Nifrətə çevirdin baxışlarını...
Sosial həyat

Nifrətə çevirdin baxışlarını...

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Əli Əflan oğlu Mənəfli 12 oktyabr 2001-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Şirvan Peşə Liseyinin və Şirvan şəhər Musiqi Məktəbinin məzunu olub. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 14 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək göstərdiyi şücaət və qəhrəmanlıqlara görə şəhid Əli Mənəfli Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 Əli və onun kimi şəhidlik zirvəsinə yüksələn oğullarımızın şəninə qoşulan nəğmələr bu gün təsəlli kimi ürəklərə hakim kəsilib.

Dünyanı heyrətə salan oldunuz,

Azadlıq oduna yanan oldunuz.

Köçüb ürəklərdə qalan oldunuz

Unutmaq olarmı sizi şəhidlər...

Tofiq HÜSEYN,

"Respublika".