Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritetdir
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritetdir

Vətən müharibəsindəki parlaq zəfərindən sonra yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın əsas prioriteti işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Bütün azad olunmuş ərazilərimiz dövlətimizin maliyyə imkanları hesabına yenidən qurulur.

İkinci Qarabağ müharibəsindən dərhal sonra erməni vandallarının viranə qoyduqları, xarabalığa çevirdikləri ərazilərimizin bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi dövlətimizin qarşısında duran ən mühüm vəzifəyə çevrildi. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanan ilk gündən bu istiqamətdə aydın planlar, strateji hədəflər müəyyənləşdirildi və quruculuq işləri getdikcə intensivləşdirildi. Dünya artıq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın öz gücü və daxili imkanları hesabına necə böyük layihələri həyata keçirdiyinin şahidi olur.

Torpaqlarımızın 30 illik işğal dönəmində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimiz bərpa olunur, burada yollar çəkilir, beynəlxalq hava limanları tikilir, "ağıllı kənd" layihəsi həyata keçirilir. Azərbaycan öz əbədi və əzəli torpaqlarında dədə-baba yurdlarına qayıdacaq soydaşlarımız üçün dünyanın ən müasir imkanlarını yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurur.

Qeyd edək ki, bu ilin sonuna qədər investisiya proqramına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinə 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulub. Bəli, maliyyə gücü kifayət qədər artan dövlətimiz artıq belə böyük həcmdə xərcləri qarşılamaq imkanlarına sahibdir. Azərbaycan heç bir xarici qüvvələrin köməyi olmadan Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs verir. Yəni dövlətimiz işğaldan azad olunmuş ərazilərimizdə bütün quruculuq işlərini son 30 ildə aparılan iqtisadi islahatlarla əldə etdiyi maliyyə imkanlarına söykənərək özü edir. Xüsusi vurğulamaq lazımdır ki, bu ilin sonuna qədər məcburi köçkünlər Laçın şəhərinin Zabux və Sus kəndlərinə qayıdacaq. Prezident İlham Əliyev bunu 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib:

"Bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır".

Qarabağ və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu potensial həmin rayonları ayrı-ayrı sahələr üzrə iqtisadi cəhətdən ixtisaslaşdıra da bilir. Diqqət edək: Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə potensiala sahibdir. Məsələ odur ki, bu rayonlar inkişaf nəticəsində öz-özünü iqtisadi nöqteyi-nəzərdən təmin edən ərazilərə çevriləcək, zamanla kənar maliyyədən asılılıq azalmış olacaq. Dövlət Proqramında diqqətçəkən maraqlı bir məqam ondan ibarətdir ki, sıfırdan başlayan quruculuq prosesində müasir şəhərsalma tendensiyaları ilə hərəkət ediləcək. Yəni müasir və fərqli şəhərsalma modelləri tətbiq olunacaq. Bir qisim ərazilərdə köhnəliklə müasirlik bir arada olacaq, tarixi memarlıq abidələri qorunacaq, bərpa ediləcək, yeniliklər köhnəliyi sıradan çıxarmayacaq.

Beləliklə, göründüyü kimi, Dövlət Proqramında 2026-cı ilədək görüləcək işlərin miqyası kifayət qədər böyükdür. Ümumilikdə isə görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqramın uğurla icra olunması sayəsində quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.

Nuranə DAXİLQIZI,

"Respublika".