Prezident İlham Əliyevin rəhbərliyi ilə müasirləşən Azərbaycan ədliyyəsi
Siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə müasirləşən Azərbaycan ədliyyəsi

Bu il Azərbaycan ədliyyəsinin yaranmasından 105 il ötür. 22 Noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Gününün bu il müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə elan olunmuş "Heydər Əliyev İli"ndə qeyd olunması xüsusilə əlamətdardır.

Xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində ədliyyə sisteminə xüsusi diqqət göstərmiş, Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən mühüm struktura çevrilmişdir. Eyni zamanda dahi öndər tərəfindən köklü mütərəqqi islahatlar aparılaraq ölkədə yeni üçpilləli müstəqil məhkəmə hakimiyyəti bərqərar edilmişdir.

Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün özünün ən parlaq dövrünü yaşayır. 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə özü qədər inandığını söyləyən dahi lider Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları dövlətimizin başçısı uğurla həyata keçirərək Ulu Öndərin ona olan inamını Vətəninə, xalqına xidmətləri ilə doğrultdu. Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətini qüdrətli, 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib ölkəyə çevirərək ata vəsiyyətini şərəfli yerinə yetirdi.

Cənab Prezidentin çoxəsrlik dövlətçilik tariximizin bənzəri olmayan fəaliyyətinin 20 illik dövrü Azərbaycanın tərəqqi, yüksəliş, zəfər salnaməsidir. Bu illərdə ölkəmizin sabit və təhlükəsiz inkişafı, dünyanın ən islahatçı dövlətinə, enerji təhlükəsizliyinin etibarlı tərəfdaşına çevrilməsi, kosmik kluba daxil olması, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi, humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla evsahibliyi etməsi ölkə Prezidentinin yorulmaz fəaliyyətinin əyani təcəssümüdür. Eyni zamanda respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlətimizin başçısına güclü dayaq və dəstək olaraq ölkəmizin hərtərəfli tərəqqisinə mühüm töhfələr verir.

Ötən dövrdə ən böyük tarixi nailiyyətimiz Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış böyük qələbəmizdir. Dövlətimizin başçısı 20 ildə iqtisadiyyatımızı gücləndirməklə, müasir hərbi potensiala malik güclü ordu yaratmaqla, torpaqlarımızı azad etməyə qadir vətənpərvər yeni nəsil yetişdirməklə bu qələbəni 44 günə təmin etmişdir.

İki ay öncə isə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda Ermənistanın qanunsuz fəaliyyətinə, separatizmə birdəfəlik son qoyularaq ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunmuşdur. Cənab Prezident qədim diyarımız olan Xankəndi şəhərində və digər ərazilərimizdə üçrəngli bayrağımızı ucaldaraq Azərbaycanın gerbi, bayrağı altında məğrur çıxışı ilə xalqımıza növbəti sevinc və zəfər hissini yaşatmışdır. Bu müqəddəs missiyanın məhz oktyabrın 15-də cənab İlham Əliyevin prezident seçilməsinin iyirminci ildönümündə həyata keçirilməsi xüsusilə əlamətdar olmuşdur.

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Müzəffər Ali Baş Komandanımızın "Qarabağ Azərbaycandır!" şüarının növbəti təcəssümü olaraq ölkəmizin qüdrətini, ordumuzun gücünü və xalqımızın qələbə əzmini bir daha bütün dünyaya nümayiş etdirmişdir.

Bölgədə yeni reallıq yaradan Azərbaycan bu gün həm də azad edilmiş ərazilərimizdə öz gücü hesabına aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyanı heyrətləndirir. İşğal vaxtı büsbütün dağıdılmış, talan edilmiş, minalanmış torpaqlarımız dövlət başçısının rəhbərliyi ilə sürətlə dirçəlir, şəhərlərimiz, kəndlərimiz "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulur, sosial-iqtisadi, enerji, nəqliyyat infrastrukturu yaradılır, müasir yollar, körpülər, parklar, yaşıllıqlar salınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tarixi, mədəni və dini abidələrimiz bərpa olunaraq əvvəlki siması özünə qaytarılır.

