Obyektiv zərurətdən yaranan partiya
Digər xəbərlər

Obyektiv zərurətdən yaranan partiya

Məlumdur ki, siyasi proses subyektdən kənar təsisatların və qüvvələrin qarşılıqlı fəaliyyəti nəticəsində təşəkkül tapan obyektiv amillərlə, öz qanunauyğunluqları ilə şərtlənir və formalaşır. Siyasi proses sosial vakuumda yox, məhz sosial mühitdə üzə çıxan çoxsaylı obyektiv və subyektiv xarakterli hadisələrin təsiri sayəsində baş verir. 1990-1992-ci illərdə ölkəmizdə hökm sürən hərc-mərclik, xarici qüvvələrin təzyiqi, AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi və səriştəsizliyi, qanunsuz silahlı dəstələrin qarətçilik əməlləri, bir tərəfdən də bədnam qonşularımız ermənilərin bizim dədə-baba torpaqlarımıza işğalçılıq niyyəti ilə etdikləri hücumlar ictimai-siyasi vəziyyəti və xalqın güzəranını gündən-günə ağırlaşdırmış, ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Hər yerdə anarxiya, özbaşınalıq hökm sürürdü. Belə bir ağır dövrdə Vətənimizin, xalqımızın qüdrətli, dahi liderə,  ölkəmizdə siyasi proseslərin öz axarına düşüb inkişaf etməsi üçün ona dayaq olan böyük, güclü xilaskar şəxsiyyətə və minlərlə insanları özündə birləşdirə biləcək ümumxalq partiyasına ehtiyacı var idi. Bunu dövr, Vətən, xalq gözləyir və tələb edirdi.

1992-ci ildə xalqımızın avanqard dəstəsi, adları artıq tarixə düşmüş 91 nəfər ziyalısı əsl vətəndaşlıq cəsarəti göstərərək Naxçıvana - dünyaşöhrətli böyük şəxsiyyətə - Heydər Əliyevə rəsmi müraciətlə üz tutdu: "Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan, sözün əsl mənasında, siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. "Məşhur "91-lər"in tarixi müraciəti belə yekunlaşırdı: "Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz".

Azərbaycan ziyalılarının müraciətinə Heydər Əliyevin cavabında deyilirdi: "Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur".

Bəli, obyektiv zərurət isə o zaman yaranan, xalqı, Vətəni bütün bəlalardan, xaosdan xilas edən, ölkədə dinclik, əmin-amanlıq yaradan, vətəndaşlarımızın yaşayışını, rifah halını getdikcə yüksəldən, sonra da Vətən torpaqlarını 30 illik işğaldan, əsarətdən qurtaran və həmin partiyanın rəhbərləri, ulu öndər Heydər Əliyev və Müzəffər Prezidentimiz İlham Əliyev oldu.

21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində yaradılan Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqına ünvanlanan möhtəşəm bəyanatında deyilirdi: "Başlıca proqram məqsədimiz dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik, hüquqi dövlətin yaradılması, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaqdan, irqindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli inkişafı və etibarlı müdafiəsini təmin etmək məqsədilə geniş demokratik islahatların həyata keçirilməsi uğrunda mübarizə aparmaqdan ibarətdir".

Mən Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi 30 illiyi ərəfəsində onun fəaliyyətinə başqa yazılardan fərqli olaraq elmi, siyasi, fəlsəfi yanaşmalarla nəzər salmaq istərdim.

