Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Buddanın dünyaya gəlməsi"ni oxuculara təqdim edirik.

"Respublika".

 

 

Buddanın dünyaya gəlməsi

Yer üzünə gəlişi ilə dünya tarixində böyük bir inqilab yaradan, onun inkişaf mexanizmini müsbət istiqamətdə dəyişdirən, bəşəriyyətin  dini, ideoloji təfəkkürünün formalaşmasında mühüm rol oynayan şəxsiyyətlərdən biri də Budda olub. Buddizm dininin banisi olan bu şəxs yaratdığı mənəvi-idraki düşüncə sistemi ilə insanlara mütləq kamilliyə varmağın yollarını öyrətməyə çalışırdı. Və o,  zamanla buna nail ola bildi də. Belə ki,  bu gün Budda həyatda olmasa da, onun təlimləri illər keçdikcə  bəşəriyyətin təfəkküründə təkamülə səbəb olaraq dünyanın düzəninin dəyişməsində mühüm rol oynadı. XXI əsrin elmi və texnoloji uğurlarına baxmayaraq, bu gün də Buddanın arxasınca gedən milyonlarla insan var. 

Dünyanın ən çox yayılmış dinlərindən biri hesab edilən  buddizm  eyni zamanda yüz milyonlarla insanın riayət etdiyi düşüncə sistemi və həyat tərzidir. Özü-özlüyündə insanı şəxsi inkişafa və kamilliyə təşviq edən, çox dərin və faydalı nəsihətləri ehtiva edən bu dinin qurucusu kimi tanınan Budda filosof, mənəvi müəllim və dini lider idi.

Eramızdan əvvəl 566-cı ildə Hindistanda zadəgan ailəsində  Qautama Siddhartha olaraq dünyaya gələn Buddanın (sonradan bu adla tanınıb) uşaqlığı əmin-amanlıq içərisində keçib. Ərköyün böyüdülən Siddhartha çox erkən yaşlarında öz seçdiyi qızla evlənmişdir. Bu izdivacdan Siddharthanın çox sevdiyi Raxula adlı oğlu olmuşdur. Ancaq nə var-dövlət, nə də ki, xoşbəxt ailə həyatı Buddanı qane etmirdi. İnsanın xəstələnməsi, qocalması və ölümə məhkum olması fikri onu daim  narahat edirdi. O, dünyəvi zövqün rifah mənbəyi üçün yetərsiz olduğunu anlayırdı. Zamanla o ilk dəfə xəstə adam, həyatını başa vurmuş qoca, rahib və ölmüş bir bədənlə qarşılaşdıqdan sonra anlayır ki, insan oğlu bu dünyaya əzablar çəkmək və sonda da ölmək üçün gəlir. Bununla da, başa düşür ki, mənəvi rahatlığın əldə olunması üçün  insanları xoşbəxt etmək lazımdır. Budda həqiqi mənəviyyatı araşdırmaq üçün evini, həyat yoldaşını və uşağını tərk edir. Əvvəlcə, uzaq bir meşəyə çəkilərək tərki-dünyalığı seçən Budda  özünü yeməkdən və rahatlıqdan məhrum edir. Amma bu da ona kömək etmir. Anlayır ki, bədən zəif düşdükdə ağlın gücü də zəifləyir. Budhi adlı  ağacın altında 49 gün tərpənmədən trans vəziyyətində  oturan  Budda, 49-cu gün ayın bədirləndiyini və qəlbinin aydınlanaraq nurla dolduğunu hiss edir (Biz buna vəhy, Allahla əlaqə deyirik). Rəvayətə görə, həmin  gecə Buddanın 35 yaşının tamam olduğu günə təsadüf edir. O gündən etibarən Budda  insan oğlunu iztirablardan xilas etmək üçün öz missiyasına başlayır. İnsanlara ruh və düşüncələrini təmizləmələrini, ehtiras və pisliklərdən uzaqlaşmağı, iztirab dolu bu dünyanın mənəvi şadlıq və xoşbəxtlik üçün  hazırlanma yeri olduğunu aşılamağa başlayır. O, ömrünün qalan hissəsini, yəni 45 ilini öz təlimlərini  yaymaqla məşğul olur.

