ÖLKƏMİZİN NEFT-KİMYA SƏNAYESİNİN İNKİŞAFINDA ULU ÖNDƏRİN ROLU
İqtisadiyyat

ÖLKƏMİZİN NEFT-KİMYA SƏNAYESİNİN İNKİŞAFINDA ULU ÖNDƏRİN ROLU

Azərbaycanda keçən əsrin 50-60-cı illərindən yaranan neft-kimya sənayesinin inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ötən əsrin 70-80-ci illəri tarixə Azərbaycanın intibah dövrü kimi düşmüşdür. Ölkə həyatının digər strateji əhəmiyyətli sahələri kimi, neft-kimya sənayesinin də ciddi elmi əsaslar üzərində dinamik inkişafının təmin olunması, bu sahədə ən yeni texnologiyaların tətbiqi, eləcə də mövcud müəssisələrin rekonstruksiyası məhz Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir.

Ulu öndər Sumqayıtda nəhəng kimya kompleksinin yaranmasını "Biz bunu Azərbaycanda kimya sənayesinin inkişafı üçün etdik", - deyə qiymətləndirərkən, Azərbaycanın müstəqil dövlət olacağını əvvəlcədən görür, bunun üçün zəmin yaradırdı. Bir sözlə, sənayenin, həm də yüzlərlə adda məhsul istehsal edən kimya sənayesinin inkişafında ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur.

1969-1982-ci illərdə Sumqayıt "Üzvi sintez" zavodunda 17 yeni istehsal obyekti istismara verildi. Sumqayıt yuyucu vasitələr zavodunda Heydər Əliyevin təşəbbüsü və tövsiyələrinin nəticəsi olaraq, əgər 1971-ci ildə 30 min ton yuyucu vasitələr hazırlanırdısa, 1978-ci ildə 120 min ton yuyucu vasitələr istehsal edilirdi.

Ötən əsrin 80-ci illərində Zaqafqaziyada ilk dəfə olaraq dənəvər fosfor gübrələri istehsal edən Sumqayıt superfosfat zavodunda yüksək məhsuldarlıqlı müasir texnoloji avadanlıq işə salındı.

Yod istehsalı müəssisələrinin fəaliyyəti də mühüm əhəmiyyət kəsb edirdi. O vaxt 8 milyonluq xalqımızın ildə cəmi 7-8 ton yoda ehtiyacı olduğuna baxmayaraq, Heydər Əliyev yod istehsalına ölkənin gəlir sahəsi kimi baxır və bilirdi ki, dünyanın bütün ölkələrində yoda böyük ehtiyac var. Neftçala Yod-Brom zavodu Avropada analoji zavodlar içərisində böyük müəssisələrdən biri sayılır və keyfiyyətli məhsul buraxırdı.

Keçən əsrin 70-80-ci illərində yeni müəssisələrin yaradılması ilə yanaşı, mövcud müəssisələrin rekonstruksiyası üzrə də böyük işlər həyata keçirilirdi. Bunun nəticəsi olaraq həmin dövrdə sulfanol istehsalı 150 min tona, natrium qələvisi istehsalı isə 250 min tona çatdırılmışdı. Sintetik kauçuk zavodunun da inkişaf dövrü 1969-1982-ci illərə təsadüf edir. İllik gücü 150 min ton olan butilkauçuku sexinin istifadəyə verilməsi ilə Bakı Şin zavodunu yerli və keyfiyyətli xammalla təchiz etmək və şinlərin keyfiyyətini yüksəltmək mümkün oldu.

