Paşinyan hökumətinin vaxtı daralır
Siyasət

Paşinyan hökumətinin vaxtı daralır

Ermənistan hakimiyyəti öz siyasi manevrlərinin girdabında boğulur və ölkənin baş naziri Nikol Paşinyan atdığı yanlış addımların üstünü hər vəchlə örtməyə cəhd edir. Rusiyaya xəyanət edib Qərbi seçməklə ölkəsinin vəziyyətini daha pisləşdirən baş nazir yürütdüyü infantil siyasətin fərqindədir. O, Azərbaycana qarşı 32 kənd tələbinin absurd olduğunu başa düşür, ilkin mərhələdə işğal altında olan 8 kəndin də qaytarılmasının vacibliyini anlayaraq artıq xalq qarşısına çıxır. Böyük ehtimal ki, önümüzdəki həftələr Nikol Paşinyan üçün həlledici olacaq.

Ermənistan hökumətinin rəhbəri martın 18-də Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tovuz bölgəsinə səfər edərək Əskipara, Bağanis və digər kəndlərdə yaşayan erməni sakinlərlə görüşüb və onlara bu kəndlərin Azərbaycana qaytarılmasının vacibliyini izah edib. N.Paşinyan qeyd edib ki, əvvəldən demişdim ki, sizin qəsəbənizlə bağlı problemlər olanda gəlib sizinlə müzakirə edəcəm: "Mən sizinlə hansı praktiki məsələni müzakirə etməyə gəlmişəm? Azərbaycanla demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Hamımız bunun haradan başladığını, harada bitdiyini bilirik. Siz də yaxşı bilirsiniz. Buyurun, bu da sizə Ermənistan xəritəsi". Ermənistanın baş naziri, həmçinin əlavə edib ki, demarkasiya komissiyaları sərhədin haradan başladığına qərar verməlidir və bu xətt Azərbaycanla dövlət sərhədinə çevrilməlidir.

Baş nazirin fikrincə, Bağanisdən Berkaberə (əsl adı Bibiş) qədər hissədə demarkasiya prosesinə başlamaq olar. O, Azərbaycanla olan sərhəd münaqişəsinin ölkəsinə zərər verdiyini də qeyd edib. Həqiqətən də Azərbaycanın sülh üçün real addımlar atmağa hazır olduğu bir vaxtda onun silahlanmaq siyasəti görünür, özünə də yanlış olduğu agah olub. Erməni sakinlərlə görüşün ümumi təəssüratı isə o olub ki, baş nazir Azərbaycanla yeni müharibə aparmaqdan çəkinir. Lakin rəsmi Bakı da dəfələrlə qeyd edib ki, Azərbaycanın müharibə ilə torpaqları azad edəcəyi fikirləri yanlışdır. Rəsmi Bakı regionda sülhün və stabilliyin təminatçısı olaraq, bu cür imitasiyalardan uzaqdır.

Ermənistanın ilkin mərhələdə 4 kəndi qaytarmasına qarşılıq olaraq Azərbaycan sərhədin hansısa istiqamətində geri çəkilmir, sadəcə olaraq, bu məsələnin müzakirə mərhələsinə keçməsi ilə razılaşır, 31 kənd məsələsi isə əbədi olaraq tarixə qovuşur. N.Paşinyan Əskipara sakinləri ilə görüş zamanı həmçinin bildirib ki, biz demarkasiya işinə başlamasaq, regionda yeni müharibə başlaya bilər: "Sonda isə erməni kəndliləri Azadlıq meydanında mitinq edib deyəcək ki, bu sizin işinizdir, biz siyasət bilmirik". Bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumatda əlavə olaraq qeyd edilib ki,  Nikol görüş zamanı Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası prosesinin Tavuş vilayətindən başlayacağını bildirib.

Nikol Paşinyan yaxşı bilir ki, Azərbaycan Ermənistana hücum etməyəcək. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamaq isə çox güman ki, Qərbin sifarişidir. Çünki Ermənistan Avropa təşkilatlarına qoşularaq öz marionetliyini pik həddə çatdırmaq istəyir. Lakin öncə sərhəd problemlərini aradan qaldırmalıdır. Bu isə yerli əhalinin kəskin etirazı ilə nəticələnə və Paşinyan hökumətinin devrilməsinə gətirib çıxara bilər. Baş nazir Nikol Paşinyan hazırda öz yanlış siyasətinin girdabında boğulmaq üzrədir. Artıq taymer yekunlaşır. Azərbaycanın təkliflərinə yuxarıdan aşağı baxan, regiona və bölgəyə xəyanət edərək Qərb maxinasiyalarına aldanan Paşinyan üçün həlledici məqam yaxınlaşır. Məsələnin həllində Azərbaycanın ərazilərinin tam olaraq qaytarılması dayanır. Ya ərazilərin delimitasiya və demarkasiya prosesi yekunlaşdıqdan sonra erməni xalqı bu prosesin vacibliyini başa düşərək baş nazirə dəstək verəcək, ya da Nikol kütləvi etirazlardan sonra istefa verərək öz sarı jurnalistikasına geri dönəcək. Qısaca, ya davam, ya da tamam...

Tacir SADIQOV,

"Respublika".