Qarabağ və Şərqi Zəngəzurda yenidən həyat canlanır, keçmiş məcburi köçkünlərimiz Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq öz dədə-baba yurdlarına dönürlər.

Bütün bunlar onu deməyə əsas verir ki, doğma Vətəni, milləti qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksələn Prezident İlham Əliyev ölkəmizin bu gününün və sabahının qarantı, sülhün və sabitliyin, xalqımızın rifahının yeganə təminatçısıdır.

Ötən 20 il ərzində müasir inkişaf yolu keçən Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan hərtərəfli islahatlar ölkə həyatının bütün sahələrini, o cümlədən ədliyyə sistemini əhatə etmişdir.

2006-cı ildə nazirliyin yeni Əsasnaməsi qəbul olunaraq, ona hüquq-mühafizə orqanı statusu verilmiş, ədliyyə orqanlarının inkişafına, məhkəmə sisteminin müasirləşdirilməsinə dair fərmanlar, ayrıca Dövlət proqramları qəbul olunaraq mütərəqqi islahatlar aparılmışdır.

Nazirlikdə yeni qurumların - Ədliyyə Akademiyası, insan hüquqları, regional ədliyyə idarələri, probasiya xidməti, müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsinin tarixində mühüm yer tutur.

Həmçinin ədliyyə sahəsində xidmətlərin, strateji planlaşdırmanın, kommunikasiyanın, rəqəmsal innovasiyaların tətbiqi işinin müasir çağırışlara uyğun təşkili məqsədilə dövlət başçısı tərəfindən nazirliyin yeni strukturu təsdiq edilmişdir.

Bu gün geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyi çoxşaxəli fəaliyyət istiqamətləri üzrə mühüm funksiyaları yerinə yetirir. Cənab Prezidentin rəhbərliyi ilə ötən dövrdə həyata keçirilən hərtərəfli islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafını, əhalinin sosial rifahını, ictimai həyatın müxtəlif sahələrini əhatə edən mühüm qanunlar qəbul edilmişdir. Qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən son 20 ildə 17.000-dən çox qanun layihələri hazırlanmış, 54 minə yaxın normativ-hüquqi akt layihələri ekspertizadan keçirilmişdir. Qanunvericilik fəaliyyətinin dinamik inkişafı nəzərə alınaraq əhalinin hüquqi biliklərinin artırılması üzrə tədbirlər görülmüş, 2006-cı ildən milli qanunvericiliyin e-qanun.az elektron resursu istifadəyə verilərək vətəndaşlara yeni qəbul olunan hüquqi aktlarla birbaşa, sərbəst və təmənnasız tanış olmaq imkanı yaradılmışdır. Cari ildə həmin resursun Naxçıvan Muxtar Respublikası hüquqi aktlarının yeni elektron bölməsi istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin çoxəsrlik dövlətçilik tariximizin bənzəri olmayan fəaliyyətinin 20 illik dövrü Azərbaycanın tərəqqi, yüksəliş, zəfər salnaməsidir. Bu illərdə ölkəmizin sabit və təhlükəsiz inkişafı, dünyanın ən islahatçı dövlətinə, enerji təhlükəsizliyinin etibarlı tərəfdaşına çevrilməsi, kosmik kluba daxil olması, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi, humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla evsahibliyi etməsi ölkə Prezidentinin yorulmaz fəaliyyətinin əyani təcəssümüdür. Eyni zamanda respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlətimizin başçısına güclü dayaq və dəstək olaraq ölkəmizin hərtərəfli tərəqqisinə mühüm töhfələr verir.

Həmçinin e-qanun.az saytının mobil versiyasının tətbiqi insanların rahatlığına və əlçatanlığına xidmət etməklə normativ-hüquqi aktlara çıxışı xeyli asanlaşdırmışdır. Daim yenilənən qanunvericilik bazasına ötən dövrdə 53 minə yaxın sənəd daxil edilmiş və ondan bəhrələnənlərin sayı ilbəil artaraq cari ildə 4 milyonu ötmüşdür.