Onun beş şagirdi ilk buddaçılar olmuşdur. Onları bauddha (Buddanın ardıcılları) adlandırırdılar. İlk budda ardıcılları Budda icmasının əsasını qoymuş və onun ölümündən sonra da bu təlimi yaymamışdılar (Qeyd edək ki,  Budda Qautama 80 yaşında vəfat etmişdir).

Buddizm sözsüz ki, əvvəlki dini təsəvvürlərdən və təlimlərdən bəhrələnmişdir.  Belə ki, bir çox məsələlər Veda və brahman dinindən mənimsənilmişdir. Lakin bəzi xüsusiyyətlərinə görə bu təlim onlardan fərqlənirdi. Buddizm ruhun əbədiliyini inkar edirdi. Həyatı əzab-əziyyət sanır, dünyanın daim dəyişməsi müddəasına tərəf çıxırdı. Buddizm təliminə görə, əgər dünya daim dəyişir və hərəkət edirsə, deməli ruh (can) da parçalanmaya məruz qalır. Lakin ruh başqa bir şəxsə keçmək üçün yenidən yaranır.

Budda təlimlərində bütün nəzər-diqqətini insanların əzab-əziyyətdən xilas olmasına yönəltmişdir. O, bu məsələlərin həllini "Dörd nəcib həqiqət" adlı təlimində irəli sürmüşdür. Birinci həqiqətə görə, xəstəlik, qocalıq, ölüm, kədər, qəm, istək - bütün bunlar əzabdır, həyat özü şərdir, çünki əzab-əziyyətlə doludur. İkinci həqiqətə görə, əzab-əziyyət səbəbsiz deyil, bu, yaşamaq, kef çəkmək, hakimiyyətə, ağalığa və var-dövlətə sahib olmaq arzusundan doğur. Üçüncü həqiqətə görə isə bu əzab-əziyyətə son qoymaq mümkündür. Bunun üçün arzu və pis ehtiraslardan imtina etmək lazımdır. Dördüncü həqiqətə görə, əzab-əziyyətə son qoymaq üçüq çıxış yolu vardır. Bunun üçün insan özünü mənəvi cəhətdən paklaşdırmalı, pis hərəkətlərdən çəkinməli, arzularını boğmaq üçün daxili müvazinətini itirməməli, düz danışmalı, yalan və böhtandan imtina etməli, düzgün əməl sahibi olmalıdır.

Tərki-dünyalıq buddizm əxlaqında dərin kök salmış və böyük rol oynayan amillərdən biridir. Bu, istək və arzulardan əl çəkmək vasitəsi, rahiblik həyatıdır. Budda ruhun azad olmasını "10 qayda" ilə qəbul edirdi: öldürməmək;  oğurluq etməmək; əxlaqsızlıq etməmək; yalan danışmamaq; məstedici içkilər içməmək; uyğun olmayan vaxt yemək yeməmək; rəqslərdə və başqa şənliklərdə iştirak etməmək; çələnglər, bər-bəzəklər və ətirlərlə bəzənməmək; uca və enli yataqda yatmamaq; qızıl və gümüş almamaq. Bu qaydalara əməl edən insan müqəddəsliyin ən ali təbəqəsinə yaxınlaşa, bodhisatva adını qazana və  gələcəkdə budda olmaq iddiasında ola bilərdi. 

Budda təliminə görə, hər bir dindar yüksək məqsədə çatmalı, əzab-əziyyətdən xilasolma yoluna qədəm qoymalıdır. O, ancaq öz səyi nəticəsində xilas ola bilərdi. Buna görə o, nirvanaya nail olmalıydı. Nirvana həyatın əzab-əziyyətindən azad olmuş insan ruhunun vəziyyəti deməkdir. Nirvanaya çatmış adam bir daha geri qayıtmır, ancaq onun ruhu başqa insana keçə bilər. Nirvana heç də insanı bu dünyada xoşbəxt etmirdi, əksinə o, bu dünyada insanı hər bir arzudan, istəkdən, həvəs və ehtirasdan uzaqlaşdırırdı. Nirvanaya çatmaq üçün hər bir kəs ailəsindən, mülkiyyətindən, var-dövlətindən əl çəkməli və dindarlar icmasına daxil olmalı idi. Buddizm bütün insanları bərabərhüquqlu hesab edirdi. Çünki mənsubiyyətindən asılı olmayaraq istər hökmdar olsun və ya rəiyyət, hamısı arzu və istəklərdən doğan əzab-əziyyət içərisində yaşayır. O, göstərdi ki, sosial toplumdakı mövqeyindən asılı olmayaraq hamı nirvanaya yüksələ bilər.

