Naqif Həmzəyev: “Qaçaqmalçılıq hallarına rast gəlinməsi BQXK üçün rüsvayçılıq deməkdir.”
Siyasət

Naqif Həmzəyev: “Qaçaqmalçılıq hallarına rast gəlinməsi BQXK üçün rüsvayçılıq deməkdir.”

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir ki, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Ötən müddət ərzində isə DSX-nın əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

“Humanitar missiya içraçısı hesab edilən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə qaçaqmalçılıq hallarına rast gəlinməsi beynəlxalq səviyyəli təşkilat üçün rüsvayçılıq deməkdir”.

Bu fikirləri “Respublika”ya deputat Naqif Həmzəyev deyib.          

Məsələ ilə bağlı deputat qeyd edib ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra ermənilərin yaşadığı, Rusiya sülhmərəmlılarının müvəqqəti yerləşdirildiyi torpaqlarımıza qanunsuz, qaçaqmalçılıqla hər hansı silah-sursatın, keçirilməsi qadağan olan əşyaların keçirilməsinin müəyyən qədər qarşısını ala bilib:

“Buna baxmayaraq, humanitar missiya içraçısı hesab edilən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə qaçaqmalçılıq hallarına rast gəlinməsi beynəlxalq səviyyəli təşkilat üçün rüsvayçılıq deməkdir. Təəssüflər olsun ki, əvvəllər buradan və alternativ yollardan separatçıların yerləşdiyi ərazilərə təxribatlarda istifadə edilən silah-sursat daşınırdı. Lakin Laçın nəzarət-buraxılış məntəqəsi qurulandan sonra, artıq bütün avtomobillər yoxlanılır. Bu yol yalnız humanitar məqsədlər üçün istifadə edilməlidir”.

Millət vəkili bildirib ki,  quldur dəstələrinə, separatçılara yardım göstərən BQXK özlərinə məxsus nəqliyyat vasitələri ilə dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsinə cəhd edib: " Qeyd edim ki, bundan öncə də biz təcili tibbi yardım maşınları vastəsi ilə silah-sursatın, terrorçuların daşındığının şahidi olmuşuq. Hətta Rusiya sülhməramlılarının müşahidəçiliyində də, bu cür aktlar törədilib. Sadalananlarla bağlı Azərbaycan tərəfi dəfələrlə həm sülhməramlılara, həm də Ermənistan tərəfinə xəbərdarlıq edib. Düşünürəm ki, nəzarət-buraxılış məntəqəsinin bundan sonra fəaliyyəti daha da, artırılmalıdır.

“BQXK Ermənistandakı ofisinə deyil, məhz Azərbaycandakı ofisinə bağlı fəaliyyət göstərməlidir ki, bu cür qaçaqmal daşınmaları həyata keçirilməsin. Əlbəttə ki, bu hal onların birbaşa Ermənistanın diktəsi ilə oturub-durması reallığını doğurur. Ümumiyyətlə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti dərindən araşdırılmalıdır. Onlar qəti şəkildə ölkəmizin mənafeyi baxımından çıxış etmirlər. Beynəlxalq hüquq dairələrinə bu barədə məlumatlar verilməli və adekvat tədbirlər görülməlidir ki, onlar da öz fəaliyyət prinsiplərini bir daha nəzərdən keçirsin və mandatlarına uyğun davranışlar nümaiş etdirsinlər” – deyə, Naqif Həmzəyev bildirib.

Nurlan ABDALOV,

“Respublika”.