Mədəni əlaqələrin güclənməsinə böyük önəm verilir
Siyasət

Mədəni əlaqələrin güclənməsinə böyük önəm verilir

Etnik-mədəni və dini müxtəliflik hər bir xalq üçün gələcəkdə tarixin isbatı, yetişən nəsillər üçün isə xüsusi töhfədir. Ölkəmiz də keçmişdən qoruyub saxladığı mədəni səviyyəsini bu gün müasir dövrə uğurlu formada sintez edərək örnək addımlar atır. 1-3 may tarixləri arasında Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin mədəni dəyərlərin təbliği məsələsinə həssas yanaşdığını bir daha isbatlayır.

"Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda keçiriləcək Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək, dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər, müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslər dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə nail olmaq məqsədilə bir araya gələcəklər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişmələri, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan danışan zaman mütləq "Bakı prosesi"nin önəmi qeyd olunmalıdır. Bəs "Bakı prosesi" dedikdə nə nəzərdə tutulur? "Bakı prosesi"nin əsası 2008-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında qoyulmuşdur. Əsas ideya İslam dünyası ilə Avropa arasında dialoqun təşviqinin ilkin şərtlərinin müəyyən edilməsində Azərbaycan dövlətinin imkanlarından istifadədən ibarət idi. O vaxt Azərbaycanın təşəbbüsü ilə 10 İslam ölkəsi Avropa konfransına dəvət olunmuşdu. Bu ideya özünü tam olaraq doğrultdu və 2009-cu ildə İslam ölkələrinin Nazirlər Konfransında Azərbaycan Avropa dövlətlərini bu konfransa dəvət etdi və nəticə etibarilə "Bakı prosesi" regional bir platformaya çevrildi. Bu, eyni zamanda bir sıra beynəlxalq qurumlar arasında müvafiq müqavilələr imzalanmasını özündə ehtiva etdi.

"Bakı prosesi" bütün mötəbər qurumlar arasında əməkdaşlığın qurulması üçün ilkin şərtləri təmin edə bildi və regional kontekstdən daha qlobal miqyasa keçdi. Bu da cənab Prezident tərəfindən 2010-cu ildə BMT Baş Assambleyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir platforma kimi elan edilməsindən başladı və bu regional təşəbbüs qlobal əhəmiyyət qazandı. Təbii ki, "Bakı prosesi" irəli sürüləndən sonra dünyanın bir sıra beynəlxalq qurumları bu təşəbbüsə qoşulmaq niyyəti ilə çıxış etdilər. Burada UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, ICESCO və Ümumdünya Turizm Təşkilatı ilkin tərəfdaşlar qismində bu prosesə qoşuldu. Beləliklə, 2011-ci ildə Azərbaycan ilk dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi.

Ümumdünya mədəniyyətlərarası dialoqun qurulması zamanla göstərdi ki, sözügedən layihənin reallaşdırılması asandır. Lakin burada önəmli məqam dialoqun nə dərəcədə səmimi qurulması və nə qədər konstruktiv olmasıdır. Hazırkı fəaliyyət istiqaməti bu dialoq üçün metodları, vasitələri, imkanları və şərtləri, daha uyğun mühiti formalaşdırmaq üçün müzakirələrdən və konkret təkliflərin irəli sürülməsindən ibarətdir. Bu gün dünyada etnik-dini, mədəni ziddiyyətlər artmaqda davam edir. Belə ki, bəzi qüvvələrin cəmiyyəti süni şəkildə sivilizasiyalara bölmək təşəbbüsləri var. Təəssüf ki, bu qütbləşmə meyillərinin daha da dərinləşdirilməsi ilə dünyada bir çox hadisələr baş verir - müharibələr, münaqişələr, terror hadisələri, islamofobiya, diskriminasiya. Baş verən gərginliklər fonunda isə ziddiyyətlərin aradan qaldırılması üçün konstruktiv təklifləri, aktor rolu öz üzərinə götürən çox az dövlət var. Bu baxımdan Azərbaycan öz təklifləri ilə bu ziddiyyətlərin aradan qaldırılmasına daha konstruktiv yanaşmanı təqdim edə bildi. Səbəb isə olduqca sadədir. Ölkəmizin mədəni tarixində nifrətə layiq heç bir fakt yoxdur. Çünki Azərbaycanda yaşayan bütün xalqlar, millətlər tarix boyu həmişə mehriban şəkildə yaşayıblar. Belə bir yaşam mühitinin mövcudluğunu dünyaya təqdim etmək lazımdır.

