Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ilk maarifləndirmə tədbiri keçirib
Sosial həyat

Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ilk maarifləndirmə tədbiri keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Mərkəzi və Seçki Komissiyasının birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda ilk maarifləndirmə tədbiri keçirilib. Tədbirdə hər iki qurumun əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin demokratiyanın əsas meyarı olduğunu və hər bir vətəndaşın bu prosesə məsuliyyətlə yanaşmalı olduğunu, seçki prosesslərində kütləvi informasiya vasitələrinin üzərinə düşən mühüm vəzifələri qeyd edib və tədbir iştirakçılarına Komissiya tərəfindən müvafiq dövlət qurumları ilə birgə seçki qanunvericiliyinin və praktikasının təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər barəsində geniş məlumat verib.

Ombudsman Səbinə Əliyeva MSK ilə birgə paytaxt və regionları əhatə edərək həyata keçiriləcək maarifləndirmə tədbirlərinin məhz seçkiyə hazırlıq məqsədilə həyata keçirildiyini, seçki hüquqlarının, seçki prosedurlarının, üzərimizə düşən vəzifələrin daha aydın izah olunması məqsədini daşıdığını vurğulayıb.

S. Əliyeva həmçinin qeyd edib ki, hər bir xalqın öz iradəsini ifadə etməsinin ən mühüm forması dövlət hakimiyyəti orqanlarına demokratik və azad seçkilər yolu ilə öz münasibətini bildirməsidir və bu proses xalqımızın və demokratik hüquqi dövlət olan dövlətimizin həyatında da mühüm əhəmiyyət kəsb edir. Ombudsman habelə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının məhz demokratik və ədalətli seçkilər vasitəsilə formalaşdırıldığını bildirib. O da bildirilib ki, Ombudsman təsisatı digər hüquqlar kimi seçki hüquqları da daxil olmaqla, vətəndaş və siyasi hüquqların daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl işlər görür, ölkəmizdə seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlayır, vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi vəziyyətini öyrənir, eləcə də Mərkəzi Seçki Komissiyası ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edir.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov çıxış edərək növbədənkənar Prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu” barəsində danışaraq, seçki prosesi zamanı müşahidəçilik institutunun tətbiqinin əhəmiyyəti, onun seçki prosessisndə aşkarlıq və ədalətlilik prinsiplərinin, habelə seçki hüququnun daha səmərəli təmininə xidmət etdiyini bildirib. Ombudsman təsisatının müşahidəçilik təcrübəsi barədə məlumat verib.

"Respublika".