PROBLEMLƏR HƏLLİNİ TAPIR
Region

PROBLEMLƏR HƏLLİNİ TAPIR

Dünyanın müxtəlif bölgələrində siyasi və hərbi böhranın yaşandığı, qanlı toqquşmaların və müharibələrin alovlandığı, Avropadakı miqrant böhranının sivilizasiyalararası münasibətlərə böyük zərbə vurduğu bir dövrdə Azərbaycanda təhlükəsizlik tədbirləri davam etdirilir, sülh, əmin-amanlıq hökm sürür. Sosial-iqtisadi islahatların ardıcıl və qətiyyətlə davam etdirilməsi nəticəsində dayanıqlı iqtisadiyyata malik bir ölkə olaraq vətəndaşların rifah halı qat-qat yüksəlmişdir. Müstəqillik, sabitlik və inkişaf yolu ilə irəliləyən ölkəmizdə insanlar təhlükəsiz və rahat yaşayır, hər bir bölgədə yüksək quruculuq işləri aparılır.

Qabaqcıl aqrar rayonlardan, dilbər guşələrdən sayılan Göygöl rayonunda da aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri onu gözoxşayan şəhərlərdən birinə çevirib. Rayonun yol infrastrukturu, kommunikasiya xətləri yenidən qurulub, kommunal problemlər uğurlu həllini tapıb. Eyni zamanda, Göygöl rayonu turizmin inkişafı baxımından da ölkənin ən böyük potensiala malik bölgələrindən biri kimi tanınmaqdadır. Yaz aylarından bu dilbər guşənin qonaqlı-qaralı günləri başlayır. Qış aylarında dincəlməyə gələnləri çox olur. Vaxtilə dünyaya səs salan, çoxsaylı beynəlxalq sərgilərin qızıl medalını və əsas mükafatını qazanan Göygöl şərablarının əvvəlki şöhrətini qaytarmaq məqsədilə Göygöl şərab zavodu tam yeni texnologiya əsasında yenidən qurularaq işə salınıb. Bu gün keyfiyyətinə görə öz sözünü deməkdədir. Eyni zamanda, rayon ərazisində kükürd kolçedanı, az miqdarda uran, səpinti halında qızıl, mərmər, əhəng daşı və.s təbii ehtiyatlar və həmçinin müalicə əhəmiyyətli mineral sular mövcuddur. 

Rayonun əsas təsərrüfat fəaliyyətini taxılçılıq, kartofçuluq, maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və üzümçülük təşkil edir. Son vaxtlar aqrar sahədə aparılan geniş, məqsədyönlü islahatlar rayonun kənd təsərrüfatının inkişafına münbit şərait yaratmışdır. Bu isə həm vətəndaşların işlə təmin olunmasını, eyni zamanda təsərrüfatdan səmərəli istifadə etməklə maddi vəziyyətin daha da yüksəlməsini təmin edib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayon sakinləri ilə keçirdiyi görüşlər, səyyar qəbullar vətəndaşları razı salır.

Rayonun Üçtəpə, Topalhəsənli, Zurnabad kənd və Aşağı Zurnabad qəsəbə, Pənahlılar və Dozular kənd sakinləri ilə keçirilmiş səyyar qəbul zamanı qaldırılan problemlər nəzarətə götürülmüş, qısa müddət ərzində öz həllini tapmışdır. Belə ki, rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən, Pənahlılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və kənd bələdiyyəsinin daxili imkanları hesabına Çaylı-Pənahlılar avtomobil yolunda sel sularının törətdiyi fəsadlar aradan qaldırılmış və avtomobillərin sərbəst hərəkəti təmin olunmuşdur. Dozular kəndində istifadə olunan su kanalında təmir-bərpa işləri görülərək, su borularında olan nasazlıqlar aradan qaldırılmış və kənd əhalisinin suya olan ehtiyacı tam ödənilmişdir. Topalhəsənli kənd ərazisində sel sularının vurduğu ziyan nəticəsində yollarda yaranmış qabarmalar və çuxurlar avtomobillərin sərbəst hərəkətinə çətinliklər yaradırdı. İcra hakimiyyəti başçısının və Topalhəsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dəstəyi ilə Göygöl Rayon Yol İstismar İdarəsinin texnikası və bələdiyyənin daxili imkanları hesabına 1 kilometr kənddaxili və 3 kilometr kənd qəbiristanlığına gedən yollar təmir olunmuş, yola qum-çınqıl örtüyü tökülmüşdür. Bu istiqamətdə işlər davam etdirilir.

Vətəndaşların və avtomobillərin gecə saatlarında hərəkətinin təhlükəsizliyinin, rahatlığının təmin edilməsi məqsədilə Göygöl Rayon İcra Hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Göygöl rayon ərazisindən keçən Gəncə-Kəlbəcər-Laçın magistral avtomobil yolunun rayonun Aşıqlı kəndi ərazisindən keçən hissəsində yol kənarında quraşdırılmış işıq dayaqları gecə işıqlandırılması ilə təmin edilmişdir. Tam əminliklə demək olar ki, göygöllülər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıq və göstərişləri bundan sonra daha məsuliyyətlə yerinə yetirməklə dövlətimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsinə öz töhfələrini verəcəklər.

Zabit XƏLİLOV,

"Respublika".