Qafanlılar ata-baba yurdlarının həsrətini çəkirlər
Digər xəbərlər

Qafanlılar ata-baba yurdlarının həsrətini çəkirlər

"Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Erməni şovinistləri zaman-zaman havadarlarının köməyi ilə xalqımıza qarşı deportasiya və soyqırımı hadisələri törətmişlər.

Hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində olan Rusiya ermənilərin başlıca olaraq Azərbaycanın İrəvan xanlığı ərazisinə və digər münbit torpaqlara köçürülməsinə üstünlük verirdi. Vurğulamaq lazımdır ki, erməni vandalları zaman-zaman Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunda da azərbaycanlılara qarşı analoqu olmayan vəhşiliklər törətmişlər.

Mən əslən Qafan rayonunun Acıbas kəndindənəm. Yaşlı nəslin nümayəndələrindən Qafan rayonu haqqında zəngin məlumatlar toplamışam. Yaxşı bilirəm ki, bu yerlərdə ermənilər xalqımıza qarşı qırğınlar törətmiş, öz mənfur niyyətlərini reallaşdırmışlar. Qafan rayonu Ermənistan Respublikasının şimal-şərqində yerləşir. Rayonun ərazisindəki Qaf (Qap) dağı əslində elə Qapıcıq dağıdır ki, bu da "qapıcıq", yəni "kiçik qapı" deməkdir. Həqiqətən də keçmişdə Şərq ölkələrindən gələn tacirlər və səyyahlar Ordubaddan Qafan, Qarakilsə (Sisyan), Zəngilan və başqa bölgələrə getmək üçün məhz Qapıcıq dağının "Gəmi qaya" deyilən ətəyindən keçməli olurdular.

Rayonun ərazisi 1805-ci ildən Rusiyanın tərkibinə birləşdirildikdən sonra müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi vahidlərinə daxil edilmişdir. 1861-ci ildən 1920-ci ilə kimi Yelizavetpol quberniyasının (Gəncə) və sonralar Zəngəzur qəzasının tərkibində olmuşdur. 1918-1920-ci illərdə daşnaklar Zəngəzur qəzasını Ermənistan Respublikasına birləşdirmək üçün yaratdıqları silahlı dəstələrlə ərazidə türklərə qarşı soyqırımı həyata keçirmiş, qanlı faciələr törətmişlər. Bu zaman yüzlərlə kənd dağıdılmış və minlərlə soydaşımız həlak olmuşdur. Sağ qalanlar isə müxtəlif bölgələrə qaçmağa məcbur olmuşlar. Soyqırımı nəticəsində Zəngəzurun bir parçası olan Qafanın indiki ərazisinə daxil olan kəndlər dağıdılmış, əhali qırğınlara məruz qalmışdır.

1920-ci il aprelin 28-də Azərbaycanda, noyabrın 29-da isə Ermənistanda sovet hakimiyyəti üsuli-idarəsi quruldu. Yeni qurulmuş Sovet Ermənistanının ərazisinin az olması bəhanəsi ilə Moskvanın yeni bolşevik liderləri və RK (b) P-nın Qafqaz bürosu bütün vasitələrdən istifadə edərək Azərbaycanın ərazisi hesab edilən Zəngəzur qəzasının bir hissəsinin 1920-ci ilin sonunda Ermənistan SSR-ə verilməsinə nail oldular. Elə o vaxtdan da Zəngəzurun Ermənistan SSR-ə düşən hissəsində 1930-cu ildə Sisyan, Qafan, Gorus və Meğri rayonları, Azərbaycan SSR-ə düşən hissəsində isə Qubadlı və Laçın rayonları yaradıldı.

Qafan rayonu hələ Zəngəzur qəzası dövründə müxtəlif mahallara, yarım rayonlara bölünmüş, rayonun indiki ərazisində həmişə türk əhalisi üstünlük təşkil etmişdir. XX əsrin 30-cu illərində Qafan rayonunun azərbaycanlı kəndlərində kolxoz qurulmuş, ibtidai, yeddillik və orta məktəblər, kitabxanalar, səhiyyə müəssisələri fəaliyyət göstərmişdir.

30-cu illərdə repressiya zamanı maskalanaraq müxtəlif məsul vəzifələr tutan erməni daşnaklar azərbaycanlılara qarşı mübarizələrini davam etdirmiş, minlərlə zəngəzurlunun güllələnməsini və Sibirə, Orta Asiyaya gedər-gəlməzə göndərilməsini təşkil etmişlər. Repressiyadan xilas ola bilən qafanlılar bir müddət dağlarda yaşamış və sonra Türkiyəyə və İrana keçmişlər.

1948-1953-cü illərdə Qərbi azərbaycanlılar İ.Stalin, Molotov, A.Mikoyan və digər ermənipərəst rəhbərlərin xəyanəti ucbatından deportasiyaya məruz qalmışlar. Köçürülmə qafanlılardan da yan keçməmiş və onlar Azərbaycanın Aran rayonlarında məskunlaşmışlar.

Erməni vandalları 1988-ci ildə daha da azğınlaşdılar. Onlar uydurma Qarabağ məsələsini ortaya ataraq bütün Qərbi azərbaycanlılar kimi, qafanlıları da Oğuz ellərindən, doğma ata-baba yurdlarından işgəncə ilə qovdular. Belə bir çətin vəziyyətdə Moskvaya, Mixail Qorbaçovun ünvanına qafanlılar tərəfindən saysız teleqramlar göndərildi. Ancaq nə fayda? Erməni təbliğatı hər şeyin qarşısını aldı, Moskvaya göndərilən şikayətlər kağız üzərində qaldı.

Qafan rayonunda yüzlərlə görkəmli elm adamları, ictimai xadimlər yetişmişdir. Onlar elliklə bu gün hayların tapdağında qalan yurd yerlərinə dönmək həsrəti ilə yaşayırlar. Əlbəttə, haqq-ədalət bizim tərəfimizdədir. Əminik ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası reallaşacaq, Zəngəzur mahalı dağ vüqarlı türk oğullarının əbədi məskəninə çevriləcəkdir. O gün uzaqda deyil...

Xanoğlan QƏNBƏROV,

həkim-nevroloq.