Buddizmdə dini mərasimlər keçirmək, qurban kəsmək, dua oxumaq rədd edilirdi. Buddizm allahların mövcudluğunu qəbul edir və göstərirdi ki, allahlar da dəyişməyə məruz qalırlar. Budda hamıdan öncə nirvanaya çatdığı üçün  allahlardan üstün sayılırdı. Buna baxmayaraq, Budda ardıcılları arzu və istəklərini həyata keçirmək üçün qədim allahlara müraciət edirdilər. Buddizm təliminə görə, qədim allahların özləri də guya Buddaya sitayiş edirlərmiş. Bu təlimdə insanların marağını cəlb edən əsas məqamlardan biri onların bərabərhüquqlu olması fikri idi. Bu səbəbdən də, buddizm get-gedə nüfuz qazanaraq dünyada yayılmağa başlamışdır.

Buddizm ateist dindir, Allaha etiqadı və ruhun ölməzliyi ideyasını inkar edir. Buddaya görə, allahlar ali varlıqlar olsa da daimi deyildir. Onun fikrincə, insan nirvanaya yüksəldikdən sonra allahlardan üstün məqama çatır.

Budda qeyd edirdi ki, dünyada yeganə dəyərə malik olan insanın xeyirxah iradəsidir. İradə zəifləyəndə şəxsiyyət öz fəaliyyətini dayandırır. Ona görə də, biz "mən"i məhv etməliyik ki, o, yenidən başqa formada təzahür etməsin. Budda pis düşüncələrdən uzaq olmaq  üçün beş yöntəm qəbul etmişdi: yalnız yaxşı düşünmək; pis düşüncənin fəaliyyətə keçəcəyindən ehtiyat etmək; bundan yayınmaq; onun yaranma səbəbini axtarmaq və ağlı qorumaq. Bu beş əlamət insanın təbiətinin ifadəsidir. Buddaya görə, mənəvi mədəniyyət həqiqətin dərk edilməsidir.

Buddizm fərdi mənəvi təkamül və həyatın mahiyyətini dərindən qavramaq üsuludur. Bu təlimə görə, həyatda hər şey bir-birinə bağlıdır. Elə bu səbəbdən də mərhəmət hissi həm təbii, həm də zəruridir. Buddistlərə görə həyatda sükunət yoxdur, hər şey aramsız olaraq dəyişir. Mənəvi təkamülə gedən yol daxili və praktiki əxlaqdan, meditasiyadan və ehtirasların cilovlanmasından keçir.

Budda tarixdə ilk dəfə olaraq insanlar arasına sosial bərabərlik anlayışı gətirmişdir. Onun təqdim etdiyi sosial bərabərlik və azadlıq nə qədər mistik olsa da, bir o qədər də ideal idi. Mülkiyyət hüququnu rədd edən Buddanın təlimində inqilab anlayışı yox idi. O, öz təlimləri vasitəsilə sülh və hüzuru təbliğ edirdi. Bu hüzurun içində özünü dərk etmiş insan böyük harmoniyaya qovuşurdu.

Budda həmçinin, özündən sonra gələn səmavi dinlərə də mühüm miras qoymaqla onların mənəvi və ideoloji əcdadı hesab edilir. İsa Məsihin və Məhəmməd peyğəmbərin insanlara gətirdikləri xilas yolu, Buddanın gətirdiyi xilas yolunun təkmilləşdirilmiş formasıdır. Yəni İsa Məsih Buddanın mistik xilas yolunu daha realist inqilabi ideyalarla zənginləşdirmiş, Məhəmməd peyğəmbər isə bu inqilabı gerçəkləşdirən əsas şəxs olmuşdur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".