Açıq hökumət prinsiplərinin geniş tətbiqi, nazirliyin internet saytlarının və sosial media səhifələrinin interaktiv rejimdə fəaliyyəti, əhaliyə göstərilən elektron və mobil xidmətlər ədliyyə fəaliyyətində şəffaflığa, ictimaiyyətlə kommunikasiyanın həyata keçirilməsinə yönələn mühüm tədbirlərdəndir. Eyni zamanda, ədliyyə fəaliyyətində ictimai iştirakçılığa daim xüsusi önəm verilərək İctimai Şura ilə sıx əməkdaşlıq edilir, vətəndaş cəmiyyəti institutları ədliyyənin müxtəlif sahələri üzrə fəaliyyətə geniş cəlb olunurlar.

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə Prezidentinin insanlara şəffaf və əlçatan xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətinin ənənəvi sahələrindən olan və əhalinin daha çox təmasda olduğu notariat xidməti xeyli təkmilləşmiş, xüsusi notariata keçmişdir.

Bu gün Azərbaycan notariatı innovativ həllər əsasında vətəndaşlara çevik və asan, məsafədən ədliyyə xidmətlərini təqdim edir, dövlət başçısının təşəbbüsü ilə yaradılaraq Azərbaycanın "ixrac edilən" brendinə çevrilmiş "ASAN xidmət" çərçivəsində səmərəli fəaliyyəti ilə ümumi işə öz töhfələrini verir. Vətəndaşların mülki hüquq münasibətləri ilə bağlı notariat ofislərində rəsmiləşdirilən əməliyyatların ümumi sayı 2003-cü illə müqayisədə dəfələrlə artaraq 4 milyonu ötmüşdür.

Eyni zamanda ölkəmiz "Elektron notariat" informasiya sistemini tətbiq edən ilk dövlətlərdəndir. Artıq 700 mindən çox istifadəçisi olan nazirliyin "Mobil notariat" innovativ brendi insanlara yüksək keyfiyyətli xidmətləri ilə tanınır.

Nazirliyin növbəti innovativ məhsulu olan "ƏN TEZ" (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidmət platforması isə vətəndaşlara müxtəlif ədliyyə xidmətlərinin eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edir. Bu yeni platforma ilk olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzlərində əhalinin daha həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə istifadəyə verilmişdir. "ƏN TEZ"in tətbiqi genişləndirilərək artıq Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyətə başlamış, bu ərəfədə isə sınaq rejimində "ASAN xidmət" mərkəzində tətbiq edilir. Bu sahədə yeniliklər beynəlxalq aləmdə böyük maraq doğurur və müxtəlif ölkələr müsbət təcrübəmizi öyrənərək ondan bəhrələnirlər. Eyni zamanda ötən ay Türkiyədə iştirakımızla keçirilən tədbirdə yeni yaradılmış Türk Dünyası Notariuslar Birliyinə daxil olan dövlətlərlə səmərəli təcrübə mübadiləsi aparılır. Həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər, ölkəmizin səmərəli əməkdaşlıq etdiyi dünyanın 90-dan çox dövlətinin notariuslarını birləşdirən Beynəlxalq Notariat İttifaqına üzvlüyünü şərtləndirmişdir.

Vətəndaşların rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq Azərbaycan əhalisinin sayı 10 milyonu ötmüşdür. Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işi təkmilləşdirilmiş, müasir informasiya sistemləri qurularaq ölkə əhalisinə dair məlumatlar aparılan nəhəng iş sayəsində tam elektronlaşdırılmışdır. İnsanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun qeydiyyatı proseduru sadələşdirilmiş, müxtəlif elektron xidmətlər, o cümlədən "Mobil əhali" tətbiqi vətəndaşlıq vəziyyəti aktlarının (doğumun, ölümün, müxtəlif arayışların) qeydiyyatı ilə bağlı növbəti innovativ xidmət imkanı yaratmışdır.

Ədliyyə Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərdiyi və sonralar nikah mərasimlərinin keçirildiyi əsas məkan kimi tanınan, ötən dövrdə əsaslı təmirdən sonra dövlət başçısının açılışını etdiyi Səadət Sarayı adlanan tarixi binada təntənəli mərasimlərin keçirilməsi üçün hər cür imkan yaradılmışdır. Bu gün də ədliyyə infrastrukturunun müasirləşdirilməsinə xüsusi diqqət yetirilir.

