Paytaxtın mərkəzi küçələrini klassik avtomobillər bəzəyib: yürüş və sərgi keçirilib
Sosial həyat

Paytaxtın mərkəzi küçələrini klassik avtomobillər bəzəyib: yürüş və sərgi keçirilib

Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən "Ford Model A", ən yeniləri isə 1982-ci ilə aid olanlardır

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisini təşkil edib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin və "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

1982-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil paytaxtın mərkəzi küçələri boyu hərəkət edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri yer alıb.

Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən "Ford Model A", ən yeniləri isə 1982-ci ilə aid olanlardır.

Yürüşün marşrutu Heydər Əliyev Mərkəzinin qarşısı, Koroğlu Rəhimov küçəsi, Bakı metropoliteninin "Gənclik" stansiyasının yanı, Dədə Qorqud parkı, Vaqif prospekti-Zorge parkı, Səməd Vurğun küçəsi, Bakıxanov küçəsi-İnşaatçılar prospekti, Hüseyn Cavid prospekti, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi, Nəriman Nərimanov heykəlinin yanı, Mərkəzi Park, Mirzağa Əliyev, Qış Parkı, Heydər Əliyev Sarayı, Rəşid Behbudov küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi-Gülarə Qədirbəyova küçəsi, Heydər Əliyev Mərkəzinin qarşısı olub.

Paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən yürüş Bakı küçələrində nostalji hisslər yaradıb. Yürüşün sonunda klassik avtomobillərin sərgisi olub. Tədbirdə klassik avtomobil sahibləri və avtomobil həvəskarları iştirak ediblər.

Avtomobil həvəskarı və şirkətlərin birində işləyən Elçin İbrahimov AZƏRTAC-a müsahibəsində deyib: "1960-cı il istehsalı olan avtomobilim yenidən təmir edilib. Volqa "Qaz-21" markalı nəqliyyat vasitəsidir. Onun dizaynını bacardığımız qədər saxlamışıq. Yalnız mühərrikini, ehtiyat hissələrini və sükanını müasirləşdirmişik. Mən onu gündəlik istifadə etmirəm. Maşınımı ancaq klassik avtomobillərin sərgisi və bu kimi digər tədbirlər zamanı nümayiş etdirmək üçün sürürəm".

Yürüşdən sonra müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. "Ən qədim avtomobil" nominasiyasında mükafat 1939-cu ilin "Steyr 220" avtomobilinin sahibi Azər Abbasova təqdim olunub. "Məşhurların seçimi" nominasiyasında qalib 1942-ci ildə istehsal edilən "Horch" minik klassik avtomobilinin sahibi Eduard Qurbanov olub.

"Ən rəngarəng retro geyim" nominasiyasında 1-ci yerin sahibi Emiliya Yaqubova, 2-ci yerin sahibi Toğrul Salimov, 3-cü yerin sahibi isə Aslan Səlimov olublar.

"Ən qeyri-adi retro geyim tərzi" üzrə mükafata Nigar Camal layiq görülüb.

Qaliblərə müxtəlif hədiyyələr və pul mükafatları təqdim edilib.

"Ən rəngarəng retro geyim" üzrə müsabiqədə birinci yeri tutan "Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi, müğənni Emiliya Yaqubova AZƏRTAC-a müsahibəsində öz geyim obrazının ideyası barədə danışıb: "Bu gözəl bayram tədbirinin hər il keçirildiyini bilirdim. Lakin mən bu klassik avtomobillərin yürüşü və sərgisində ilk dəfə iştirak edirəm. Məni bu tədbirə dəvət edəndə ona uyğun geyinməyə çalışdım. Paltarı özüm seçdim və stilistlərlə birlikdə gözəl obraz yaratdıq. Müsabiqədə qalib olduğum üçün xoşbəxtəm. Bu gözəl bayramda mənə iştirak etməyə şərait yaratdıqları üçün Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının rəhbərliyinə, eləcə də bütün təşkilatçılara təşəkkür edirəm.

Ümumiyyətlə, mən klassikanı sevirəm. Sərgidəki klassik avtomobillər məndə xoş təəssürat yaratdı və bu tədbirdən inanılmaz zövq aldım. Mənim obrazım 1960-1970-ci illər dəbinə uyğundur. Elə obraz, geyim və saç düzümü seçmişdik ki, gözəl, cəlbedici alındı və hər kəs onu bəyəndi".

Müsabiqələrin birində mükafatçılar sırasında yer alan Aslan Səlimov isə müsahibəsində bildirib: "Avtomobilim 1981-ci il istehsalı olan "VAZ-21013" markalı nəqliyyat vasitəsidir. Dövlət Yol Polisinin maşınıdır və hazırda onu antikvar kimi saxlayıram. Sərgi gözəl təşkil edilib. Artıq üçüncü dəfədir avtomobil həvəskarı kimi tədbirə qatılıram. Bu gün 150 iştirakçı arasında üçüncü yer tutduğum üçün məmnunam".

Bu günü daha yaddaqalan etmək üçün tədbir iştirakçılarına və qonaqlara maraqlı əyləncə proqramı da təqdim olunub.

Sonda tədbir konsert proqramı ilə yekunlaşıb.

AZƏRTAC