Ulu Öndərin işıqlı ideyaları ölkəmizi uğurlu gələcəyə aparır
Siyasət

Ulu Öndərin işıqlı ideyaları ölkəmizi uğurlu gələcəyə aparır

18 oktyabr 1998-ci ildə Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin andiçmə mərasimi keçirilib

Ötən əsrin sonlarında SSRİ-nin dağılması ilə dövlətimiz 70 illik rus imperiyasının buxovlarından azad oldu, müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabr ayının 18-də Ali Sovetin sessiyasında qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən müstəqil Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olundu.

O illərdə müstəqilliyini yenicə bərpa etmiş respublikamızda hakimiyyət uğrunda mübarizələr qardaş qırğınına gətirib çıxarmış, ölkədə xaos, anarxiya son həddə çatmış, xalqımız çətin, mürəkkəb situasiya qarşısında qalmışdı. Ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefa verdikdən sonra Azərbaycana qarşı təzyiqlər davamlı xarakter almışdı. Ermənistan tərəfindən ərazilərimizin 20 faizdən çox hissəsi işğal olunmuşdu. 1990-cı ildə sovet ordusu Bakıda görünməmiş qanlı 20 Yanvar faciəsini törətmişdi. Həmin dövrdə respublika rəhbərlərinin səriştəsizliyi, idarəçilik qabiliyyətinin, siyasi savadının olmaması, digər tərəfdən isə xarici qüvvələrin təzyiqi gənc, müstəqil Azərbaycanın mövcudluğunu təhlükə altına almış, respublikanı uçurumun astanasına gətirmişdi. Tarix boyu mübarizələrdən, keşməkeşlərdən keçmiş xalqımız öz nicatını yenə də dahi oğlu Heydər Əliyevdə gördü. O vaxt Heydər Əliyev 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında ölkəmizdə baş vermiş qanlı faciədə mərkəzi hakimiyyəti günahlandıraraq kəskin çıxış etmiş, bütün dünyaya səslənərək hadisəni qətiyyətlə pisləmişdir. Bundan sonra doğma vətəninə geri dönən ulu öndər Bakıya, sonra isə Naxçıvana getmişdir. 1990-1993-cü illərdə Naxçıvanda siyasi fəaliyyət göstərən ümummilli lider ağır blokada şəraitinə baxmayaraq, muxtar respublikanı erməni işğalından, əhalini aclıqdan, səfalətdən xilas etdi…

1993-cü il iyunun 15-də Heydər Əliyev xalqın təkidli xahişi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ali Sovetin sədri kimi ulu öndər ilk gündən ölkədə sabitliyin təmin olunması, hərc-mərcliyin, özbaşınalığın qarşısının alınması istiqamətində əhəmiyyətli işlər gördü. Parlamentin 24 iyun tarixli iclasında Prezident səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi və həmin ilin 3 oktyabr tarixində isə ulu öndər ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçildikdən sonra ümummilli lider ilk növbədə, ölkənin daxili və xarici siyasətində mövcud yanlışlıqları yoluna qoydu. Xalqın mənafeyinin qorunmasına yönəlmiş islahatlara başlandı. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeri, dünya dövlətləri ilə əlaqələri müəyyənləşdirildi. Ölkənin ümummilli mənafelərini müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın, dövlətin təhlükəsizliyini təmin etmək ən vacib məsələ olaraq qarşıya qoyuldu və bu siyasət ulu öndərin Azərbaycana rəhbərliyinin son gününə qədər məqsədyönlü, düşünülmüş şəkildə həyata keçirildi.

1998-ci ildə xalq dahi oğluna yenidən etimad göstərdi, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktyabrın 18-də keçirilən andiçmə mərasimində ulu öndər demişdir: "Müstəqil Azərbaycanın yenidən prezidenti seçilməyimdən qürur hissi keçirirəm və mənə göstərilən bu etimadı Azərbaycan prezidenti kimi fəaliyyətimə verilən yüksək qiymət kimi dəyərləndirirəm. İndicə Azərbaycan Respublikasının Konstitusiyasına, müqəddəs kitabımız Qurani-Şərifə əl basaraq sizin qarşınızda, bütün Azərbaycan vətəndaşlarının qarşısında and içdim. Bəyan edirəm ki, mən andıma daim sadiq qalacağam və ömrümün sonuna qədər doğma vətənimiz Azərbaycana, millətimizə, xalqımıza sədaqətlə xidmət edəcəyəm".