Mülki və iqtisadi münasibətlərin sürətlə inkişafı, məhkəmələrdə baxılan işlərin ötən dövrdə dəfələrlə çoxalması nazirliyin icra xidmətində də iş həcminin ilbəil kəskin artmasına səbəb olmuş, icra sənədlərinin sayı 2003-cü illə müqayisədə 20 dəfəyədək artaraq 1.000.000-u ötmüşdür.

Bununla əlaqədar nazirlik tərəfindən təsirli icra mexanizmləri yaradılmış, icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyət sərtləşdirilmişdir. "Elektron icra" informasiya sisteminin yaradılması ilə bağlı və digər görülən tədbirlər məhkəmə qərarlarının icrası işinin səmərəli təşkilinə xidmət edir.

Dövlət başçısının tapşırıqlarına əsasən bu sahədə işin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, o cümlədən alternativ mexanizmlərin, icra işinin, həmçinin özəl qurumlara həvalə olunması institutunun tətbiqi ilə bağlı ardıcıl tədbirlər görülür. Qabaqcıl beynəlxalq təcrübələr öyrənilərək müvafiq qanunvericilik paketi hazırlanmışdır.

2000-ci ildən fəaliyyət göstərən və səlahiyyətləri genişləndirilmiş İstintaq idarəsi tərəfindən ədalət mühakiməsi əleyhinə, habelə penitensiar müəssisələrdə qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi, uşaqların hüquqlarına birbaşa toxunduğundan məsuliyyəti sərtləşdirilən alimentin ödənilməsindən yayınmaqla bağlı və digər cinayət işlərinin istintaqı aparılır.

Ötən 20 ildə cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin humanizm siyasətini uğurla davam və inkişaf etdirərək ölkədə qanunun aliliyinə, insan hüquqlarının qorunmasına, ali humanist dəyərlərə üstünlük verdiyini nümayiş etdirmişdir. Bu dövrdə imzalanan əfv fərmanı və sərəncamları, dövlət başçısının və Birinci vitse-prezidentin təşəbbüsü ilə qəbul olunan amnistiya aktları ilə on minlərlə məhkum bağışlanaraq azadlığa, ailələrinə və yaxınlarına qovuşmuşlar. Cənab Prezident Ümummilli Liderin 100 illiyi münasibətilə imzaladığı müstəqillik dövrümüzün ən böyük əfv aktı ilə 801 məhkumu əfv etmişdir. Eyni zamanda 2007-ci ildə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" ayrıca Qanunun qəbulu məhkumların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışına xidmət etmişdir. Bundan əlavə, dövlət başçısının təşəbbüsü ilə iqtisadi cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi, bir çox əməllərin dekriminallaşdırılması ilə bağlı qanunvericiliyə əsaslı dəyişikliklər edilərək cəza siyasəti xeyli humanistləşdirilmiş, azadlığın məhdudlaşdırılması ilə bağlı yeni cəza növü təsbit edilmiş, probasiya institutu təsis olunmuşdur. Görülən tədbirlər məhkumların azadlıqdan məhrum edilmədən islahına xidmət etmişdir. Bu məqsədlə nazirlikdə 2017-ci ildə Probasiya Xidməti yaradılmışdır. Azadlıqdan məhrumetməyə alternativ cəzaların effektiv icrası daim diqqətdə saxlanılır, o cümlədən müasir Elektron monitorinq mərkəzi istifadəyə verilərək məhkumların üzərində fasiləsiz probasiya nəzarəti həyata keçirilir. Hazırda 5.000-dən çox belə şəxs elektron qolbaq daşıyır.

Eyni zamanda dövlət başçısının tapşırıqlarına uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülmüş, paytaxtda və bölgələrdə müasir penitensiar komplekslər tikilərək istifadəyə verilmişdir. Cənab Prezident insan haqlarının, o cümlədən məhkumların hüquqlarının etibarlı təmin olunmasına xüsusi önəm verərək Bakıda inşa olunmuş istintaq təcridxanasına və cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadınlar üçün müasir penitensiar müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olmuşdur.

Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün özünün ən parlaq dövrünü yaşayır. 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə özü qədər inandığını söyləyən dahi lider Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları dövlətimizin başçısı uğurla həyata keçirərək Ulu Öndərin ona olan inamını Vətəninə, xalqına xidmətləri ilə doğrultdu. Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətini qüdrətli, 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib ölkəyə çevirərək ata vəsiyyətini şərəfli yerinə yetirdi.

Paytaxtın Umbakı qəsəbəsində yenicə istifadəyə verilmiş qarışıq rejimli müasir penitensiar kompleks bu sahədə aparılan islahatlara töhfə olmaqla məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etmişdir. Cəmiyyətin marağı nəzərə alınaraq nazirlik tərəfindən yeni kompleks geniş ictimaiyyətə təqdim olunmuş, mediatur təşkil edilərək mətbuatda geniş işıqlandırılmışdır. Bu sahədə tədbirlər davam etdirilərək belə müasir penitensiar komplekslər Gəncə şəhərində də inşa olunur. Lənkəranda isə artıq tikinti işləri başa çatmaqdadır və tezliklə istifadəyə veriləcəkdir.

Eyni zamanda məhkumların və təqsirləndirilən şəxslərin sağlamlığının qorunmasına və tibbi təminatına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu sahədə vərəmlə mübarizədə dünyada örnək olan müsbət təcrübəmiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə digər dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkəmizə səfərlər edilərək öyrənilir. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.

Elmi-texniki tərəqqi nəticəsində məhkəmə ekspertizası fəaliyyəti təkmilləşdirilmiş, ekspertiza növləri genişləndirilmiş, müasir kriminalistik avadanlıqla təchiz olunmaqla yeni elmi-tədqiqat laboratoriyaları təşkil edilmişdir. Rəqəmsal texnologiyaların tətbiqi tədqiqatların operativ, dolğun və dəqiq aparılmasını və rəylərin mötəbərliliyini təmin etməklə ədalət mühakiməsinə və cinayətkarlıqla mübarizə işinə dəyərli töhfələr verir.

Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hər il məhkəmə və istintaq orqanlarından daxil olan 30-40 min sənədə baxılaraq, 40-dan çox ixtisas üzrə yüz minlərlə suala cavab verilir, qaldırılan məsələlərin həlli 100 faizə yaxındır.

2011-ci ildən Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin üzvü olan Azərbaycanın Məhkəmə Ekspertizası Mərkəzi ekspert rəylərinin beynəlxalq miqyasda tanınması məqsədilə akkreditasiyaya daim xüsusi önəm verir və bir sıra ekspertiza növləri beynəlxalq standartlara uyğunluq sertifikatına layiq görülmüşdür.

Cənab Prezidentin tapşırığı ilə ekspertiza fəaliyyətinin alternativ mexanizmlərinin yaradılması, özəl ekspertiza institutunun təşviqi, həmçinin Mərkəzin infrastrukturunun yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür, müasir innovasiyalar tətbiq olunmaqla ekspertizaların təyin olunması barədə qərar və ya qərardadların hərəkət dövriyyəsini izləməyə imkan verən "Elektron ekspertiza" yeni elektron xidməti yaradılaraq hüquq ictimaiyyəti üçün təqdimatı hazırlanmışdır.

Ölkəmizdə aparılan mütərəqqi islahatlar çərçivəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyəti təkmilləşdirilərək yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı səlahiyyətləri daim genişləndirilir. Nazirlik tərəfindən bələdiyyələrə mütəmadi metodiki köməklik göstərilir, səmərəli inzibati nəzarət həyata keçirilir və bununla bağlı hər il Milli Məclisdə illik məruzələr dinlənilir. İnnovativ metodlar əsasında "Bələdiyyələrlə iş portalı"nın tətbiqi bu sahədə işin səmərəli təşkilinə xidmət etmişdir.

