Oruc tutmağın psixoloji təsiri
Maraqlı

Oruc tutmağın psixoloji təsiri

Ramazan ayı fiziki və mənəvi təmizlənmə ayıdır. Orucluq bəzi hallarda insanların səhhətində problemlər yarada bilər.

"Bu dövrdə yaşanan emosional dalğalanmaları idarə etmək üçün oruc tutmağa zehni olaraq hazır olmaq lazımdır. Bundan əlavə, sahur və iftar zamanı balanslaşdırılmış qidalanma və kifayət qədər su istehlakı gün ərzində enerji səviyyəsini və əhvali-ruhiyyəni balanslı saxlamağa kömək edəcək''. Bu fikri mövzu ilə bağlı açıqlamasında psixoloq Aslı Kanizi bildirib.

Onun sözlərinə görə əqli yorğunluq oruc tutan bir çox insanda müşahidə olunan problemdir. Bu vəziyyətdən çıxmaq üçün gün ərzində qısa istirahət fasilələri vermək, yüngül hərəkətlər etmək və meditasiya kimi istirahət üsulları tətbiq etmək məsləhətdir. Oruc tutmaq bizə vərdişlərimizi nəzərdən keçirmək və bəlkə də bəzilərindən faydalanmaq imkanı verir.

"Oruc tutmayan insanlarda bəzən günahkarlıq hissi müşahidə olunur. Bu çox vaxt sosial gözləntilərdən və təzyiqlərdən yaranır. Əslində, insanların öz daxili inanclarına və sağlamlıq vəziyyətinə hörmət edilməlidir. Bu, həm oruc tutan, həm də oruc tutmayan insanlar arasında empatiya və anlayışı artırmağa kömək edə bilər. Empatiya başqa bir insanın hisslərini, düşüncələrini və yaşadıqlarını anlamaq qabiliyyətidir. Oruc tutmayan insanlarda bu şəxslərə qarşı empatiya və anlayış onların günahkarlıq hisslərini yüngülləşdirə bilər. Oruc tutanların seçimlərinə hörmət etmək, onlara dəstək olmaq və bu prosesi anlamağa çalışmaq ictimai harmoniyanı və fərdi rahatlığı artırır. Bu, xüsusən də Ramazan ayında cəmiyyətdə həmrəylik və birlik hissini gücləndirir''.

Psixoloq vurğulayıb ki, şəxsi məhdudiyyətlərin müəyyən edilməsi o deməkdir ki, insanlar oruc tutma qərarlarını öz inanclarına, dəyərlərinə və sağlamlıq vəziyyətlərinə görə formalaşdırırlar. Hər kəsin fiziki və psixi vəziyyəti fərqlidir. Bir şəxs üçün uyğun olan bir təcrübə, digərinin sağlamlığına zərər vura bilər. Bu səbəblə insanların özləri üçün ən sağlam qərarı vermələri vacibdir.

A.Kanizi deyib ki, Ramazandan əvvəl orucun gətirə biləcəyi dəyişikliklərə zehni olaraq tam hazır olmaq vacibdir. Bu, insanın qarşılaşa biləcəyi problemləri qəbul etməyə və onların öhdəsindən gəlmək üçün strategiyalar hazırlamağa kömək edir. Adekvat və keyfiyyətli yuxu əsəbiliyi azalda, sahur və iftar arasında qısa yuxular almaq gün ərzində enerji səviyyənizi qorumağa kömək edə bilər. Sahur və iftar süfrələri üçün balanslı və kalorili qidaların seçilməsi bədənin ehtiyac duyduğu enerjini təmin edir və emosional dalğalanmaları minimuma endirir:

"Oruc tutan insanın beyni daha güclü işləyir və daha qüvvətli olur. Adi günlərdə insan daha çox qidalandığı üçün orqanizmdə olan bütün qan kütləsi qidanın həzm olunmasına gedir. Burada məqsəd maddələr mübadiləsinin və həzm prosesinin yaxşı getməsidir. Qan beyindən aşağı orqanlara axır və həzm prosesində iştirak edir. Çox yeməkdən sonra insana yuxunun gəlməsi də bununla izah edilir. Çox yeyən adamlar, daha çox yuxulu və tənbəl olurlar. Ancaq oruc tutan adamda mədə gün ərzində boş qaldığı üçün beyin orqanizmin öz daxili imkanları, qanı hesabına təmizlənir. İnsan təfəkkürü daha açıq olur. Yaddaşı yaxşılaşır, insan daha sərrast hərəkət edir və danışır. İnsan beyni qanla yaxşı təmin olunur, əgər beyin qanla yaxşı təmin olunmazsa, onda hipoksiya halı, beyin passivliyi yarana bilər. Bu hal beyinə oksigenin daxil olmaması nəticəsində yaranır. Orucluğun tibbi təsirləri də çoxdur. İnsan orqanizmi toksik maddələrdən təmizlənir və orqanizmin ehtiyat hissələri yenilənir. Oruc tutan adamın orqanları boşalır, yüklərdən və zərərli maddələrdən azad olur. Ehtiyat mənbələrinin işə düşməsi ilə bədəndəki orqanların yenidənqurma prosesi gedir və onlar yenilənir. Bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, digər funksiyaları yerinə yetirən qaraciyər, orucluq zamanı dincəlir və köhnə maddələri buraxaraq, yeni maddələri qəbul edir. Bu isə qaraciyər kimi mühüm bir orqanın yenilənməsinə və daha yaxşı işləməsinə səbəb olur. Hər bir insan orucluqdan sonra deyir ki, o, özünü gümrah və yüngül hiss edir. Bütün bunlar orqanizmin enerji ehtiyatlarını artırır. Bir sözlə, orucluğun insan orqanizminə həm cismani, həm də mənəvi xeyri çoxdur. Qarşılaşdığımız çətinliklərə baxmayaraq, orucun bir çox faydası var. Bu dövrdən maksimum yararlanmaq və mümkün çətinliklərin öhdəsindən gəlmək üçün özümüzü yaxşı hazırlamalı və sağlam strategiyalar hazırlamalıyıq".

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.