Yeni Azərbaycan Partiyası siyasi prosesin strukturunun subyekti, yəni real hakimiyyət və ya onun daşıyıcıları; prosesin məqsədi kimi yaradılan və ya əldə edilən obyektiv, yəni prosesin vasitələri, metodları, resursları, icraçıları yaranandan daim xalqın, Vətənin tərəqqisi yolunda fəaliyyət göstərmişdir. YAP ölkəmizdə gedən siyasi prosesin ideal və mənəvi tərəfləri, onun daim hərəkətdə olan resursları kimi çıxış edir. Siyasi prosesin ideal və mənəvi tərəflərinə elm, bilik, milli və mənəvi dəyərlər, vətəndaşlarımızın əhvali-ruhiyyəsi, onların vətənpərvərlik ideologiyası, ictimai əhatə dairəsinin daim zənginləşməsi, Vətəni sevmək, onu qorumaq, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmaq, ulu öndərin həmişəyaşar ideyalarını təbliğ etmək, yaymaq, yaşatmaq... və digər amillər daxildir. Doğma və yenilməz partiyamızın ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə, siyasi ustalıqla işlənib hazırlanmış, hazırda ölkəmizin ictimai- siyasi həyatında misilsiz rol oynanan siyasi nəzəriyyə və konsepsiyalar toplusu siyasi məqsədlərin gündən-günə daha geniş vüsətlə həyata keçirilməsində fəal iştirak edir. YAP siyasi prosesə aid məqsədləri elə formalaşdırır ki, hər bir Azərbaycan vətəndaşı inanır ki, ölkəmizin ictimai-siyasi həyatında baş verən siyasi gedişatlar, hadisələr, işğaldan azad olunmuş rayonların ərazilərində bərpa-quruculuq işləri sosial-tarixi proseslərin xüsusi fəaliyyəti kimi böyük önəm kəsb edir. İnsan amili, xalqın zəka potensialına qayğı və diqqət, keçmiş zəngin tarixi irsə daimi isti münasibət, müasir dünya siyasətinin nəbzini həmişə öz əlində tutub saxlamağı bacarmaq Yeni Azərbaycan Partiyasının inkişaf meyillərinin əsasını təşkil edir. Çoxistiqamətli siyasi proseslərin inkişaf səbəbləri də çoxcəhətlidir - azərbaycançılıq, milli dövlətçilik, müstəqil ideologiya, mütərəqqi dünya siyasətinə inteqrasiya və qloballaşmanın zaman keçdikcə daha güclü reallığa çevriləcəyini əsas tutmaq, maliyyə və ya digər xarakterli hadisələr sayəsində iqtisadiyyatda, sosial strukturda, mənəvi-siyasi dəyərlər sistemində yüksəlişə doğru baş verən dəyişiklik, eləcə də cəmiyyətin siyasi sferasının özünün təkamülü nəticəsində yaranan tərəqqi və inkişafın iri addımları və ürəkaçan siyasi mənzərələri göz önündədir.

Yeni Azərbaycan Partiyasının Sədri, qətiyyətli Prezidentimiz cənab İlham Əliyevin diplomatik uğurları mühüm əhəmiyyət kəsb edən dövlət, hakimiyyət təsisatlarının qərarlarında getdikcə daha böyük mənalar kəsb etməkdədir. Elə buna görə də möhtərəm Prezidentimiz, sıralarında yüzminlərlə üzvləri birləşdirən partiyamızın rəhbəri İlham Əliyevin çoxistiqamətli siyasi, dövlətçilik fəaliyyətində ayrı-ayrı funksiyalar sırasında strateji vəzifələr başlıca yer tutur. Bu işlərin dolğun məzmunu Azərbaycan cəmiyyətinin qüdrətli inkişaf strategiyasının və taktikasının unikal təcəssümüdür. Bu, bir danılmaz həqiqətdir ki, minlərlə Azərbaycan vətəndaşının həvəslə, qürurla üzvü olduğu Yeni Azərbaycan Partiyasının ideologiyası dünyanın nadir tarixi şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin siyasi təfəkkürünə, milli, intellekt dühasına bağlı idi. Zəngin dövlətçilik səriştəsinə sahib olan dahi dövlət xadiminin "Demokratik, hüquqi, dünyəvi dövlət qurmaq" devizi ilə etdiyi çağırış qısa zaman kəsiyində ölkədə bir canlanma yaratmışdı. Çünki Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dərin, hərtərəfli bilikləri, milli-mənəvi təəssübkeşliyi və milli identiklik çalarlarına bağlı ümumbəşəri dəyərləri bu siyasi qüvvənin fəaliyyətinin əsas istiqamətini təşkil edirdi.

