NAFTALAN VƏ İVANİÇ-QRAD QARDAŞLAŞMA ŞƏHƏRİDİR
Region

NAFTALAN VƏ İVANİÇ-QRAD QARDAŞLAŞMA ŞƏHƏRİDİR

Azərbaycan Respublikası Naftalan şəhəri və Xorvatiya Respublikasının İvaniç-Qrad şəhəri arasında əlaqələrin yaradılması, dostluq və əməkdaşlıq xartiyasının imzalanması ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikasında səfərdə olublar.

Nümayəndə heyəti paytaxt Zaqreb şəhərində ölkəmizin Xorvatiyadakı səfirliyinin fəaliyyət göstərdiyi binada qonaq olub, səfir Anar İmanovla görüşüb. Görüş zamanı səfərin gündəliyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki şəhər arasında qardaşlaşmanın, qarışılıqlı əlaqələrin daha da yaxşılaşmasının əhəmiyyəti vurğulanıb.

Səfər proqramı çərçivəsində İvaniç-Qrad şəhər administrasiyasında nümayəndə heyəti ilə şəhər meri Javor Bojan Leš və digər məsul əməkdaşların iştirakı ilə görüş olub və qarışılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzov Naftalanın qədim və zəngin tarixi, turizm potensialı, son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Zabit XƏLİLOV,

“Respublika”.