilə birlikdə bu gün  Beynəlxalq Kosmik Stansiyaya atılacağını bildirib. O deyib: "Bu, tarixi bir missiyadır. Beləliklə, türk alimlərinin kosmos elmi sahəsində apardıqları araşdırmalarda yeni bir mərhələyə qədəm qoymuş olacağıq. Alper Gezeravcı həm də türk gəncləri və türk uşaqları üçün ilham mənbəyi olacaq. Cənab Prezidentimizin liderliyində Milli Kosmos Proqramı çərçivəsindəki hədəflərimizi həyata keçirməyə davam edəcəyik''.

Beləliklə, Türkiyə  bu addımla 2021-ci ildə açıqladığı Milli Kosmos Proqramının "ilk insanlı kosmos missiyası" hədəfinə çatmış olacaq. Türk bayrağını kosmosa qaldıracaq missiya üçün Türkiyə Kosmik Agentliyi (TUA) və PTT tərəfindən xüsusi xatirə möhürü, zərf və Türkiyənin  100 illik yubileyinə özəl Marka hazırlanıb.  Markanın sol tərəfində 100-cü il loqosu ilə birlikdə Türkiyə Kosmik Agentliyinin loqosunu ehtiva edən tarixin dərinliklərindən gələn 8 guşəli Səlcuq Ulduzu, onun yanında çiynində Türkiyə bayrağı olan ilk astronavt Alper Gezeravcının silueti  və markanın ətrafında 16 Türk dövlətinə həsr olunmuş 16 ulduz var.

Onu da qeyd edək ki, Alper Gezeravcının  Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacağı və 13 fərqli elmi təcrübə həyata keçirəcəyi bildirilir. Biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə aparılacaq təcrübələrdən birinin Muş Elm və Sənət Mərkəzində tələbələr tərəfindən hazırlandığı açıqlanıb.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.