1998-ci ildə respublikamızda keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın demokratiya yolu ilə getdiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Ötən beş il müddətində respublikamızın parçalanmasının, dövlət çevrilişi cəhdlərinin, terror, təxribat aktlarının qarşısının alınmasını, bütün bunların fonunda ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndiyini diqqətə çatdıran ölkə başçısı həmçinin 1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə olunduğunu, ictimai-siyasi sabitliyin təmin edildiyini, hakimiyyətsizliyə son qoyulduğunu bildirmişdir.

İkinci dəfə beş il müddətinə ölkə Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın düşünülmüş, xalqımızın mənafeyinə xidmət edən daxili və xarici siyasət yürütdüyünü, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirildiyini vurğulamışdır. Dövlət başçısı, həmçinin demokratik prinsiplərə əsaslanan dövlət təsisatlarının yarandığını, müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbul olunduğunu, şəffaf, demokratik seçkilər əsasında müstəqil Azərbaycanın ilk parlamentinin - Milli Məclisin seçildiyini və qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə Azərbaycanda çoxsaylı qanunlar qəbul olunduğunu qeyd etmişdir.

Ordu quruculuğu istiqamətində mühüm islahatların aparıldığını, nizami, peşəkar milli ordunun yarandığını və artıq Azərbaycanın suverenliyini, dövlətçiliyini, müstəqilliyini və torpaqlarını qorumağa qadir güclü ordusunun formalaşdırıldığını diqqətə çatdıran ümummilli lider ötən beş ili Azərbaycanda dövlətçiliyin yaranması və inkişafı dövrü adlandırmışdır.

Budəfəki seçkilərin də azad, şəffaf və demokratik mühitdə keçirildiyini bildirən dövlət rəhbəri seçkiqabağı kampaniyada bir çox partiyaların və təşkilatların fəal iştirak etdiyini və prezidentliyə namizədlər arasında ciddi rəqabətin olduğunu Azərbaycanda demokratik mühitin yaranması kimi qiymətləndirmişdir. Bütün bunların ölkə vətəndaşlarının rahat, firavan yaşamasına xidmət etdiyini bildirən ölkə başçısı ötən dövr ərzində Azərbaycanın düşünülmüş, uzaqgörən siyasət yürütdüyündən və dünyanın bir çox inkişaf etmiş, aparıcı ölkələri ilə sıx əməkdaşlıq əlaqələrindən bəhs etmişdir.

Heydər Əliyev, həmçinin işğalçı Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal olunmuş ərazilərimizdən zorla köçürülmüş bir milyondan artıq məcburi köçkünün ağır şəraitdə yaşadığını, işğal altında olan torpaqlarda Azərbaycanın tarixi abidələrinin, məscidlərin, infrastrukturun dağıdıldığını, münaqişə nəticəsində on minlərlə vətəndaşımızın şəhid olduğunu bildirmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin münaqişəsini sülh yolu ilə həll etməyə səy göstərdiyini vurğulayan Heydər Əliyev demişdir: "Ancaq dünya bilməlidir, hamı bilməlidir və ATƏT, onun Minsk qrupu da bilməlidir ki, məsələnin sülh yolu ilə həll olunması Azərbaycanın ərazi bütövlüyü prinsipinə söykənməlidir. Biz heç vaxt heç bir qonşu ölkənin torpağına qəsd etməmişik və bu gün də qəsd etmirik. Heç kəsin torpağına göz dikməmişik. Biz Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmışıq, Azərbaycanın dövlət sərhədləri çərçivəsində olan müstəqil Azərbaycanın tam bütövlüyünü müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik. Dağlıq Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məhz bu çərçivədə ola bilər. Biz torpağımızın hansısa bir hissəsini heç vaxt heç bir ölkəyə verə bilmərik. Azərbaycanın sərhədlərinin bütövlüyü, ərazi bütövlüyü bizim üçün müqəddəsdir. Biz bu müqəddəs məqsədlərə nail olmaq üçün bundan sonra da çalışacağıq və bütün vasitələrdən istifadə edib Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq".

Ulu öndər nitqinin sonunda Azərbaycanı XXI əsrdə iqtisadi cəhətdən inkişaf etmiş, dünya birliyinə inteqrasiya olunmuş, beynəlxalq aləmdə nüfuz qazanmış daha qüdrətli ölkə kimi görmək arzusunda olduğunu bildirmişdir. Bu gün dahi lider, ulu öndər Heydər Əliyevin arzuları gerçəyə çevrilib. Müstəqil Azərbaycanda dahi şəxsiyyət, müdrik lider Heydər Əliyevin ideyaları yaşayır və ölkəmizi uğurlu gələcəyə aparır.

Mehparə ƏLİYEVA,

"Respublika".