Politoloq: ABŞ üçün Cənubi Qafqazda möhkəmlənmək ön planda durur
Siyasət

Politoloq: ABŞ üçün Cənubi Qafqazda möhkəmlənmək ön planda durur

"Azərbaycan və Ermənistan arasında danışıqlarda Amerika Birləşmiş Ştatları aktiv vasitəçi kimi çıxış edir. Ötən ilin dekabrında Fransa və Ermənistan tandeminin mütləq surətdə Azərbaycan və Ermənistan arasında keçirilən sülh danışıqlarında iştirak etmək niyyətinin ifadə olunması sülh prosesinə müəyyən qədər kölgə salmışdı. Çünki Fransa birtərəfli qaydada Ermənistanı dəstəkləyir, Azərbaycana qarşı həqiqətdənuzaq açıqlamalar verir".

Bunu "Respublika"ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Ekspert qeyd edib ki, belə olan halda, danışıqların dalana dirənməsi ilə ABŞ burada özü üçün bir fürsət qazandı:

"Xarici işlər nazirləri səviyyəsində ABŞ-da keçirilən görüşdən sonra Brüssel formatı yenidən canlanmış oldu. Eyni zamanda, artıq bu il ərzində iki dəfə xarici işlər nazirlərinin Vaşinqtonda görüş keçirməsi birbaşa ona dəlalət edir ki, ABŞ burada sülhün və təhlükəsizliyin qorunmasında maraqlıdır. Əlbəttə, ABŞ-ın Rusiyanı regiondan sıxışdırıb çıxartmaq niyyətləri, qlobal savaş fonunda Cənubi Qafqazda möhkəmlənmək istəyi ön planda durur. Lakin bir sıra hallarda Azərbaycanın siyasi gündəliyini də ABŞ dəstəkləyir. Xüsusilə Qarabağdakı ermənilərin gələcəyi ilə bağlı yanaşmalar rəsmi Bakının siyasi gündəliyinə uyğundur. Çünki onların hüquqları və təhlükəsizliyi məsələsinə Azərbaycan zəmanət verir. Eyni zamanda Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi də regiona səfər etmişdi. Bu səfər, əlbəttə, daha yüksək səviyyədə keçirilən görüşlərə hazırlıq məqsədi daşımaqla yanaşı, həm də regionun reallıqlarını öyrənmək baxımındanda önəmlidir".

Siyasi şərhçinin sözlərinə görə, çünki hazırkı durumda ermənilərin saxta blokada çağırışları birbaşa olaraq sülh prosesinə mənfi təsir göstərir, sülh müqaviləsinin imzalanması ləngiyir:

"Ermənistan bununla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır və mənə elə gəlir ki, bu məsələlər ABŞ-ın da xüsusi diqqətində olmalıdır. Bu kimi məsələlərdə ardıcıl və davamlı Azərbaycana dəstək göstərilməlidir. Azərbaycan-ABŞ münasibətləri isə enerji təhlükəsizliyi, demokratik institutların bərqərar olunması, transmilli cinayətkarlıqla mübarizədə ortaq fikirlərin ifadə olunması və əlbəttə ki, beynəlxalq antiterror koalisiyasında Azərbaycan və ABŞ-ın müştərək fəaliyyətini özündə birləşdirir. Ona görə də, xüsusilə enerji təhlükəsizliyi məsələsində Cənubi Qafqazda sülh və təhlükəsizlik möhkəmləndirilməlidir ki, bu enerji axını sabit şəkildə təmin olunsun. Əks təqdirdə gərginlik yaranarsa, Avropanın özü də enerji böhranı ilə üz üzə qala bilər".

Musa BAĞIRLI,

"Respublika".