Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Niyə yaşlandıqca zaman tez keçir?

Maraqlıdır ki, insanlar yaşlandıqca zamanın daha tez, daha sürətlə getdiyini düşünürlər. Bəs həqiqətən də bu, belədirmi?

Kaliforniya Universitetinin alimi Ceyms Brodvey "Scienctific American" jurnalına verdiyi müsahibəsində bu sualın cavabını belə izah edib: "İnsan zamanı iki tərzdə qəbul edir. Birinci perspektiv, yəni gələcəkdə baş verə biləcək hadisəni öncədən dəyərləndirmək. İkincisi retrospektiv üsul (yəni keçmişə baxış, keçmişdə baş vermiş hadisələrə nəzər salmaq). Zaman hissinə hazırda nə ilə məşğul olduğumuz və nə hiss etdiyimiz də təsir edir. Hər yeni işin sona çatması zaman hissini daha sürətləndirir. Əgər biz beynimizdə yeni bir işlə məşğul oluruqsa, retrospektiv zamanda bu vaxt bizə daha uzun gələcək. Səbəb isə odur ki, beynimiz yalnız yeni və təkrar olunmayan hadisələri qeydə alır. Bizim keçmişlə bağlı mühakimələrimiz yaşadığımız yeni xatirələr üzərində qurulub. Məsələn, siz tətil zamanı nə qədər yeni işlə məşğul olsanız, bir o qədər zaman sizə uzun gələcək. Bu, uşaqlıqda vaxtın niyə uzun getməsini izah edir. Biz dünya ilə bağlı yeni kəşfləri uşaqlıq və gənclik dövrümüzdə öyrənirik. Ona görə də retrospektiv beynimizə elə gəlir ki, uşaqlıqda vaxt daha uzun olurdu. Bütün bunları ümumiləşdirsək deyə bilərik ki, əslində zamanın tez və ya gec keçməsi kimi bir anlayış yoxdur. Yəni zaman eyni sürətlə hərəkət edir. Sadəcə, gördüyümüz işlər zamanı bizim üçün qısa və ya uzun edir".

 

Onların qəlbini qazanmaq istəyisinizsə...

Aparılan son araşdırma zamanı elm adamları pişiklərlə yaxşı ünsiyyət qura bilməyin sirrini açıblar. Məlum olub ki, əslində bu heyvanlarla  ünsiyyət qurmaq o qədər də çətin deyil. Tədqiqatın nəticələri göstərib ki, bu sirli heyvanların qəlbini  qazana bilmək üçün sadəcə onlara daha tez-tez gülümsəmək lazımdır.

Ancaq insanlarla ünsiyyətə öyrəşdiyimiz şəkildə deyil, pişik kimi gülümsəmək vacibdir. Gözlərinizi qıymaq və yavaş-yavaş qırpmaq. Alimlər pişiklər və insanlar arasında qarşılıqlı əlaqəni müşahidə edərək təsdiq ediblər ki, bu ifadə istər tanış, istərsə də tanış olmayan pişiklərə insanlara yaxınlaşmağa imkan verir. Əgər pişiklərin ətrafında bir az da olsa vaxt keçirmisinizsə, yəqin onların üzlərindəki "qismən qapalı gözlər" ifadəsini görmüsünüz. Bu ifadə gülümsəyərkən insan gözlərinin daralmasını çox xatırladır. Bu mimika çox vaxt bir növ pişik təbəssümü kimi şərh olunur. Pişik sahiblərinin sözlərinə görə, insanlar bu ifadəni təqlid edərək pişiklərlə mehriban və qarşılıqlı əlaqə qura bilərlər. Bu, pişiklərlə ünsiyyətə açıq olduğunuzu və dostluq qurmağa çalışdığınızı göstərir.