Təqdirəlayiqdir ki, alimlərimizin, geoloqlarımızın, neftçilərimizin dəniz neft yataqlarının aşkar edilməsi və istismarı sahəsində zəngin təcrübələri və bununla bağlı işlənmiş elmi əsərləri bir çox xarici ölkələrdə diqqətlə, maraqla öyrənilir və tədqiqatlarda istifadə olunurdu. Azərbaycanın neft sahəsində çalışan alim və mütəxəssisləri yalnız SSRİ-də deyil (İkinci Bakı - Tatarıstan, üçüncü Bakı - Tümen və s.), həmçinin bir sıra xarici ölkələrdə - Çin, Hindistan, İran, İraq, Əlcəzair, Vyetnam və s. ölkələrdə yeni neft yataqlarının kəşfi və istismarında əvəzolunmaz rol oynayırdılar. Neftçıxarma sənayesi Sovet hökumətinin daim diqqət mərkəzində idi, lakin bu mühüm sahə Azərbaycanda lazımi inkişaf səviyyəsinə Heydər Əliyev respublika rəhbərliyinə gələndən sonra çatdırıldı. Ulu öndər Heydər Əliyev iqtisadiyyatın bu aparıcı sahəsinin inkişafına xüsusi diqqət yetirirdi. Heydər Əliyevin "...iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" - sözləri respublikamızın gələcək inkişafı üçün fikir və layihələrinin genişliyindən, əhatəliliyindən xəbər verirdi. Onun bilavasitə iştirakilə Xəzər dənizində perspektivli neft yataqlarının kəşfiyyat işləri xeyli genişləndi. Məhz həmin dövrdə xarici texnologiyalar bazasında inşa edilmiş "Xəzər", "Xəzərdənizneft" üzən qazma qurğularının alınması, xarici şirkətlərlə "Şelf" seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Bunların tətbiqi isə bütün Xəzər zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində böyük rol oynadı. Məhz bu qurğuların sayəsində "Çıraq", "Azəri", "Günəşli", "Kəpəz" və digər bu kimi iri yataqlar kəşf edildi. Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-də yeganə olan, 400 milyon ABŞ dollarına alınmış Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Bu gün həmin kompleksdə Xəzər dənizində dərin neft və qaz yataqlarının kəşfi üçün müasir dərin özüllər bloku istehsal edilir. Xəzərətrafı bütün dövlətlər öz yataqlarının mənimsənilməsi zamanı həmin qurğulardan istifadə edəcəklər.

Heydər Əliyevin göstərişi ilə ilk dəfə 70-ci illərdə neft emalı və neft-kimya sahələrinin əsaslı şəkildə yenidən qurulması proqramında həm havanın, həm də su hövzələrinin ekoloji problemlərinin kompleks həlli proqnozlaşdırıldı. Əgər atmosferin mühafizəsi müasir proseslərdə və istifadə olunan avadanlıqlarda hermetikliyin tətbiqi ilə təmin olunmuşdusa, Xəzər dənizinin mühafizəsi məqsədilə neft emalı müəssisələrinin tullantı sularını təmizləmək üçün bioloji təmizləyici qurğular kompleksi istismara verilmişdi.

"Azərneftyağ" zavodunda çıxışı zamanı Heydər Əliyev bununla bağlı demişdir: "25 il bundan əvvəl proqram təsdiq olunduqdan sonra yüksək səviyyəli yığıncaqlardan birində mən böyük nitqlə çıxış etdim. Orada dedim ki, bizim bu proqramı həyata keçirməyimiz nəticəsində "Qara şəhər" tamamilə təmizlənəcək, bütün his, duda, zəhərli maddələr yoxa çıxacaq və burada ağaclar, güllər əkiləcək, yaşayış evləri tikiləcək". Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə dedikləri çin olmuş, "Qara şəhər" "Ağ şəhər"ə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra neft-kimya sənayesini böhrandan çıxarmaq, bu sahədə mövcud müəssisələrin fəaliyyətini bərpa etmək üçün böyük əzmkarlıq nümayiş etdirmişdir. 1999-cu il martın 24-də EP-300 kompleksinin yeni buxar-generator qurğusunun təməli qoyularkən Heydər Əliyev çıxış edərək kimya sənayesində yeni müasirləşdirmə mərhələsinin başlanmasının məqsədəuyğunluğunu göstərmişdir: "Bu gün Sumqayıtın, eləcə də bütün respublikanın sənayesi üçün çox əhəmiyyətli olan mühüm bir enerji kompleksinin təməli qoyulur. Respublikamızın tarixində ötən əsrin 90-cı illərindən bəri bu yeganə, unikal sənaye obyektidir ki, biz onun tikintisinə başlayırıq. Keçmiş onilliklər ərzində Sumqayıtda iri müəssisələr yaradılmışdır. Bu gün də Sumqayıt kimya kompleksi Azərbaycanın sənayesində əhəmiyyətli yer tutur".

SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin (İB) Etilen-Polietilen Zavodu ölkəmizin neft-kimya sənayesində böyük paya sahibdir. Ölkəmizdə kimya sənayesinin ilk müəssisəsi "Ozer" adlanan, sonralar Sumqayıt Səthi Aktiv Maddələr zavodunun tarixi 1945-ci ildən başlayır. O dövrün ən böyük neft-kimya müəssisəsi sayılan Sumqayıt Sintetik Kauçuk Zavodunun əsası isə 1950-ci ildə qoyulub. 1980-83-cü illərdə Cənubi Qafqazda ilk dəfə olaraq dənəvər superfosfat gübrələri istehsal edən yüksək məhsuldarlığa malik yeni texnoloji kompleks - Superfosfat Zavodu tikilib istifadəyə verilib.

Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində "EP-300" qurğusunun inşasına başlanılıb və bu unikal qurğu 1989-cu ildə istismara verilib. Yeni texnoloji kompleksin işə salınması ilə etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, propan kimi qiymətli kimyəvi məhsulların istehsalına başlanılıb. Bu kompleksin əsas xammalı Bakı Neft Emalı Zavodunun (indiki Heydər Əliyev adına NEZ) karbohidrogen məhsulları idi. "EP-300" kompleksinin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan "Polimir-120" qurğusunun da inşası məhz Heydər Əliyevin dəstəyi ilə mümkün olub. İllik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması respublikamızda polimer məhsullarının - polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan verib. 1994-cü ildə isə "EP-300" və "Polimir-120" qurğularının əsasında Etilen-Polietilen Zavodu yaradılıb. Zavod hazırda illik 100-120 min ton etilen, 90-100 min ton propilen istehsal etmək gücünə malikdir.

Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) 1953-cü il iyulun 29-da SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən təsis edilmişdir. Zavod əvvəllər Yeni Bakı Neftayırma Zavodu, "Azərneftyanacaq" İstehsalat Birliyi və "Azərneftyanacaq" NEZ adlandırılırdı. Zavod 2004-cü il aprelin 22-dən ümummilli lider Heydər Əliyevin adını daşıyır. NEZ ölkədaxili tələbatın əsas hissəsini təmin edir. Azərbaycan neftinin 24 çeşidindən 21-ni emal edərək 15 növ məhsul istehsal edir. Bu məhsulların siyahısına benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və s. daxildir. Zavodda 4 əsas qurğu mövcuddur: ED-AV-6 qurğusu, Katalitik riforminq qurğusu, Tədrici kokslaşma qurğusu və Katalitik krekinq qurğusu. Bu qurğular müvafiq olaraq, 1976, 1980, 1986 və 1993-cü illərdə istismara verilib. Burada istehsal olunan məhsullar "Azərikimya" İB-nin Etilen-Polietilen Zavodu və digər qurğulara xammal kimi göndərilir.

"STAR" Neft Emalı Zavodu (NEZ) Türkiyənin qərbində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilib. Zavodun qurulmasında əsas məqsəd "Petkim" neft-kimya kompleksinin nafta ehtiyacının təmin olunması və Türkiyənin xaricdən asılılığının azaldılması, aldığı bir çox məhsulların istehsal edilməsidir. Zavodda Azərbaycan Respublikası da paya sahibdir.

