Şikar Aslanov
Sosial həyat

Şikar Aslanov

Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. İgid oğullarımız Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdılar. İkinci Qarabağ müharibəsində isə qəhrəmanlıqla döyüşərək düşməni darmadağın etməklə qələbəni təmin etdilər. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri  örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanları isə çoxdur.

 Vətənin bütövlüyü naminə şirin canından keçən oğulların qanları ilə yazdığı şanlı zəfər tariximiz qürur mənbəyimizdir. Torpaqlarımızın  bütövlüyü  uğrunda  şəhid olan vətənpərvər oğullarımızdan biri də Aslanov Şikar Davud oğludur.

Şikar 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1977-ci ildə Süleymanlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbi bitirmişdir. 1988-ci ildə Sovet ordusu sıralarına çağırılan Şikar 1990-cı ildə ordudan tərxis olunur və doğma kəndinə dönür. Elə həmin ildə Cəbrayıl Rayon Daxili İşlər Şöbəsində post-patrul bölməsinə qəbul olunur.

1988-ci ildən başlayaraq ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları  gecə-gündüz onu rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atırdı. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi. 1991-ci ilin son aylarında o, Qarabağ uğrunda ölüm-dirim mübarizəsinə qatılır. Erməni işğalçılarının Vətənimizə basqını zamanı Şikar Aslanov da silaha sarılaraq döyüşə yollanır və ən qaynar döyüşlərin iştirakçısı olur.

1992-ci ilin iyun ayında Xocavənd rayonunun Sur kəndində Şikar piyadaların döyüş maşını ilə düşmənin neçə-neçə atəş nöqtəsini susdurur. Döyüşlərdə göstərdiyi şücaətə görə Şikar bir neçə dəfə komandirləri tərəfindən fərqləndirilmişdir. O, təkbaşına kəşfiyyata getməyə üstünlük verir, hər dəfə də dəqiq məlumatla geri dönərdi.

1992-ci il... İyul ayının 2-si... "Şayaq" əməliyyatı... Cəsur polis işçisi Şikar Aslanovun şərəfli döyüş yolunun son səhifəsi... Bu döyüşdə snayper gülləsi onu başından ağır yaralayır. Şikar hospitala çatdırılsa da, onu ölümün pəncəsindən xilas etmək mümkün olmur. Vətənin igid oğlu gözlərini əbədi olaraq yumur.

Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir. Süleymanlı kənd orta məktəbi onun adını daşıyır.

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu darmadağın edərək döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, "Qarabağ bizimdir!",  "Qarabağ Azərbaycandır!".

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi alrtında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində  yaşadığımız,  Şikar Aslanovun   həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür.

Azərbaycan bu şərəfli tarixi dövrdə həm də beynəlxalq müstəvidə haqq döyüşünün mübariz xalqı kimi tanındı. Uğurlu idarəçilik, peşəkar ordu quruculuğu, xalqının Prezidentinə etimadı, qətiyyətli liderinin ətrafında dəmir yumruq kimi birləşməsi Ermənistanın işğalçı ordusu üzərində qələbənin əldə olunmasını daha da sürətləndirdi.  Beləcə, 30 illik tarixi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli dünyada işğalçılığa göz yuman, bu niyyəti dəstəkləyən  digər işğalçı qüvvələrə də dərs oldu, həm də Azərbaycanın Müzəffər Ordusunun döyüş gücünü dünyaya, düşmənlərə göstərdi.

M.MİRZƏ, 

"Respublika".