ORDUMUZUN UĞURLU ƏMƏLİYYATLARI QÜRUR DOĞURUR
Digər xəbərlər

ORDUMUZUN UĞURLU ƏMƏLİYYATLARI QÜRUR DOĞURUR

44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbə, tarixi zəfər şanlı ordumuzun nəyə qadir olduğunu bütün dünyaya göstərdi. BMT-nin 30 ilə yaxın kağız üzərində qalmış qətnamələrini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli, sivil ordumuz döyüş meydanlarında yerinə yetirdi. Möhtəşəm qələbəmizdən sonra Cənubi Qafqaz regionunda qüvvələr balansı kəskin dəyişdi. Zaman qarşıya yeni reallıqlar, hədəflər qoydu. İşğaldan azad edilmiş rayonların tam reinteqrasiyası və Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması zərurəti gündəmə gəldi.

Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın yeni reallıqlar üçün geniş imkanlar açmasına baxmayaraq, Ermənistan hər dəfə sülh danışıqlarına mane olur, bəyanatın müddəalarını həyata keçirməkdən qəsdən yayınır.

Moskvada, Brüsseldə, Amerikada aparılan sülh danışıqlarında ölkəmizin işgüzar, fəal, konstruktiv mövqeyinə qarşı erməni tərəfi məkrli siyasət nümayiş etdirib. Düşmən havadarlarının köməyilə Xankəndidəki separatçı qüvvələrə hərbi texnika, canlı qüvvə, silah-sursat göndərərək sərhəd rayonlarımızda vəziyyəti gərginləşdirir.

Həmsöhbətim, ixtisasca tarixçi olan, respublikanın Əməkdar müəllimi Mənsur Ağayev Ermənistanın bütün dövrlərdə yalan, hiylə, qərəz üzərində qurulmuş məkrli, alçaq siyasət yürütdüyünü vurğulayaraq deyir:

- Bədnam qonşularımız tarix boyu ölkəmizə qarşı terror, soyqırımı, etnik təmizləmə siyasəti həyata keçiriblər. Dünyada özünü yazıq, kimsəsiz, zavallı millət kimi göstərib torpaqlarımızı uzun müddət işğal altında saxlayıblar. Bu gün də alçaq xislətlərindən əl çəkməyərək Qarabağda separatçılıq fəaliyyətlərini gücləndirirlər.

Azərbaycan üçtərəfli Bəyanatın tələblərini nəzərə alıb Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistanın nəqliyyat rabitəsini təmin etmək üçün yeni, rahat yol çəkib. Humanitar məqsədlər üçün tikilmiş yoldan Ermənistan Xankəndidəki separatçıları silahlandırırdı. Ekofəalların Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisində keçirdikləri etiraz aksiyasından sonra bu yolla məqsədlərinə çata bilmədilər. Hərbi təyinatlı yükləri gizli, torpaq yollarla daşımağa başladılar.

Ordumuz zəruri lokal nəzarət tədbirləri görüb Sarıbaba, Qırxqız və digər mühüm strateji yüksəklikləri nəzərətə götürdü. Düşmənin qanunsuz istifadə etdiyi Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolları ordumuzun nəzarətinə keçdi.

Bu günlərdə ordumuzun apardığı daha bir uğurlu əməliyyat tədbirləri nəticəsində Laçın rayonunun Çağazur və Zabux kəndləri arasında hakim yüksəkliklərə nəzarət təmin olundu. Sərhədboyu əsas və yardımçı yollar, keçidlər tam nəzarətə götürüldü.

Artıq Laçın-Xankəndi yolunda əməliyyat şəraitinə ordumuz nəzarət edir. Bu və digər alternativ yollardan hərbi təyinatlı yüklərın daşınmasının qarşısı alınıb. Bütün bunlar Laçın-Xankəndi yolu üzərində nəzarət-buraxılış məntəqəsinin yaradılması üçün real zəmin yaradır.

Bəli, qarşıda duran hədəflərə çatmaq üçün Azərbaycanın müasir, güclü, qüdrətli ordusu vardır. Üçtərəfli Bəyanatın şərtlərinə əməl etmək istəməyən Ermənistana yerini göstərən, onu məcburetmə tədbirləri ilə sülhə çağıran şanlı ordumuzla fəxr edir, qürur duyuruq.

Əlisəfa HƏSƏNOV,

"Respublika".