"STAR" NEZ-in təməli 2011-ci ilin 25 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub.

"STAR" NEZ ümumilikdə, Türkiyənin neft məhsullarına olan ehtiyacının təxminən 25%-ni təmin edir. Emal gücü il ərzində 11 milyon ton olan "STAR" NEZ Türkiyədəki cari kəsirin azalmasına mühüm töhfə verir. Zavod 2020-ci ildə "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi" araşdırmasında altıncı yerə, EBSO-nun "Egey Bölgəsinin 100 Ən Böyük Sənaye Müəssisəsi" siyahısında isə birinci yerə layiq görülüb. 2021-ci ildə "STAR" NEZ rəqəmsal və sənaye 4.0 texnologiyalarının yaratdığı dəyərə görə Dünya İqtisadi Forumunun qabaqcıl istehsal müəssisələrini özündə birləşdirən "Global Lighthouse" şəbəkəsinə daxil edilib. Beləliklə, "STAR" NEZ dünyada bu mükafatı alan ilk neft emalı zavodu olub.

Yüksək sıxlıqlı Polietilen zavodu neft-kimya sənayesinin inkişafı məqsədilə ölkəmizdə 2013-cü ildə təsis edilən "SOCAR Polymer" şirkətinin iki əsas istehsal obyektindən biridir. Yüksək sıxlıqlı Polietilen (YSPE) zavodunun təməli 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub və 2019-cu ilin 18 fevral tarixində təntənəli açılış mərasimi baş tutub.

İllik istehsal gücü 120 min ton olan zavodda müxtəlif çeşidli YSPE istehsal olunur. Böyük hissəsi ixrac üçün nəzərdə tutulan bu məhsullara yerli bazarda da kifayət qədər tələbat var. YSPE müxtəlif növ plyonka, su və qaz nəqli üçün nəzərdə tutulan PE100 sinfinə aid təzyiqli borular, istehlak malları (qab-qacaq, vedrələr, zənbillər və s., meyvə-tərəvəz üçün plastik qutular və zibil konteynerləri, butulka, çəllək) və kimyəvi maddələr üçün konteynerlərin, eləcə də metal borular üçün örtüklərin hazırlanmasında istifadə edilir.

Polipropilen zavodu (PP) "SOCAR Polymer" şirkətinin iki əsas istehsal obyektindən digəridir. Zavodun təməli 2015-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Müəssisə 2018-ci ilin 18 iyulunda dövlət başçısı İlham Əliyevin və İtaliya Prezidenti Sergio Mattarellanın iştirakı ilə istismara verilib. PP zavodunun illik istehsal gücü 184 min tondur. Zavodda 30-dan çox çeşiddə PP istehsal edilir.

Karbamid Zavodunda ən yüksək azot tərkibinə (46.3%) və suda asan həllolma qabiliyyətinə görə seçilən karbamid gübrəsi ammonyak və karbon dioksidin CO2 sintezi nəticəsində əldə edilir. Sumqayıt şəhərində yerləşən zavod xarici şirkətlərin texnologiyaları əsasında daxili ucuz xammal hesabına karbamid gübrəsini istehsal edir.

Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilib.

Bakının Qaradağ rayonunda 2013-cü ildə istismara verilən Metanol zavodu ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsalat obyektidir. Zavodun qurulmasında İngiltərənin "ICI" firmasının aşağıtəzyiqli metanol istehsalı texnologiyası tətbiq edilib.

Metanol zavodunun illik istehsal gücü 561 min tondur. Zavodda təmizlik dərəcəsi 99,99% olan "A" marka texniki təmiz metanol istehsal olunur. İstehsal olunan metanolun ümumi satışının 97%-dən çoxu ixraca yönəldilir və 2021-ci ildə bu göstərici 98,8% təşkil edib.

Bütün bunlar Azərbaycanda neft-kimya sənayesinin gələcəyi barədə nikbin olmağa ciddi əsaslar verir.

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor.