Paşinyanın “Rusiya missiyası
Siyasət

Paşinyanın “Rusiya missiyası" Ermənistanı məchul sonluğa sürükləyir

Tarix boyu öz çirkin əməllərinə hüquqi don geyindirməyə çalışan haylar bu dəfə daha böyük tikədən yapışmaq istəyir. Ermənilərə Qafqazda "ağa"lıq edən, onu qoruyan Rusiyaya arxa çevirən Ermənistan guya öz ölkəsində baş verən hadisələrlə bağlı "Roma statutu"nu ratifikasiya etmək niyyətindədir. Artıq Paşinyan müvafiq təkliflə Ermənistan parlamentinə müraciət edib. Statutun bəndlərinə görə isə Rusiya Prezidenti Vladimir Putin Ermənistana addım atacağı təqdirdə həbs oluna bilər. Bəs "Roma statutu" özündə nələri ehtiva edir?

İlk öncə xatırlatmaq yerinə düşər ki, bu il martın 17-də Haaqa Məhkəməsi Ukrayna-Rusiya münaqişəsinə görə Vladimir Putinin həbsinə order verib. Martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi "Roma statutu"nun ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, sənəd sentyabrın 1-də ratifikasiya üçün Ermənistan parlamentinə göndərilib. Qaydaya görə, "Roma statutu"nu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar. 1998-ci ildə BMT tərəfindən İtaliyanın Roma şəhərində təşkil olunan konfransda qəbul olunan statut bu baxımdan "Roma statutu" adlanır. İkinci Dünya müharibəsindən sonra "təqsirkarın vicdanını rahatlatmaq üçün" məhkəmə qurulması fikirləri səslənilir. Zaman-zaman bu fikir öz məcrasından çıxaraq bütün dünyada vahid məhkəmə sistemi yaradılması düşüncəsi ortaya çıxır. ABŞ ilk olaraq bu tipli məhkəmələr yaratmaq üçün öz səylərini birləşdirir. Yaradılan Çikaqo və Tokio məhkəmələri 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsini formalaşdırdı.

İkinci Qarabağ müharibəsi zamanı dinc əhalimizin raketlə atəşə tutulması, mülki obyektlərə ziyan vurulması, "İsgəndər" və başqa qadağan olunmuş raketlərdən istifadə olunması faktlarının beynəlxalq hüquq təşkilatları tərəfindən təsdiq edilməsinə baxmayaraq, Beynəlxalq Cinayət Məhkəməsi bu dəlillərə uyğun hüquqi qiymət verməyib. Səbəb kimi isə iki dövlətdən heç birinin bu məhkəməni ratifikasiya etməməsi göstərilib. Beynəlxalq Cinayət Məhkəməsinin yekun fikirlərindən belə çıxır ki, deməli üzvlükdən kənar baş verən cinayətlər "hüquqi"dir. Bu baxımdan, biz bu qurumun ikiüzlü siyasətini keçən ay daha aydın gördük. Məhkəmənin sabiq baş prokuroru Luis Moreno Okampos bircə dəfə də olsun Azərbaycan-Ermənistan sərhədinə gəlməməsinə rəğmən yalan məlumatlar vermişdi. Prezidentin köməkçisi Hikmət Hacıyev isə səsləndirilən həmin əsassız fikirləri ifşa etmişdi.

Son dövrlərdə Ermənistanın Rusiyaya "xəyanət"i barədə onu da qeyd etmək olar ki, bu, sadəcə hiyləgər Paşinyanın oyunlarının bir hissəsidir. Sentyabrın 13-də "Politico" nəşrinə müsahibə verən Ermənistanın baş naziri Nikol Paşinyan artıq Rusiyaya bel bağlaya bilməyəcəklərini bildirib və sülhməramlıları öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Daha sonra isə "Hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı" fikirlərini səsləndirən Paşinyanın görünür, həmin an "ağa"sı yadına düşüb, öz fikirlərini dəyişərək ikibaşlı siyasətə keçib. Buradan da aydın görmək olur ki, Paşinyan Rusiyadan SSRİ dövründə olduğu kimi, daha çox imtiyaz əldə etmək istəyir. Lakin artıq özü də başa düşür ki, vahid istiqamətdən ayrılıb "haça" siyasəti aparmaq istəyi gözlənilməz sonluqla nəticələnə bilər. Hadisələrin axarı isə o yöndə gedir. Çünki qərbdən istədiyi dəstəyi ala bilməyən haylar Rusiyanın da nifrətini qazanmağa başlayır.

Tacir SADIQOV,

"Respublika".