Ötən 20 ildə inzibati nəzarət qaydasında bir milyona yaxın bələdiyyə aktı yoxlanılmış, qanunsuz qərarların ləğvinə nail olunmuş, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış on minlərlə torpaq sahəsi geri qaytarılmışdır. Bələdiyyələr, onların milli assosiasiyaları, həmçinin yerli demokratiya sahəsində digər dövlətlərin bələdiyyə qurumları, beynəlxalq təşkilatlarla, o cümlədən Avropada yerli özünüidarə orqanlarına məsul olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlıq edirlər.

Konqresin bu yaxınlarda qəbul etdiyi bəyannamədə ölkəmizin əleyhinə Qarabağ bölgəsi ilə bağlı əsassız ittihamları dərin təəssüf doğurmuş, qurumun yeni rəhbərliyinə tərəfimizdən müraciət ünvanlanaraq bununla bağlı kəskin etiraz ifadə olunmuşdur. Konqresin əsl həqiqətləri təhrif etməsinin ona olan etibara xələl gətirməklə regionda davam edən sülh səylərinə ziyan vurduğu qeyd edilərək, yeni sədrin bu nüfuzlu qurumun gələcəkdə siyasi məqsədlər üçün istifadə olunmasına imkan verməyəcəyinə ümidvarlıq bildirilmişdir.

Azərbaycan ədliyyəsinin müasir tarixində baş vermiş mühüm hadisələrdən biri də respublikamızda ilk dəfə olaraq Ədliyyə Nazirliyinin regional idarələrinin yaradılmasıdır. Ötən dövrdə dövlət başçısının ədliyyə orqanlarının inkişafına dair müvafiq Fərmanı ilə həmin qurumların statusu yüksəldilmişdir. Regional prinsipilə fəaliyyət göstərən həmin idarələr yurisdiksiyasına daxil olan ərazilər üzrə ədliyyə orqanlarının işini əlaqələndirir, insanlara yerlərdə müxtəlif hüquqi xidmətlər göstərir. Xüsusi qeyd olunmalıdır ki, Vətən müharibəsində böyük qələbəmizdən dərhal sonra Qarabağ regional ədliyyə idarəsi yaradılaraq azad edilmiş ərazilərimizdə ədliyyə fəaliyyətinin təşkili və əlaqələndirilməsi işi onun yurisdiksiyasına aid edilmişdir.

Ədliyyənin davamlı inkişafı üzrə aparılan genişmiqyaslı islahatlar mütərəqqi kadr siyasətinin həyata keçirilməsi ilə müşayiət olunur. Dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarında kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilir. Hazırda ədliyyə sistemində çalışan işçilərin hər iki nəfərdən biri gənclərdir, nazirliyin bir çox xidmətlərinin kadr korpusunun 80 faizdən çoxu isə qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləridir. Eyni zamanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı şəffaf seçim prosesi fasiləsiz olmaqla davamlı müsabiqələr aparılır. Yeri gəlmişkən, cari ildə keçirilmiş növbəti müsabiqəyə yekun vurulmaqdadır və uğur qazananlar Ədliyyə Akademiyasında icbari təlimə buraxılacaqlar.

Bundan əlavə, ölkəmizin və xarici dövlətlərin ali təhsil müəssisələri ilə sıx əlaqələr qurularaq nazirliyin penitensiar və tibb xidmətləri üçün gənc kadrlar hazırlanır. Ədliyyə sahəsində könüllülük institutu geniş təşviq olunaraq hər il yüzlərlə gənc ədliyyə sistemində könüllü fəaliyyətə cəlb edilir, müvafiq təcrübə keçərək onların bir çoxu daimi işlə təmin olunurlar. Nazirliyin tədris-elm müəssisəsi olan Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq edilir, ədliyyə işçilərinin və digər hüquqşünasların peşə hazırlığı, icbari təlim və uzunmüddətli tədris kursları keçirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli uğurlu islahatlar, həmçinin beynəlxalq hüquqi əlaqələrin genişlənməsinə öz töhfəsini verir, digər dövlətlərlə bu sahədə səmərəli əməkdaşlıqda ölkəmizin nailiyyətlərinə, müsbət təcrübələrimizə böyük maraq göstərilir. Ədliyyə Nazirliyi mərkəzi və əlaqələndirici orqan qismində ikitərəfli və çoxtərəfli müqavilələrin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 34 ölkənin ədliyyə nazirlikləri ilə bağlanmış sazişlər çərçivəsində əməkdaşlıq edir. Həmçinin nazirlik tərəfindən bir çox beynəlxalq qurumlarla sıx əməkdaşlıq edilərək ölkəmiz mötəbər təşkilatların rəhbərliyində fəal təmsil olunur. Təkcə ötən bir il beynəlxalq əməkdaşlıq baxımından zəngin və məhsuldar olmuş, hüquqi sahədə əlaqələrimizin genişlənməsinə əlavə töhfə vermişdir. Belə ki, bir sıra dövlətlərin rəsmi şəxsləri, o cümlədən Gürcüstanın Baş naziri, Çinin Honq-Konq inzibati regionunun rəhbəri, Türkiyə, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Mərakeş, Honq-Konqun ədliyyə nazirləri ilə ikitərəfli görüşlər keçirilərək hüquqi əlaqələrin inkişafı üzrə məhsuldar danışıqlar aparılmış, Özbəkistan Ədliyyə Nazirliyi ilə yeni Əməkdaşlıq Proqramı imzalanmışdır.

Xorvatiyanın ədliyyə naziri, digər dövlətlərin yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana səfərlər edərək ədliyyə və məhkəmə sahəsində islahatlarımızla tanış olmuş, təcrübə mübadiləsi aparmışlar. Həmçinin tərəfimizdən bir çox mötəbər beynəlxalq tədbirlərdə, o cümlədən Tbilisidə keçirilmiş Azərbaycan-Gürcüstan Birgə Hüquq Forumunda və penitensiar sahədə əməkdaşlığa dair yüksək səviyyəli konfransda, III Daşkənd Hüquq Baharı Beynəlxalq Forumunda, dünyanın 160 qurumunu birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti, Şərqi Avropa regionu üzrə koordinatoru qismində IAACA-nın tədbirlərində iştirak və çıxış edilmiş, ölkəmizin təşəbbüsü ilə IAACA tərəfindən "Sərhədsiz korrupsiya: onunla mübarizədə əməkdaşlıq" mövzusunda beynəlxalq vebinar təşkil olunmuşdur.

Türk dövlətləri ilə əlaqələr genişlənərək Ədliyyə Akademiyalarının Türk şəbəkəsinin, Türk Dünyasının Notariuslar Birliyinin təsis edilməsi aidiyyəti qurumlar arasında işbirliyinin inkişafına, təcrübələrin bölüşülməsinə geniş imkan yaratmışdır. Ölkəmiz "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasının İkinci Əlavə Protokoluna qoşularaq həmin sənəd ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən dövlətimiz adından Strasburqda Avropa Şurası Baş katibinin müavininin iştirakı ilə imzalanmış, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə ikitərəfli görüşlər keçirilərək ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları ilə bağlı faydalı müzakirələr aparılmışdır.

Bu günlərdə isə Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin (PC-OC) növbəti iclasında qurumun rəhbərliyinə gərgin rəqabət şəraitində üzv dövlətlərdən namizədlər sırasında səsvermə yolu ilə keçirilən seçkilərdə Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov Komitənin işində fəal təmsilçiliyi və verdiyi töhfələr nəzərə alınaraq PC-OC-un sədri seçilmişdir. Ümumiyyətlə, ötən dövrdə ölkəmizin mühüm beynəlxalq qurumların, o cümlədən Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ), İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) rəhbərləri kimi təmsil olunması dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun əyani təzahürüdür.

Qeyd olunmalıdır ki, keçirilən beynəlxalq tədbirlərdə və görüşlərdə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük qələbəmiz, azad edilmiş ərazilərimizin sürətli bərpası, bu prosesə ciddi əngəl törədən və çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru və buna qarşı həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə bağlı əsl həqiqətlər həmsöhbətlərin diqqətinə çatdırılmış, xüsusi broşürlər təqdim edilmişdir.

Müstəqil məhkəmə hakimiyyətinin təminatçısı, Prezident cənab İlham Əliyev ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinin əsas prioritet olduğunu bəyan edərək ötən 20 ildə məhkəmə islahatlarına dair qəbul etdiyi mühüm fərman və sərəncamları ilə bu sahənin inkişafının "yol xəritəsi"ni müəyyən etmişdir.

Bu gün Azərbaycanın məhkəmə-hüquq sistemi ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq müasir inkişaf dövrünü yaşayır. Məhkəmə fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə təsisatlarının yaradılması, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə regional apellyasiya və ixtisaslaşdırılmış, o cümlədən ağır cinayətlər, kommersiya məhkəmələrinin, inzibati ədliyyə institutunun təsis edilməsi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə müasir məhkəmə bina və komplekslərinin inşa olunaraq istifadəyə verilməsi, məhkəmələrin şəffaf və innovativ metodlar geniş tətbiq olunmaqla yüksək texnoloji hi-tech məhkəmələrə çevrilməsi, məhkəməyə müraciət edilməsi anından qərarın icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sisteminin yaradılaraq ölkə üzrə tam tətbiqinin təmin edilməsi dövlət başçısının rəhbərliyi ilə uğurla aparılan məhkəmə-hüquq islahatlarının real nəticələridir.

Təsadüfi deyil ki, bu sahədə ölkəmizin nailiyyətləri beynəlxalq aləmdə böyük maraq doğuraraq yüksək qiymətləndirilir və Azərbaycanın məhkəmə-hüquq sistemində uğurlu yol keçdiyi vurğulanır, digər dövlətlərə örnək göstərilir. Sözsüz ki, bütün bunlar ölkə başçısının qəti siyasi iradəsinə, onun islahatçılığına əsaslanır. Prezident İlham Əliyevin adı dünyanın ən islahatçı liderləri sırasında çəkilir. Cənab Prezidentin fəaliyyətinin iyirmi illiyi göstərir ki, xalqımızın taleyi etibarlı əldədir və sabaha, gələcəyə olan inamı yüksəkdir. Respublikamızın hərtərəfli tərəqqisi, ölkə həyatının bütün sahələrində qazanılan möhtəşəm nailiyyətlər, tarixi qələbələr hər bir azərbaycanlıda yüksək iftixar hissi doğurur. Zəfər ayında peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri də dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindədirlər.

Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevə əbədi ehtiramlarını bildirirlər. Xüsusilə əlamətdar olan cari ildə Ulu Öndərin 100 illiyini il boyunca qeyd edirik. Ədliyyə Nazirliyi tərəfindən dahi şəxsiyyətin zəngin və çoxşaxəli irsinə həsr olunan silsilə tədbirlər keçirilir. Eyni zamanda, Ümummilli Liderin yubileyi münasibətilə "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" xüsusi kitab hazırlanmışdır.

Bu günlər bütün ədliyyə sistemində bayram ab-havası yaşanır, Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yola nəzər salınaraq mediada çıxışlar edilir, silsilə bayram tədbirləri, o cümlədən ədliyyə veteranları və gənclərlə görüşlər keçirilir. Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının əziz xatirəsi yad edilir, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə baş çəkilərək diqqət və qayğı göstərilir, Qarabağ Dirçəliş Fonduna ədliyyə işçiləri və hakimlər tərəfindən könüllü ianələr edilir. Yeni tikilən infrastruktur obyektləri istifadəyə verilir, ədliyyə orqanlarında qanvermə və ağacəkmə aksiyaları, intellektual və idman yarışları keçirilir, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanmışdır.

Möhtərəm Prezidentimizin Azərbaycan ədliyyəsinə diqqət və qayğısının növbəti əyani təzahürü olaraq bu ərəfədə bir qrup ədliyyə işçilərini ali xüsusi rütbələrə və dövlət təltiflərinə layiq bilməsi hamımızda sonsuz minnətdarlıq hissləri doğurmaqla üzərimizə əlavə məsuliyyət qoyur.

Fürsətdən istifadə edib bütün ədliyyə işçilərini 22 noyabr - peşə bayramı günü və Azərbaycan ədliyyəsinin 105-ci ildönümü münasibətilə təbrik edir, mühüm və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.

Fikrət MƏMMƏDOV,

Azərbaycan Respublikasının ədliyyə naziri, I dərəcəli

dövlət ədliyyə müşaviri.