Ümumiyyətlə, belə bir dialoqun reallaşması üçün hər bir ölkənin öz daxilində bu mühitin formalaşması önəmlidir. Əgər xalqın yaşam tərzində dialoq yoxdursa, onun digər ölkələrlə münasibət qurma şansı da yoxdur. Bu mənada Azərbaycan nümunəvi bir ölkədir və bu dəyər dünya ilə bölüşülməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı irəli sürdüyü fikirlər də bu dəyərin bir növ dünya miqyasında ifadəsi idi: "Azərbaycan beynəlxalq terrorizm, radikalizm və ekstremizmlə mübarizədə çox fəal tərəfdaşdır. Bununla yanaşı, biz dünyada İslam sivilizasiyasının dəyərlərini təbliğ edirik. Biz dünyanın müxtəlif yerlərində öz mədəniyyətimizi və digər tərəfdaş müsəlman dövlətlərinin mədəniyyətini əks etdirən çoxsaylı sərgi və təqdimatlar keçiririk".

Bu gün beynəlxalq miqyasda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna sadəcə adi bir forum kimi baxılımır. Bu, davamlı hərəkatdır, müsbət prosesdir. Azərbaycanın apardığı uğurlu siyasət beynəlxalq qurumların, beynəlxalq tərəfdaşlarının daima diqqət mərkəzindədir. Təsadüfi deyil ki, 2017-ci ildə BMT tərəfindən "Bakı Prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin əsas platforması elan edilmişdir. Forum 2011-ci ildən etibarən keçirilir və hər iki ildən bir baş tutur. Əksər hallarda keçirilən hər forum əlamətdar hadisə ilə yadda qalır. Məsələn, 2013-cü ildə dünyada ilk dəfə olaraq mədəniyyət və turizm sahələrinə məsul olan nazirlərin birinci konfransı baş tutmuşdur. 2015-ci ildən etibarən forumda tək mədəniyyət və turizm nazirləri deyil, təhsil nazirləri, xarici işlər nazirləri və müxtəlif sahələr üzrə nazirliklər və dövlət orqanları iştirak üçün Bakıya toplaşdılar. Forumların fərqləndirici xüsusiyyəti hər birinin öz şüarının olmasıdır və bu şüar onun ana xəttini təşkil edir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ölkəmizdə mütəmadi olaraq keçirilən digər tədbirlər Azərbaycanı, onun həqiqətlərini və ölkəmizin layiqli mövqeyini bütün dünyaya çatdırır. Həmçinin Qarabağ həqiqətlərinin dünyaya bəyan edilməsində, Azərbaycan xalqının mədəniyyətinin, onun tarixi keçmişinin, dəyərlərini nümayiş etdirilməsi və bütün bunların fonunda tarixboyu işğalçılıq həyata keçirən, torpaqlarımızı işğal edən Ermənistana qarşı qətiyyətli, prinsipial mövqeyimiz daim beynəlxalq mərkəzlərə çatdırılmalıdır. 2020-ci ildən əvvəl və sonra regionda reallıq tamamilə dəyişib. Azərbaycan Cənubi Qafqazda sabitliyin, sülhün qarantı rolunda çıxışını qətiləşdirib. Digər tərəfdən ölkəmizdə keçirilən tədbirlər xarici diplomatiyamızın uğur əmsalını daha da artırır. Çünki bu tədbirlər çərçivəsində müxtəlif əlaqələndirmə platformaları təmin edilir. Azərbaycan təkcə mədəni deyil, bütün sahələrdə aparıcı rola və etibarlı əməkdaşa çevrilir.

Tacir SADIQOV,

"Respublika".