 

Bu bitkilər həyatımıza müsbət enerji ötürür

Bəzən sevgiyə, qayğıya, təbəssümə, bəzən isə hətta kədər hissini keçirməyə və s. kimi duyğulara ehtiyac duyarıq. İstənilən halda sonda rahatlıq və hüzur axtararıq. Belə hallarda isə  köməyimizə çatan ən yaxşı vasitə müsbət enerji ötürən bitkilərdir. Elə bitkilər var ki, onların  sayəsində mənfi enerjidən asanlıqla xilas ola və həyat keyfiyyətimizi artıra bilərik. Gəlin onlardan bir neçəsi ilə tanış olaq...

Məsələn, yasəmən gülü - münasibətlərinizdəki bağı gücləndirir və hüzur bəxş edir. Aloye isə  neqativ enerjini özünə çəkərək insana xoş aura ötürür. Nanə - narahatlıq hissini aradan qaldıraraq özünüzü daha komfortlu hiss etməyə kömək edir.

Kaktus olduğunuz məkanda yorğunluğunuzu, mənfi düşüncələrinizi azalda bilmək gücünə sahibdir. Evkalipt isə  qısqanc insanların mənfi enerjili hisslərindən qoruyar. Rozmarin  evinizə sevgi və hüzur bəxş edər.

 

Gün eynəkləri necə yaranıb?

Həyatımızın ayrılmaz hissəsinə çevrilən, bəzilərinin aksessuar, bəzilərinin isə gözlərinin sağlamlığı üçün istifadə etdiyi gün eynəklərinin artıq mövsümü başlayıb. Məlumdur ki, yay aylarında ultrabənövşəyi şüaların miqdarının qışa nisbətdə üç dəfə artıq olması səbəbindən gün eynəkləri dərini və gözləri gündən qorumağa kömək edir. Lakin elə insanlar var ki, eynək alarkən onun keyfiyyətindən daha çox üzünə yaraşıb-yaraşmamasına diqqət edir. Halbuki, yanlış seçilən eynək bizi günəş şüasından qorumur, əksinə, gözlərimizə zərər verir. Maraqlıdır, haqqında söz açdığımız bu eynəklər haradan gəlib bu günümüzə?

İlk dəfə günəş şüalarından qorumaq fikri Roma dövrünə qədər gedib çıxır. İmperator Neron gözü şüadan qorumaq və narahatedici işıqların qarşısını almaq məqsədilə ilk dəfə zümrüddən linza istifadə edib. Gözlüyün əsas hissəsi olan optik şüşənin tarixi isə 4500 il əvvələ gedib çıxır. Əldə olan məlumatlara görə, ilk eynək 1280-ci illərdə İtaliyada hazırlanıb. Başqa bir iddiaya görə isə 1287-ci ildə Florensiyada Armati adlı bir rahib teleskop üçün eynək icad edib. Bu icaddan sonra Alessandro Della Spina adlı rahib tərəfindən eynək modelləri yaradılıb. Lakin o eynəklər indiki modellərdən tamamilə fərqli idi. İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər isə yalnız XV əsrdə ixtira olunub. İstər dəstəksiz, istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu. Hazırda istifadə etdiyimiz dəstəkli eynəklər XVIII əsrdə İngiltərədə meydana çıxıb. Eynək icad edildikdən yalnız 350 il sonra gözdən düşməyən eynəklər hazırlanıb. Əslində bu, eynək tarixində ən mühüm və son tapıntı idi. Edvard Skarlet 1730-cu ildə Londonda sabit, dəstəkli eynək icad etdi. XIX əsrin ikinci yarısında isə qulağa keçirilən eynəklər satışa çıxarılıb. 1930-cu illərdə eynəklər pişik gözü formasında istehsal olunub. Pişik göz günəş eynəkləri əslində, bayquşun gözlərindən ruhlanaraq ərsəyə gəlib. Daha sonra marketinq texnikası inkişaf etdirilərək çərçivəsində dəyişikliklər aparılıb və "pişik gözü eynəklər" adı ilə moda bazarında satışa çıxarılıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".