Siyasət

"Nə Əli aşından, nə də Vəli aşından"...

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 18-də Münxendə keçirdiyi görüşlərdə ölkəsinin xarici siyasəti ilə bağlı məsələlərə aydınlıq gətirməyə çalışıb. Hökumət rəhbəri bildirib ki, onun komandasının əsas vəzifəsi Ermənistanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini qorumaqdır. Nikol onu da qeyd edib ki, Avropa İttifaqı İrəvanı dəstəkləyir və ermənilər demokratiyanın nə olduğunu indi öyrənirlər. Baş nazirin bu sözləri Rusiyaya açıq demarşdır. Paşinyanın Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə Moskva ilə müttəfiq olmadıqlarını açıqlaması da bunu sübut edir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi Andrey Serdyukovun sözlərinə görə, ayrı-ayrı dövlətlər Cənubi Qafqazda yüksək münaqişə riskindən Xəzərin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək üçün istifadə edir. Serdyukov həmçinin vurğulayıb ki, KTMT-nin məsuliyyət zonasında hərbi təhlükəsizliyə əsas təhdid mənbəyi Birləşmiş Ştatlar və Avropa dövlətlərinin dağıdıcı fəaliyyətidir. Yəni Rusiyanın rəhbərliyi altında fəaliyyət göstərən təşkilat Cənubi Qafqazda baş verənlərə görə kollektiv Qərbi günahkar hesab edir. Bununla belə, KTMT-də iştirakını davam etdirən Ermənistan açıq-aşkar bu fikirlərlə razılaşmır. Avropa missiyasını sərhədə gətirən, Fransadan silahlar alan, Birləşmiş Ştatlarla hərbi təlimlər keçirən İrəvan Moskva ilə hesablaşmır.

Buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana xəbərdarlıq xarakterli müraciətinə baxmayaraq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə Brüsseldə görüşüb. Əvvəlcə İrəvanın XİN rəhbəri regiondakı son vəziyyət barədə Avropa İttifaqının ali nümayəndəsini məlumatlandırıb. Borrellin Mirzoyana ilk sualı isə maraqla qarşılanıb. Avropa rəsmisi İrəvan nümayəndəsi ilə salamlaşan zaman sərhəddə baş verən insidenti nəzərdə tutaraq "yenə də problemimiz var, hə?" sualını ünvanlayıb. Mirzoyan da buna "təəssüf ki, bəli" cavabını verib. Əslində bu məsələ çox sadə görünsə də, Qərbin Ermənistandan müəyyən mənada bezdiyinə işarə edir. Amma "qoca qitə"nin Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq üçün yeganə rıçağının Paşinyan hökuməti olduğunu da unutmamaq lazımdır. Buna görə də nümayəndələr ikitərəfli əməkdaşlıqda son nailiyyətlərə və fəal işləyə biləcəkləri perspektivlərə nəzər salıblar. Borrell Ermənistanda həyata keçirilən islahatlardan, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edərək quruma rəsmi üzv olmasından məmnunluğunu bildirib. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı İrəvan hökumətinin ədliyyə sahəsində islahatlar və korrupsiyaya qarşı mübarizə istiqamətində təşəbbüslərini alqışlayıb. O, həmçinin müdafiə, iqtisadiyyat, xarici əlaqələr sahələrində əməkdaşlıq mesajı da verib. İrəvanın Qərbin bütün şərtlərini yerinə yetirdiyini deyən Mirzoyan isə Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlamağın vacibliyini vurğulayıb. Bu təklif də müsbət qarşılanıb.

Amma belə konkret mesajların fonunda fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyanın Britaniyanın "Teleqraf" nəşrinə müsahibəsində Moskva ilə əlaqələri tamamilə qoparmaq istəmədiyini deməsi yada düşür. Hökumət rəhbəri bildirmişdi ki, Ermənistan Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırmaq fikrində deyil. Ölkəsi müdafiə sektorunda Rusiyadan üz döndərmir. Sadəcə olaraq indi İrəvanın məqsədi yeni tərəfdaşlıq münasibətlərini şaxələndirməkdir. O, həmçinin qeyd etmişdi ki, Ermənistanın bu strategiyası Rusiyaya qarşı deyil. Üstəlik, hazırda NATO-ya daxil olmaq məsələsi də müzakirə edilmir. Çox qısa müddətdə İrəvanın ritorikasını dəyişməsi onun Qərbdən ciddi təlimatlar aldığına işarə edir. Mümkündür ki, Borrell Mirzoyana daha çox hərbi dəstək vəd etsin. Amma Ermənistanın Rusiyadan qopa bilməməsinin yeganə səbəbi təhlükəsizlik bağları deyil. Ortada ciddi maliyyə asılılığı var. Bu ölkənin iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır və Ermənistanda əsas müəssisələrə rus şirkətləri nəzarət edir. Həmçinin İrəvanın təbii qaz ehtiyaclarının 80 faizdən çoxunu da Moskva bazarları təmin edir. Belə olan halda bir sual meydana çıxır ki, Qərb Rusiyanın yerini doldura biləcəkmi? Cavab çox sadədir. "Qoca qitə" istəsə də buna nail olması çətin görünür. Çünki hazırda Avropa enerji məsələlərində Mərkəzi Asiya dövlətlərindən, o cümlədən Azərbaycandan asılıdır. Ukrayna müharibəsinin də davam etdiyini nəzərə alsaq, kollektiv Qərbin Ermənistana genişmiqyaslı yardımları mümkün deyil.

Bu halda Paşinyan hökumətinin Kremldən tamamilə uzaqlaşması, ona kəskin demarş etməsi də real görünmür. Böyük ehtimalla, Moskvanın İrəvana qarşı qəti addımlar atmaması da sözügedən məsələ ilə bağlıdır. Amma bu o demək deyil ki, Rusiya Ermənistanın bütün gedişlərini sakit qarşılayacaq. Hazırda Kreml bəzi rus siyasətçilərinin dili ilə Paşinyana və onun komandasına anlatmağa çalışır ki, belə davam edəcəyiniz təqdirdə sizin hakimiyyət təhlükə altında qalacaq.

Görünən odur ki, Paşinyanın iki stulda oturmaq cəhdləri Ermənistanı geosiyasi maraqların toqquşduğu məkana çevirir. Bu isə Ermənistanı vətəndaş müharibəsinin astanasına gətirməklə yanaşı, Cənubi Qafqazda sabitliyi pozur. Bu məqamda, Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söylədikləri öz aktuallığını qoruyur. Dövlət başçımız bildirmişdi ki, İrəvan hökuməti əsassız iddialarından imtina etməsə, sülh sazişi imzalanmayacaq. Bundan isə Azərbaycan deyil, məhz Ermənistan ziyan görəcək. Deməli, əgər Paşinyan ölkəsinin gələcəyini düşünürsə, ilk növbədə rəsmi Bakı ilə münasibətlərini nəzərdən keçirməli və öz istiqamətini açıq-aydın bəlli etməlidir. Amma bu dəfə heç bir yalan və riyakarlıq olmadan. Əks halda, Ermənistan Molla Nəsrəddin misalı, "Əli aşından da olacaq, Vəli aşından da".

Jalə QASIMZADƏ,

"Respublika".