Siyasi elitanın fəaliyyəti ilə bağlı olan funksiyalardan digəri kommunikativ əlaqələndirici funksiyadır - yəni xalqın bütün təbəqələri ilə daim təmasda, əlaqədə olmaq işidir. Bu funksiya siyasi proqramlarda əhalinin müxtəlif sosial qrupları və təbəqələrinin mənafe və tələbatının əks etdirilməsini və bunların praktiki fəaliyyətdə reallaşmasını nəzərdə tutur. Kommunikativ funksiya özündə müxtəlif sosial birliklərin əhvali-ruhiyyəsinin xüsusiyyətlərini üzə çıxarmağı, ən mühüm müxtəlif məsələlərə dair ictimai rəydə baş verən dəyişikliklərə dərhal və düzgün münasibət bildirməyi səciyyələndirir. Bu funksiya, eləcə də sosial məqsədlərin, ideya və dəyərlərin müdafiə olunmasını nəzərdə tutur.

Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov siyasi elitanın fəaliyyətini ifadə edən təşkilatçılıq funksiyası işlənib hazırlanmış xəttin praktikada reallaşmasını, siyasi qərarların strateji yönünün müxtəlif siyasi tədbirlər sistemində ifadə olunmasını dilə gətirərək demişdir: "Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir proses mümkün deyildir. Azərbaycan bir çox hallarda çox mühüm proseslərin təşəbbüskarıdır və bütün hallarda bölgədə gedən layihələrin iştirakçısıdır".

Beləliklə, siyasi hakimiyyətin fəaliyyətinin başlıca məzmunu bütövlükdə cəmiyyəti idarə etməkdən, ona ədalətli rəhbərlikdən ibarətdir. Həmin fəaliyyət nəinki cəmiyyətin, dövlətin idarə edilməsində, eləcə də ictimai həyatın ayrı-ayrı sferalarının tənzimlənməsində daha bariz şəkildə özünü göstərir. Bu baxımdan, Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi həyatında ümumxalq Yeni Azərbaycan Partiyasının başlıca fəaliyyəti hər addımda özünü göstərir.

Tarixi hadisələr və siyasi gedişatlar sübut etmişdir ki, ictimai-siyasi uğurların əsas şərti və başlıca yönü həmişə rəhbər və lider amili ilə bağlı olmuşdur. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2003-cü ildən başlayan yüksəliş və qələbə dolu yolları, iqtisadi sıçrayış, Azərbaycanın inkişaf templərinə görə dünyada ilk pillələrə çıxması, islahatçılıq strategiyasının öz miqyasına və sürətinə rəğmən kompleks və sistemli xarakter alması, cəmiyyətinin sosial rifahının, birinci növbədə əhalinin həyat səviyyəsinin dəfələrlə yaxşılaşması, yoxsulluğun 10 dəfə, yəni 49 faizdən 5 faizə qədər düşməsi böyük nailiyyət olaraq rəsmiləşdi.

Qalib Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı dərin məzmunlu çıxışında konseptual nöqteyi-nəzərdən onu da vurğulamışdır ki, həmin dövrün, zamanın canlı şahidləri fikir və düşüncələrini, təəssüratlarını gənc nəsillər üçün paylaşsınlar. Bu tövsiyə biz qələm sahiblərinin qarşısında bir vəzifə qoyur. Biz o şanlı günləri daha geniş səpkidə, bütün cizgiləri və rəngarəngliyi ilə yazmalı, gələcək nəsillərə vaxtında və obyektivliklə çatdırmalıyıq. Bu, həm də dövrün ictimai-siyasi sifarişi kimi qəbul olunmalıdır. Bizdən sonra gələnlər bilməlidirlər ki, onların yaşadıqları xoş, işıqlı zaman hansı çətinliklərin hesabına əldə olunmuşdur, kimlər bu sahədə necə böyük əzab və əziyyətlər çəkmişlər. Tarixi VII qurultayda o da vurğulanmışdır ki, Azərbaycan XXI əsrin müharibəsini aparmış, Ali Baş Komandan İlham Əliyevin əzmkarlığı və iradəsi ilə ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir.

Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultaydakı nitqində bildirmişdir: "Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir".

Tahir MƏMMƏDOV,

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının

üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru.